«Münhen atıcısı» hücum günü imtahandan kəsilibmiş…
Almaniyanın Münhen şəhərində yeddisi yeniyetmə olmaqla, 9 nəfəri qətlə yetirmiş 18 yaşlı gəncin Norveçdə onlarla adamı öldürmüş Anders Breyviklə əlaqəsi aşkarlanıb. BBC-nin məlumatına görə, bu barədə Almaniya polisindən bildirilib.
18 yaşlı hücumçunun evində axtarış aparan polislər deyir ki, evdən oradan hücumla bağlı yazılı materiallar tapıblar. Rəsmən təsdiqlənməsə də, qonşuları onun Devid Sonbolin olduğunu deyib.
Özünü də öldürmüş Münhen sakini olan gənc tapança və 300 güllə ilə silahlanıbmış. Polis indi onun “facebook”da yaradılmış “event”lə (dəvət) öz qurbanlarını seçməsi barədə iddiaları yoxlayır. Şübhələr var ki, o, saxta qız profili ilə qurbanlarını hücumu başladığı “Mc Donald’s” restoranına dəvət edib.
Cümə günü gecə saatlarında “Olympia” ticarət mərkəzində baş vermiş gülləbaran nəticəsində həmçinin 27 nəfər yaralanıb.
Xatırladaq ki, norveçli Anders Behring Breyvik 2011-ci il iyulun 22-də Osloda bomba ilə 8 nəfəri öldürdükdən sonra sağçı gənclər üçün yay düşərgəsində 69 nəfəri güllələyib.
Hazırda 37 yaşı olan Breyvik 2012-ci ildən bəri ona verilmiş 21 illik həbs cəzasını Norveçdə təcridxanada çəkir.
Bu yaxınlarda o, saxlanma şərtlərilə bağlı şikayəti üzrə məhkəmədə qalib gəlib. O bildirmişdi ki, kütləvi şəkildə adamlara hücumunun məqsədi Avropada müsəlman axının dayandırmaq olub.
Münhen hadisəsilə Breyvikin bağlılığına gəlincə, Münhenin polis rəisi deyir ki, bu hadisə Breyvikin hücumunun 5 illiyinə təsadüf edib.
Münhen prokurorluğunun sözçüsü Tomas Steinkraus-Koç bildirib ki, 18 yaşlı qatilin psixi problemlərinin olduğu güman edilir: “Güman edirik ki, o depressiyadan əziyyət çəkib. Bildiyimiz qədər əvvəllər onun özü 2010 və 2012-ci illərdə hücumun qurbanı olub – birində 3 gənc tərəfindən döyülüb”.
Daxili işlər naziri Tomas de Mayzier həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq bütün ölkədə bayraqların endirilməsinə sərəncam verib.
Almaniya kansleri Angela Merkel isə Alp dağlarında keçirməli olduğu məzuniyyətini təxirə salıb.
Onu da qeyd edək ki, 18 yaşlı hücumçunun adı rəsmi şəkildə açıqlanmasa da, qeyri-rəsmi mənbələr onun Iran əsilli Almaniya vətəndaşı Əli Sonbolin olduğunu bildirir. Eyni zamanda, onun iki ildən çoxdur ki, Münhendə yaşadığı barədə məlumatlar var. Onun cəsədi ticarət mərkəzindən 1 kilometr uzaqda tapılıb. Onun qətlə yetirdiyi şəxslərdən üçü Kosovodan, üçü Türkiyədən, biri Yunanıstandan olub.
Bu arada, məlumat yayılıb ki, 9 nəfəri qətlə yetirən gənc həmin gün texnikumda imtahandan kəsilibmiş. Bu barədə Almaniyanın ən tirajlı “Bild” qəzeti xəbər yayıb.