AXCP sədri Əli Kərimli Konstitusiyaya dəyişikliklər haqqında ölkə başçısının təqdim etdiyi referendum aktı layihəsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Ə.Kərimli referenduma təklif edilən müddəaların Konstitusiyaya zidd olduğunu bildirib və dəyişikliklərlə bağlı məhkəmədə AXCP-nin maraqlı tərəf kimi tanınmasını, onun prosesdə iştirakının təmin edilməsini istəyib. Müraciətin tam mətni saytımızda dərc olunub.
Ə.Kərimlinin Konstitusiya Məhkəməsinə ünvanladığı müraciətlə bağlı hüquqşünasların mövqeyini öyrəndik.
“Bu təkliflərin heç biri Konstitusiyaya uyğun deyil”
Hüquqşünas Müzəffər Baxışovun sözlərinə görə, Ə.Kərimlinin müraciətində qeyd etdiyi məqamlar tamamilə doğrudur. Xüsusilə Konstitusiyanın 155-ci maddəsinə görə qanunun 3-cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş azadlıqlarının ləğvi və ya Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq məhdudlaşdırılması refrenduma çıxarıla bilməz: “Yəni Konstitusiyanın 155-ci maddəsində birmənalı olaraq bu təsbit edilir. Konstitusiyanın 29-cu maddsinə mülkiyyətin məhdudlaşdırılması ilə bağlı təkliflər də Konstitusiyanın 155-ci maddəsinin pozulmasıdır. Azərbaycanın tərəfdar çıxdığı elə bir müqavilə yoxdur ki, orada göstərilsin ki, sosial ədalət və torpaqlardan təyinatına uyğun istifadəni təmin etmək məqsədilə bu hüquqlar dövlət tərəfindən məhdudlaşdırıla bilər”.
M.Baxışovun sözlərinə görə, eyni zamanda doğru yanaşmadır ki, vitse prezidentlik institutu ilə bağlı təkliflər referenduma çıxarıla bilməz. Hüquqşünas bildirdi ki, 2009-cu ildə keçimrilmiş referendumda Konstitusiyanın 3-cü maddəsinə edilmiş dəyişikliyə görə, bir sıra maddələrə dəyişiklik edilə bilməz: “2009-cu ildə keçirilmiş referenduma görə, üç məsələyə dəyişiklik edilə bilməz. Konstitusiyanın 3-cü hissəsinin 3-cü bəndində seçilməsi, təsdiq edilməsi və ya təyin edilməsi müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təsdiq edilməsi və ya təyin edilməsi qaydaları əks olunub. Birinci vitse-prezident və vitse-prezidentlər prezident tərəfindən vəzifəyə təyin edilir. Yəni Konstitusiyaya görə, belə təklif referenduma, ümumiyyətlə, çıxarıla bilməz. Bunlar o qədər başlarını itiriblər ki, bu cür biabırçı təkliflə çıxış edirlər. Hakimiyyətdə təmsil olunan istənilən hüquqşünasla debata çıxmağa və onlara tam sübut etməyə hazıram ki, bu təkliflərin heç biri Konstitusiyaya uyğun deyil”.
M.Baxışovun fikrincə, belə çıxır ki, referenduma çıxarılacaq bu məsələyə vətəndaş səs verəcək ki, “məni vətəndaşlıqdan məhrum edə bilərsən”. “Qanuna görə Azərbaycan Respublikasının vətəndaşı heç bir halda vətəndaşlıqdan məhrum edilə bilməz. Amma referendumla qanundan ”heç bir halda” ifadəsini çıxarıb, “vətəndaşlığın itirilməsi halları istisna olmaqla” bu sözləri əlavə etmək istəyirlər. Qanuna görə, Azərbaycan vətəndaşı başqa ölkənin vətəndaşlığını könüllü olaraq əldə etdikdə o, vətəndaşlığını itirir. Indi belə çıxır ki, guya vətəndaş səs verəcək ki, ay dövlət, məni vətəndaşlıqdan məhrum elə. Bu axı absurddur. Bu saxtalaşdırılacaq. Vətəndaş özü üçün təminat əldə etməlidir ki, o heç bir halda vətəndaşlıqdan məhrum edilə bilməz”.
“Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər mürtəce xarakter daşıyır”
Hüquqşünas Namizəd Səfərov isə bildirdi ki, Konstitusiyaya nəzərdə tutulmuş referendumla bağlı Konstitusiya Məhkəməsinə edilən müraciət formal müzakirədən keçirilib qəbul olunacaq: “Konstitusiyada müəyyən edilmiş halların kiminsə iradəsinə uyğun olaraq tez-tez dəyişdirilməsi, ümumiyyətlə, düzgün deyil. Konstitusiyanın dəyişdirilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə edilən müraciət formal xarakter daşıyır. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər mürtəce xarakteri daşıyır. Bu, geriyə addımdır. Azərbaycanda qanunlar işləmir. Burada həm mülkiyyətə qəsd edilir, həm də siyasi azadlıqlar bir qədər də məhdudlaşdırılır. Yeni dəyişikliklərdən vətəndaşlara qarşı istifadə olunacaq”.
N.Səfərov da hesab edir ki, Ə.Kərimlinin müraciətinə uyğun olaraq cəmiyyət bu dəyişikliklərin həyata keçirilməsinə müqavimət göstərməlidir: “Əli Kərimli cəmiyyəti səfərbər olmağa çağırır. Cəmiyyət doğrudan da edilən bu dəyişikliklərə, təkliflərə biganə qalmamalıdır”.
Xəyal