Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdin qarşısının alınması zamanı ölən və yaralanan mülki vətəndaşların ailələrinə ödəniləcək təzminatın məbləği açıqlanıb.
Təzminat “Terror və terrorizmlə mübarizə nəticəsində yaranmış zərərlərin qarşılanması haqqında” qanuna əsasən ödənəcək.
Məlumata görə, hadisələr zamanı ölənlərin ailələrinə 32 640 TL (16 640 AZN), yaralananlara 3 916 TL (7 682 AZN), əlil qalanlara isə 47 000 TL (92 194 AZN) birdəfəlik maddi yardım veriləcək.
Bundan əlavə, yaralananlara iş qabiliyyətinin itirilməsinə görə əlillik dərəcəsinə uyğun olaraq birdəfəlik təzminat ödəniləcək. Belə ki, I qrup əlilə 31 987 – 47 000 TL (62 745 – 92 194 AZN), II qrup əlilə 16 320 – 31 334 TL (32 013 – 61 464 AZN) və III qrup əlilə isə 2 611 – 15 667 TL (5 122 – 30 732 AZN) məbləği arasında pul veriləcək.
Eyni zamanda, ölənlərin ailələri və iş qabiliyyətini tamamilə itirənlərə aylıq müavinət ödəniləcək. Belə ki, ölənlərin ailələrinə 885 TL (1736 AZN), iş qabiliyyətini tamamilə itirən I qrup əlilə 885 TL (1736 AZN), II qrup əlilə 708 TL (1 389 AZN), III qrup əlilə isə 531 TL (1 042 AZN) aylıq müavinət veriləcək.
Ölən və yaralanan mülki vətəndaşların ailələri təzminatı almaq üçün 60 gün müddətində valiliyə müaciət etməlidirlər.
Qeyd edək ki, 15 iyul dövlət çevrilişinə cəhd zamanı 246 nəfər ölüb, 1 536 nəfər yaralanıb. Ölənlərdən 179, yaralılardan 1 391 nəfəri isə mülki vətəndaşdır. (Report)