Fransa məhkəməsində 5 nəfər şübhəli Nitsa hücumu ilə bağlı terror cinayəti törətməkdə ittiham olunub.
22 və 40 yaş arasında olan 4 kişi və bir qadın, sürücü Mohamed Lahouaiej-Bouhlel-ə terror hücumunu hazırlamağa kömək etməkdə təqsirli bilinib.
Sürücü Lahouaiej-Bouhle, yük maşınını Bastilla Gününü qeyd edən insan izdihamının üzərinə sürərək 2 kilometr irəliləyib və 84 nəfərin ölümünə, 300-dən çox insanın yaralanmasına səbəb olub.
O hücum üçün 5 şübhəlidən texniki dəstək alıb və hücumu bir neçə ay ərzində planlaşdırıb, Fransa prokuroru Francois Molins deyib.
Sürücü Lahouaiej-Bouhlel kimi indi saxlanılan 5 şübhəlinin də heç biri əvvəlcədən Fransa kəşfiyyat orqanlarına məlum deyildi. Saxlanılanlardan yalnız biri narkotik maddə və xırda cinayətlərə görə əvvəllər məhkum olunub, cənab Molins deyib.
Lahouaiej-Bouhlel-un telefonunda olan məlumat və fotolar göstərir ki, o hücum barəsində 2015-ci ildən araşdırma aparırmış.
Özünü İslam Dövləti adlandıran qruplaşma deyib ki, Lahouaiej-Bouhlel onların “əsgərləri” siyahısında olub, lakin yük maşının sürücüsü Fransa polisinin heç bir siyahısında yer almayıb.
Çox az polis?
Nitsada baş verən hadisədə sürücünü zərərsizləşdirmək üçün çox az sayda polis olması ilə bağlı şikayətlərə əsasən indi hücum zamanı polisin fəaliyyəti araşdırılır.
Dənizkənarı bulvarda yük maşını insanların üzərinə getdiyi vaxt ərazidə yalnız bir polis maşını xidmət çəkirdi, gündəlik Azadlıq yazıb.
Azadlığın yazdığına görə, yük maşınını dayandırmaq üçün yerli polisin nə kifayət qədər vaxtı, nə də atəş imkanları vardı.