450 nəfər işini itirdi, milyonlarla əmanət təhlükədə
Nemət Əliyev: «Banklardakı bu durğunluğu dayandırmaq mümkün olmayacaq»
Qubad Ibadoğlu: «Bankları bundan sonra daha ciddi sınaqlar gözləyir»
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının dünənki qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.
Palata bu qərarını həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, təhrif edilmiş hesabatları təqdim etdiklərinə görə qəbul edib.
Ləğvetmə prosesində bankların əmlakları online satışa çıxarılacaq. Bankların varidatları, torpaqları, əmlakları, kompüterləri satışa çıxarılacaq.
Bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov məlumat verib.
O qeyd edib ki, burada ancaq Əmanətlərin Sığortalanması Fondunun ləğvedici olduğu bankların əmlakları “Emlakadif.az” saytında onlayn hərraca çıxarılacaq.
Kompensasiya olunan əmanətlər 126 mln olub
Lisenziyaları ləğvÿolunan “Dekabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 5 mln. 585 min manat təşkil edir.
Bu bankda qorunan əmanətlərin cəmi 3 mln. 767 min manat, kompensasiya olunan əmanətlərin isə 2 mln. 807 min təşkil edir. Qorunan əmanətçilərin sayı 133 nəfərdir.
“Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 103 mln. 969 min manat, qorunan əmanətlərin cəmi 61 mln. 949 min, kompensasiya olunan əmanətlərin isə 54 mln. 885 min təşkil edir. Qorunan əmanətçilərin sayı 26 min 324 nəfərdir.
“Zaminbank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 53 mln. 632 min manat, qorunan əmanətlərin cəmi 53 mln. 631 min, kompensasiya olunan əmanətlərin isə 36 mln. 350 min təşkil edir. Qorunan əmanətçilərin sayı 10 742 nəfərdir.
“Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 24 mln. 272 min manat, qorunan əmanətlərin cəmi 20 mln. 956 min, kompensasiya olunan əmanətlərin isə 32 mln. 914 min təşkil edir. Qorunan əmanətçilərin sayı 3 544 nəfərdir.
Sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödəmək üçün Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankdan kredit götürəcək.
Banklarda əmanətlərin 80%-i xarici valyutada olub
Bağlanan 4 bank üzrə ümumilikdə kompensasiya olunan əmanətlər 126 mln. 956 min manat təşkil edir. Banklarda əmanətlərin təqribən 80%-i xarici valyutada, 20%-i milli valyutadadır.
A.Cavadov qeyd edib ki, bu banklarda əsasən qorunmayan əmanətçilər çoxluq təşkil edir:ÿ”Qorunmayan əmanətçilərə bankın 10 faizdən çox səhminə sahib əmanətçilər, son ildə bankın auditini həyata keçirən və bankın inzibatçıları daxildir”.
4 bankda 450 işçi çalışırdı
Lisenziyası ləğv edilmiş 4 bankda 450 nəfər işçi çalışırdı. Bunu keçirilmiş mətbuat konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bildirib.
Iqtisadçı Nemət Əliyev deyir ki, daha 4 bankın əlindən lisenziyanın alınması bank sektorunda yaranmış acınacaqlı vəziyyətin nəticəsidir. N.Əliyevin sözlərinə görə, bank fəaliyyəti əhalidə, müəssisə və təşkilatlarda olan sərbəst pul vəsaitini cəlb edib, onu ölkə iqtisadiyyatının kreditləşməsinə yönəltməkdən ibarətdir: “Əgər ölkənin əmanət və depozitlərinə diqqət etsək, o zaman görəcəyik ki, depozitlərin və əmanətlərin həcmində kəskin azalma var. Ötən ilin ilk devalvasiyasında əhalinin 9 milyard dollarlıq əmanəti var idi. Həmin o əmanətlərdən cəmi 5 milyardı qalıb. Bu həm də bank sektorunun itkisidir. Çünki həmin o 9 milyard əmanətin alıcılıq qabiliyyəti indikindən daha yüksək idi. Konkret halda kreditləşmə ilə götürəndə yalnız bu ilin əvvəlindən ötən 4 ay ərzində ölkə iqtisadiyyatından 3 milyard kredit geri çəkilib. Ən dəhşətlisi odur ki, geri çəkilən kreditlərin heç biri iqtisadiyyata dönmür”.
Bankların ölkəyə yatırdıqları kreditləri sürətlə geri çəkdiyini deyən N.Əliyev vurğuladı ki, banklar bu vəsaitin bir hissəsini öhdəliklərinin icrasına yönəldirlər. Qalan hissəsini isə ölkədəki biznes mühitinə etibar etmədiklərinə görə ölkədə saxlamırlar: “Daha düzgün ifadə etsək banklar bu gün batıb. Dörd bankın lisenziyasının ləğv olunması bu faktı təsdiq edir. Yerdə qalan banklar da acınacaqlı durumdadır. Nə qədər hökumət ölkədə iqtisadi vəziyyətin yüngüləşdirilməsi istiqamətində addım atmayıb, sahibkarların başı üzərindən qara buludlar çəkilməyi, inhisarçılığa son qoyulmayıb banklardakı bu durğunluğu dayandırmaq mümkün olmayacaq”.
Tanınmış iqtisadçı Qubad Ibadoğlu 4 bankın bağlanmasına dair fikirlərini sosial şəbəkədəki səhifəsində paylaşıb. Q.Ibadoğlu bildirib ki, “Qafqaz Universiteti, ANS Televeziya kanalı, ”Zaman” qəzetindən sonra bağlanmaq növbəsi banklara çatdı: “Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarına əsasən ”Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyalarını ləğv etdi. Bu qərarın çoxlu səbəbləri sadalansa da başlıca səbəbi pis idarə olunan bir sıra bankların maliyyə mötəbərliliyini və adekvatlığını itirməsi səbəbindən defolt vəziyyətinə düşməsidir. Bu qərardan sonrakı vəziyyətə gəlincə, 4 bankın bağlanması ilə maliyyə sistemində işlərin yoluna düşəcəyi, banklara və manata olan etimadın artacağı ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının adından açıqlanan fikirləri də bölüşmürəm. Çünki, bankları bundan sonra daha ciddi sınaqar gözləyir. Onların hazırkı ağır vəziyyətdən çıxması bütövlükdə milli iqtisadiyyatın, xüsusilə də biznesin və ev təsərrüfatlarının durumundan asılıdır ki, bu da yaxın dövrlər üçün həlli mümkün olan məsələlərdən sayıla bilməz. Çünki, islahatların ləngiməsinə görə, milli iqtisadiyyatda geriləmələr genişlənməklə yanaşı həm də sürətlənir”.
Q.Ibadoğlu hesab edir ki, bankların bağlanması hazırda mümkün olan pis variantlardan ən yaxşısı hesab oluna bilər. “Onun ümumi sistemə neqativ təsirlərinin neytrallaşdırılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmanətlərin Sığortalanması Fondu, ləğvetmə komissiyası əhali və xüsusilə də müştərilər arasında izahat işi aparmalıdır. Bu isə operativ açıqlamalar, qaynar xətlərin yaradılmasını tələb edir. Əks təqdirdə banklarla müştərilər arasında yaranacaq problemi tənzimləmək çox çətin olacaq. Fikrimcə, bankların kapitalının təmərküzləşməsi və onların konsolidaliyası davam etməlidir. Bu isə hələ bir neçə bankın birləşməsi və bağlanmasını zəruri edəcək”, deyə Q.Ibadoğlu vurğulayıb.
Xəyal