Ərdoğan MİT-də dəyişikliklərin anonsunu verdi
Çavuşoğlu: «Rusiya həmin vaxt Türkiyəyə ən çox dəstək verən ölkələrdən oldu»
Türkiyədə dövlət çevrilişinə cəhddən sonra 13 min 165 nəfər saxlanılıb. Bunlardan 8 min 838 nəfəri əsgər, 2 min 101 nəfəri hakim və prokuror, 1485 nəfəri polis, 52 nəfəri mülki idarə rəisi, 689 nəfəri isə mülki vətəndaşdır.
“Pensilvaniyadakı şəxs bizə meydan oxuyur”
Bu rəqəmləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb: “5 min 863 nəfər, o sıradan 123 general, 282 rütbəli polis işçisi, 1559 hakim və prokuror saxlanılaraq həbs edilib. Hazırda digərlərinin dindirilməsi davam edir. Parlamentin binası ilə tanış olarkən gördüyüm vəziyyət məni çox kədərləndirdi. Bunu edənlər bu xalqın övladları ola bilməz. Onlar yalnız hərbi forma geyinmiş qatı terrorçulardır. Ölkəmizdə bir neçə terror təşkilatının – IŞID-in, PYD-nin, YPG-nin olduğunu bilirdik. Son hadisələri törədənləri idarə edən Pensilvaniyadakı şəxs bizə meydan oxuyur. Onun tərəfdarlarını da tanıyırdıq, lakin onlar başqa cür tanınırdılar. Deyirdilər ki, onlar dini qrupdur, təhsillə məşğul olurlar, silahla əlaqələri yoxdur. Onlar bu xalqın ödədiyi vergilərlə, bu xalqın pulu ilə alınmış silahı, təyyarələri, helikopterləri, tankları, ağır silahları xalqa qarşı istifadə edəcək qədər alçaq, xain və namuszusdurlar”.
Qiyamın ölkəyə vurduğu ziyanın görüntülərinin Xarici Işlər Nazirliyi vasitəsilə bütün dünya ölkələrinə göndəriləcəyini deyən Ərdoğan bildirib ki, 15 iyul hadisələri zamanı Türkiyə xalqı dünyaya nümunə göstərdi. “Mənim xalqım tankların qarşısında mərdliklə dayandı, uşaqdan böyüyə qədər hamı şəhidlik üçün hazır idi”.
Prezident dövlət çevrilişi cəhdinə lazımi dərsi xalqın verdiyini, meydanlardakı insanların sayının gündən-günə artdığını diqqətə çatdırıb.
Həbs edilənlərin sayının çox olmasına toxunan dövlət başçısı qeyd edib ki, bu dövrdə məhkəmənin tam gücü ilə fəaliyyət göstərməsi və demokratik, hüquqi dövlətdə Konstitusiyanın, qanunların tələbinin operativ və dəqiq yerinə yetirilərək qərarların qəbul olunması Türkiyənin xoşbəxtliyidir.
Prezident qvardiyası ləğv edildi
Türkiyədə hərbi çevriliş cəhdinin qarşısının alınmasından sonra prezident qvardiyasının buraxılması qərara alınıb. Bunu “A Haber” və “ATV” telekanallarının ortaq efirində Türkiyənin baş naziri Binəli Yıldırım bildirib. Baş nazir deyib ki, bundan sonra prezident qvardiyası olmayacaq və buna ehtiyac yoxdur.
B.Yıldırım qeyd edib ki, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra tətbiq edilən fövqəladə vəziyyət rejimini uzatmaq planlaşdırmır. Ancaq zərurət olarsa, bu addım atılacaq.
Gülənin “sağ əli” həbs olundu
Fətullahçı terror təşkilatının (FETÖ) əsas fiqurlarından olan “Halis Hancı” ləqəbli Davut Hancı Trabzonda saxlanılıb. Onun Fətullah Gülənin ən yaxın adamlarından biri olduğu bildirilir. Trabzon valisi Yücel Yavuz FETÖ üzvünü şəhərin təhlükəsizlik əməkdaşlarının tutduğunu deyib. O qeyd edib ki, hazırda Davut Hancının dindirilməsi davam edir.
Fətullah Gülənin qardaşı oğlu Məhəmməd Səid Gülən isə Ankara Prokurorluğunda aparılan istintaq çərçivəsində Ərzurumda saxlanılıb. M.S.Gülən terror təşkilatına üzv olmaqla yanaşı, 2010-cu ildə imtahan suallarının yayılmasında da təqsirli bilinir. Onun Ankaraya gətiriləcəyi gözlənilir.
