Ermənistan prezidenti iyulun 17-dən Yerevanda polis keşikçi-patrul xidməti alayının binasını ələ keçirərək hazırda dörd girov saxlayan silahlı dəstəni silahı yerə qoymağa və hakimiyyət orqanlarına təslim olmağa çağırıb.
“Biz səbirli hərəkət etmişik və davam edəcəyik. Bizim üçün hər bir vətəndaşımızın həyatı və sağlamlığı dəyərlidir”, – Serj Sərkisyan iyulun 22-də polis, milli təhlükəsizlik, prokurorluq və istintaq orqanları rəhbərləri ilə müşavirə zamanı bəyan edib.
Bu, Ermənistan prezidentinin polis keşikçi-patrul xidməti alayının silahlı dəstə tərəfindən tutulduqdan sonra xalqa ilk müraciətidir.
“Girovlar sərbəst buraxılmalı, silahlı dəstə silahı yerə qoymalıdır. Vəziyyətin sahmana salınması Ermənistan Konstitusiyası və qanunlarına ən ciddi surətdə əməl edilməklə baş tutacaq”, – Sərkisyanın bəyanatında deyilir.
Danışıqlar
Cümə axşamına keçən gecə polislə nümayişçilər arasında toqquşmadan sonra polis KPX alayı ərazisi yaxınlığında sakitlikdir.
Nümayişçilərin polis binasını ələ keçirmiş silahlı dəstə üzvlərini yeməklə təmin etmək məsələsi, görünür, həll olunub, müxbirimiz hadisə yerindən xəbər verir.
Silahlı dəstə üzvləri ilə danışıqlara tanınmamış “Dağlıq Qarabağ Respublikası” parlamentinin üzvü, Qarabağ müharibəsi veteranı, istefada olan general-mayor Vitali Balasanyanın qatıldığı bildirilir.
Bu məlumatı Jirayr Sefilyanın silahdaşlarından, sabiq ASALA (Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu) döyüşçüsü Alek Yeniqomşyan da təsdiqləyib.
Lakin Alek Yeniqomşyan jurnalistlərə danışıqların məzmunu barədə məlumat vermək səlahiyyətində olmadığını bildirib.
Danışıqların gedişi və ya formatı barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti də məlumat vermir.
İyulun 17-dən bir qrup silahlı Yerevanın Erebuni adlanan rayonunda yerləşən polis keşikçi-patrul xidməti alayına hücum edərək binada olan insanları girov götürüb.
Silahlı qrup Qarabağ müharibəsi könüllülərinin “Sasna tsrer” adlı dəstə və “Müəssislər məclisi” radikal müxalifət hərəkatı üzvləri və tərəfdarlarından ibarətdir.
Hazırda KPX alayı ərazisində 4 polis əməkdaşı, o cümlədən, respublika və paytaxt polis rəisi müavinləri Vartan Yeğiazaryan və Valeri Osipyanı girov saxlanmaqdadır.
KPX binasını zəbt edən silahlı dəstə “Müəssislər məclisi” radikal müxalifət hərəkatının lideri Jirayr Sefilyanın azadlığa buraxılmasını və prezident Serj Sərkisyanın istefasını tələb edirlər.
Jirayr Sefilyan ötən ay qeyri-qanuni silah və sursat saxlamaq, bir qrup şəxslərlə Yerevanda inzibati binalar və televiziya qülləsinin ələ keçirilməsini planlaşdırmaq ittihamı ilə iki ay müddətinə həbs olunub. (BBC azeri)