Oqtay Haqverdiyev: «Bu rejim sosial sahəyə tətbiq oluna bilməz, əhalinin əksər hissəsi onsuz da güc-bəla ilə dolanır»
Maliyyə Nazirliyində Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə dair iclas keçirilib. Maliyyə naziri Samir Şərifov 2016-cı ilin ilk altı ayının sosial-iqtisadi yekunlarından danışıb.
S.Şərifov bildirib ki, strateji xətt qarşıdakı illərdə dövlət büdcəsinin cari xərclərinin qeyri-neft sektorundan gələn gəlirlər hesabına örtülməsinə nail olmaq, Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, hər bir xərc maddəsi üzrə ciddi nəzarət və qənaət rejiminin tətbiqidir.
Azərbaycanın dövlət büdcəsi ildən-ilə kəsirlə icra olunur. Bu artıq hamının bildiyi məsələdir. Görəsən, indi maliyyə naziri qənaət rejiminin dövlət büdcəsinin hansı sahələrində tətbiqini nəzərdə tutur?
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, sosial xərclərin miqdarı az olduğu üçün onlara dəymək olmaz. Ekspert maaş və pensiyaların qənaət rejiminə aid olmadığını, bu rejimin investisiya sahəsinə aid ediləcəyini deyir:
“Investisiya xərclərində, özlərinin dediyinə görə, böyük mənimsəmələr və korrupsiya halları baş verib. Onlara diqqət etmək lazımdır. Yoxsa, əhalinin əksər hissəsi onsuz da güc-bəla ilə dolanır. Onlara hansı qənaət rejimi tətbiq etmək olar?! Qənaət rejimi zavod-fabriklərə, tikinti şirkətlərinə aid olmalıdır. Bu sahədə hələ indiyə kimi belə təşəbbüs göstərən olmayıb. Yüksək səviyyələrdən qənaətin vacibliyini desələr də, onu həyata keçirmirlər. Ilk növbədə israfçılığa yol verilən sahələrdə qənaət rejimi tətbiq etməlidilər. Adicə tikinti materiallarının istifadəsində qənaət etmirlərsə, hansı böyük işlərdən danışmaq olar?!”
Nigar