«Türkiyədə hərbi çevrilişə cəhddən sonra bəzi ölkələrin liderləri hakimiyyətlərini möhkəmləndirməkdən ötrü hərəkətə keçiblər. Bunun üçün çox uzağa deyil, Türkiyənin periferiyasındakı Qafqaza və Orta Asiyaya baxmaq yetər. Bu həftə Azərbaycan prezidenti İlham Əliyev konstitusiyaya dəyişikliklər təklif edib, prezidentliyini 5 ildən 7 ilə uzadır. Türkmənistan prezidenti Qurbanqulu Berdumuhammedov da eyni addımı atır, konkret tarix də qoyub». Bunu «Stratfor» Araşdırmalar Mərkəzi yazır.
Təhlildə qeyd olunur ki, xarici təhlükəsizlik hədəsi bu ölkələrdə mərkəzləşdirmə səylərini gücləndirir. «İslam Dövləti» (İŞİD) qruplaşmasının yüksəlişi də Qafqazı və Orta Asiyanı silkələyib. Azərbaycan və Orta Asiya üzərindən bu qruplaşmaya üzvlər cəlb olunur, bu ölkələrdə yüzlərlə vətəndaş Suriya və İraqda yaraqlılara qoşulub.
«Amma Türkiyədə olduğu kimi, həmin ölkələrdə də xarici təhlükə məsələnin bir hissəsidir. Həmin hökumətlər adətən siyasi opponentlərinə təzyiqi əsaslandırmaqdan ötrü yaraqlıların təhlükəsini şişirdirlər. İŞİD və digər islamçı yaraqlıların regiona yaratdığı təhlükənin miqyası elə də aydın deyil. Əslində, bu ölkələrdə rejim daha çox öz hakimiyyətinə görə narahatdır, xaricdən ilhamlanan cihadçılıqdan çox daxili müxalif elementləri əzməyə çalışır».
«Stratfor» yada salır ki, bu ölkələrdə sosial-iqtisadi şəraitin pisləşməsinə etirazlar da yüksəlir. Neftin ucuzlaşması, Rusiyadan miqrantların qayıtması ilə bir arada maaşlar kəsilir, işsizlik artır. Hökumətlər itaətsizliyə sinə gərmək məqsədilə təhlükəsizlik tədbirlərini gücləndirirlər. Hələ Azərbaycan və Türkmənistandan öncə Tacikistan konstitusiyanı dəyişib, müddət məsələsini ləğv edib. Ermənistan parlament sisteminə keçir, məqsəd prezident Serj Sarkisyanın hökumət üzərində təsirini təmin etməkdir. Qazaxıstan və Özbəkistanda da sovetlərin çöküşündən sonra hakimiyyət əl dəyişməyib, yaşlı prezidentlər varis planları hazırlayırlar.
«Qafqazda və Orta Asiyada təhlükəsizlik tədbirləri gücləndikcə, daha artıq təlatüm yaradır. Qazaxıstanda hakimiyyət iyunda planlaşdırılan etirazlardan öncə mindən artıq insanı saxladı, amma bundan sonra təhlükəsizlik qüvvələrinə iki dəfə hücum olundu. Ermənistanda hələ də polis idarəsi mühasirədədir, müxalifət qrupu girovlar götürüb. Bu qrup hərəkətlərinin bir səbəbini də aprel toqquşmalarında Dağlıq Qarabağda Ermənistanın ərazi itirməsinə bağlayır. Münaqişədə qarşı tərəfdə duran Azərbaycan isə cəbhədə hərbi uğur qazanmaqla daxili siyasi və iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışdı».
«Türkiyə kimi, Qafqaz və Orta Asiya da artan təhlükəsizlik riskiylə mübarizə aparırlar. Bu riskin arxasında islamçı yaraqlıların, yaxud siyasi narazılığın durmasından asılı olmayaraq, region ölkələri onu yatızdırmaqdan ötrü siyasi mərkəzləşdirməyə və təhlükəsizlik əməliyyatlarına əl atırlar. Türkiyədə çevriliş cəhdi, Ermənistan və Qazaxıstanda son zorakılıqlar göstərdi ki, bu səylər işləri daha da pisləşdirə bilər», – «Stratfor» yazır.
azadliq.org