Kərim Kərimov: «Başımıza gələn bəlaların səbəbi də budur»
Qax rayonunun Oncallı kənd sakini Kərim Kərimov məhkəmə ədalətsizliyindən şikayətçidir. Deyir ki, hakimlər işin mahiyyətini doğru-düzgün araşdırmadan ədalətsiz qərar verir. O, dövlət başçısına yazdığı məktubda da qarşılaşdığı ədalətsizlikdən bəhs edərək, kömək istəyir. Kərim Kərimov məktubun surətini “Azadlıq”a da göndərib. Məktubda yazır:
“2012-ci ildən indiyədək mən və ailə üzvlərim Qax rayon məhkəməsinin hakimi A.Kiçibəyovun qəbul etdiyi qətnamədən əziyyət çəkirik. Biz məhkəmələr tərəfindən haqsızlıqlarla üzləşmişik.
Mənim Güllər Ibrahimova ilə nikahımızdan bir qızımız dünyaya gəlib. Onunla 1992-ci ildə ayrılmışıq və həyat yoldaşım qızımla birgə Şəkiyə qayıdaraq, orada daimi qeydiyyata düşüb. Orada ailə quran sabiq həyat yoldaşıma kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.70 hektar torpaq sahəsi ayrılıb. Mən və ailə üzvlərimə isə 5.14 hektar torpaq sahəsi ayrılıb. Lakin faktiki olaraq istifdadədə cəmi 4.26 hektar torpaq sahəsi olub. Dövlət aktında torpaq sahəsini əskik göstərməklə yanaşı, keçmiş həyat yoldaşımın sahəsini də orada səhvən qeyd ediblər. Baş verən bəlaların səbəbi də olmayan torpaq sahəsi üzərində gedən mübahisələrdir.
Məhkəmə hakimlərinin bəziləri hüquq müstəvisindən kənara çıxaraq, ədalətsiz qərar qəbul edirlər. Mənim və ailəmizin mənafeyinin qorunması üçün bizə kömək etməyinizi xahiş edirəm”.
Sosial şöbə