Təqaüdlər, qanpulu, kompensasiyalar – müavinətlər kimə ayrılır?
Qarabağ əlilləri olaraq indiyədək ölkənin 1-ci şəxsi kimi prezident Ilham Əliyevə minlərlə müraciət etmişik. Di gəl, heç bir cavab almamışıq. Bilmirik, müraciətimiz 1-ci şəxsə verilmir, ya eləcə qayda belədir. Başa düşürük ki, prezident hər müraciətə özü yox, katibliyi vasitəsilə cavab verməyə borcludur. Hər halda özü bunu elektron KIV yolu ilə dəfələrlə açıqlayıb. Bu sətirlərin yazarı min yol öz ölkəsinin 1-ci şəxsinə, onun administrasiyası yolu ilə yazılı və elektron qaydada müraciətlər etsə də, hələ də cavab almayıb.
Amma bircə yol “Qarabağın erməni işğalından azad olması” petisiyasında iştirak etməklə, demək olar, iki gündən bir ABŞ-dan – Ağ evdən prezident Obamanın, ABŞ-ın 1-ci ledisi Mişel Obamanın və digər rəsmi şəxslərin imzası ilə e-mailinə məktublar daxil olur. Demək istəyirəm ki, bu təcrübəni bizdə təşkil etmək belə çətindir?
Indi isə suallara keçək.
1.Hörmətli Prezident, Siz müvafiq sərəncamınızla Qarabağ əlili kimi mənə Prezident təqaüdü ayrımısınız. Lakin “Kapitalbank” 4 aydır bu təqaüdümü bloklaşdırıb vermir. Nizami məhkəməsi (hakim Fikrət Mirzəyev) 1 aydan çoxdur barışmağı təklif edir. Yəqin ki, burada barışmağın cavabdehin əlində olması gizlin deyil. Bloklaşdırmanı aradan qaldırmaqla təqadümlə “barışmağım” bankdan asılıdır. Di gəl, hələ də təqüdümü ala bilmirəm. Ona görə də Sizdən soruşuram: Prezident təqaüdünü mənə ayırmısınız, yoxsa banka, məhkəməyə?
2.Hərbi xidmət çağı yaralanma, kontuziya, travmaya, əlil, şəhid olmağa görə bizə sığorta ödənişi – qanpulu ayrılmasına fərman verib qanun imzalamısınız. 25 ilə yaxındır bu qanpulumuzu da onu verməyə borclu olan Dövlət Sığorta Kommersiya Şirkəti (DSKŞ) və Maliyyə Nazirliyi yeyir. Hətta məhkəmə yolu ilə də ödənişi ala bilmirik. DSKŞ sədri hakimlərin, maliyyə nazirinin, məhkəmə icraçılarının gözünü-ağzını qan pulumuzla elə bağlayır ki, tələbkar borclu olur, borclu tələbkar. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsi də bitişik binada yerləşdiyi borclunun qan pulumuzu yeməsinə şərik çıxdığından tədbir görməkdə aciz qalır. Indi Sizdən soruşuram: qan pulunu bizə ayırmısınız, yoxsa onu verməyə borclu olan sığorta şirkətinə, qan pulunun verilməsinə nəzarət edən baş prokurora, maliyyə nazirinə, məhkəmələrə?
3.26 dekabr 2001 tarixli 613 saylı fərmanla kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin əvəzinə bizə aylıq kompensasiya – müavinət ayrılmasına qərar vermisiniz. 15 ildir bu kompensasiyanın məbləği (26 manat) nəinki fərmanda nəzərdə tutulduğu kimi indeksasiya olunur, əksinə, son 3 ildə tamam verilmir ki, Nazilər Kabineti (NK) fərmanı ləğv edib!(??). Bəyəm NK-nın qərarı Prezident fərmanından, qanundan üstündür? Bu suala nə Konstitusiya Məhkəməsi, nə Ombudsman, nə Milli Məclis, nə NK-nın özü, nə də digər qurumlar cavab verə bilmir. Odur ki, Sizdən soruşuram: Siz bu kompensasiyanı bizə ayırmısınız, yoxsa onu verməyə və nəzarət etməyə borclu olan sosial-maliyyə qurumlarına, hüquq orqanlarına, NK-ya, məhkəmələrə?
Hələlik bu qədər. Suallarımızla Sizi çox yormaq istəmirik. Elə bu 3 ASAN “XIDMƏTI” suala cavab verilsə, yəqin başqa problemlərə də yetkisi olar.
Məğrur Bədəlsoy