1200 hərbçi sərbəst buraxıldı
Bu arada, dövlət çevrilişi cəhdində iştirak edən 1 200 hərbçi sərbəst buraxılıb. Bu barədə Ankarada işin istintaqını aparan prokurorluq qərar qəbul edib.
Ankara prokuroru Harun Kodalak jurnalistlərə bildirib ki, bəzi hərbçilər nəyə alət olduqlarını bilməyə bilərlər: “Xalqa atəş açmayan, onların üzərinə hərbi maşın sürməyən, nə olduğunu bilməyən hərbçiləri qısa müddətdə ayırd edəcəyik. Həmin xainlərin ”Ergenekon”, “Balyoz” kimi cinayət işlərində etdikləri kimi, günahsız hərbçilərin cəza almasına imkan verməyəcəyik. Bizim araşdırmamız onlarınkına bənzəməyəcək. Biz ədalətli davranacağıq. Biz dövlətin prokurorlarıyıq, onlar isə təşkilatın hakim, prokurorları idilər”.
1043 özəl təhsil qurumu qapadıldı
Türkiyədə elan olunan fövqəladə vəziyyət çərçivəsində ölkədə 1043 özəl təhsil qurumu, 1229 fond və dərnək, 19 həmkarlar ittifaqı, federasiya və konfederasiya bağlanıb. Bağlanan müəssisələr arasında tələbə yataqxanaları, səhiyyə müəssisələri də var.
Üstəlik, fövqəladə vəziyyət çərçivəsində şübhəlilərin saxlanılma müddəti 30 günədək artırılıb. Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə FETÖ üzvlərinin dövlət çevrilişinə cəhdilə əlaqədar parlament Nazirlər Kabinetinin qəbul etdiyi fövqəladə vəziyyət haqqında qərarı təsdiqləyib.
Hökumət çevriliş planını yayacaq
Türkiyə hökuməti hərbi çevriliş təşkilatçılarının ölkədə dəyişikliklərə dair planlarının əks olunduğu sənədlərin dərc edilməsi məsələsini nəzərdən keçirir.
Bunu CNBC telekanalına müsahibəsində Türkiyənin baş nazirinin müavini Mehmet Şimşek bildirib: “Çevriliş təşkilatçılarının yeni Türkiyənin qurulmasına dair konkret planları olub. Onlar yüksək rəhbər heyətin tərkibində yer alacaq 400-dək yeni soyadların qeyd olunduğu sənədlər hazırlayıblar.ÿOnların hamısı hərbçidir… Bu qalın bir qovluqdur, oradakı sənədlərdə yeni rəhbərlik üçün təlimatlar öz əksini tapıb. Biz hazırda bu planı diqqətlə araşdırırıq, düşünürəm, onun bir hissəsi dərc olunacaq”.
Şimşək qeyd edib ki, Türkiyə hökumətinin çevriliş cəhdi ilə əlaqəli şəxslərə qarşı addımları gələcəkdə bu cür halların təkrarlanması ehtimalını sıfıra endirəcək.
“Təhlükəsizlik sistemində boşluqlar var”
Türkiyə XIN rəhbəri Mövlud Çavuşoğlu isə bildirib ki, Rusiya çevrilişə cəhd zamanı Türkiyə demokratiyasına ən çox dəstək verən ölkələrdən biri olub: “Bir çox ölkə Türkiyədə demokratiyaya dəstək mesajları göndərmişdilər. Rusiya ən çox dəstək verən ölkələrdən biri olub”.
Nazir Türkiyə təhlükəsizlik sistemində boşluqların olduğunu da etiraf edib:ÿ”Çevriliş cəhdi barədə yalnız ehtimallar olsaydı belə, prezident lap əvvəldən bu barədə xəbər tutmalı idi”.
Çavuşoğlunun sözlərinə görə, son hadisələr Türkiyə rəhbərliyi üçün dərs olub: “Vətəndaşların bu cür təhdidlərlə bir daha üzləşməməsi üçün bütün lazımi tədbirlər görüləcək”(apa).
Türkiyə prezidenti Fransanın “Frans24″ telekanalına verdiyi müsahibədə çevrilişə cəhdin ölkədə kəşfiyyat orqanlarının zəifliyindən qaynaqlanmasına da toxunub: ”Əlbəttə, belə bir zəiflik, boşluq olub. Bunu MIT-in də, Baş Qərargahın da rəislərinə dedim. Onlar da razılaşdılar. Dedilər ki, qərar sizindir, məsləhət görəcəyiniz vəzifədə işləməyə hazırıq. Yaxın günlərdə kəşfiyyat yönündə atacaq ÿaddımlarımız olacaq”.
“Ərdoğanın Türkiyəsi” Üçüncü Reyxə bənzəyirmi?
BBC-nin məlumatına görə, bu müqayisəni “The Independent” qəzetində Robert Ellis aparıb. Müəllif yazır ki, belə bir müqayisəyə Türkiyə prezidentinin özü rəvac verib: “O, yeni il ərəfəsində Hitler Almaniyasını icraçı prezidentlik institutunun modeli kimi misal gətirmişdi”.
Məqalədə deyilir ki, AKP 2002-ci ildə hakimiyyətə gələndən az sonra onun o qədər “ağ və təmiz” olmadığı üzə çıxıb: “Məhz həmin vaxt Istanbul meriyasında Ərdoğanın rəhbərliyi zamanında baş vermiş korrupsiya işinə xitam verilib. Bundan sonra Ərdoğanın Fətullah Gülən hərəkatındakı tərəfdarları dövlət və bələdiyyə strukturlarında bütün aparıcı postları tutmağa başlayıblar. 2008-ci ildə isə dövlət-ordu-mafiya üçbucağından ibarət ”dərin dövlətlə” haqq-hesab çürüdülməsi AKP-nin 500-dək opponentinin həbsxanalara atılması ilə nəticələnib. Lakin 2013-cü ildə polis və ədliyyə sistemində postlar tutan gülənçilər Ərdoğan ailəsi də daxil olmaqla, hökumətdə genişmiqyaslı korrupsiya faktlarını faş ediblər. Hazırkı Ərdoğan-Gülən düşmənçiliyinin kökü 2013-cü ilə gedib çıxır. Ərdoğanın özünün “ifritə ovu” adlandırdığı sonrakı kampaniyada minlərlə polis zabiti, hakim və prokuror vəzifələrindən kənarlaşdırılıb”.
“Dəqiqəbaşı özünün demokratik yolla seçildiyini deyir”
Məqalədə deyilir ki, əsas ziddiyyət jandarma zabitlərinin və prokurorların həbsi ilə başlanıb: “Jandarma polisləri Suriyaya gedən gizli yük maşınlarını saxlayır, ordu isə bu ölkədəki vəziyyətə müdaxilə etməyə həvəsli görünmürdü. Türkiyə prezidenti dəqiqəbaşı özünün demokratik yolla seçildiyini vurğulayır. Axı Adolf Hitleri də seçmişdilər. AKP də lap Üçüncü Reyxin ”sondergerichte”sinə (xüsusi məhkəmələr) bənzər bir şəkildə cəza məhkəmələri sistemi yaradıb. Burada bir hakim təkbaşına rejim opponentlərinin taleyini həll edir. Türkiyənin rəisi də, der Fürer kimi güclü missisya hissinə malikdir və onun şəxsiyyətinə pərəstiş kultu yaradılıb. Bir partiya tərəfdarı prezidenti “Allah elçisi” kimi salamlamış və AKP-dən olan bir deputat demişdi ki, hətta baş nazirə toxunmaq belə onun üçün ibadət kimidir.
Işlər düz getməyəndə…
Işlər düz getməyəndə peyğəmbər də özündən çıxır. 1944-cü ilin 20 iyulunda ona sui-qəsd baş tutmayandan sonra çıxış edən Hitler bunu onun üzərinə Allah tərəfindən qoyulmuş ilahi missiyanın vacibliyi ilə izah etmişdi. Buna bənzər şəkildə prezident Ərdoğan da 15 iyul çevrilişinin baş tutmamasını Allah hökmü sayır və deyir ki, ordunu təmizləmək və bütün dövlət təsisatlarını “virusdan” azad etmək lazımdır”.
Məqalədə qeyd olunur ki, Türkiyədə çevriliş cəhdindən sonra on minlərlə insan ya həbs edilib, ya da işdən uzaqlaşdırılıb. Avropa Insan Haqları Konvensiyası dayandırılıb. Müəllifin fikrincə, bu xaosda Ərdoğan özünün hakimi-mütləq prezidentlik arzusunu da həyata keçirə bilər.
Müəllif hesab edir ki, Türkiyədə dərindən parçalanmış cəmiyyət qisasçı prezidentlə birlikdə yaxşı heç nə vəd etmir.