Deputatlar Konstitusiyaya dəyişikliyi əsaslandıra bilmir
Ölkədə eybəcər bir mənzərə yaranıb və hökumət bu eybəcərliyin miqyasını genişləndirməkdədir. Konstitusiyaya mürtəce dəyişiklik cəhdi də qanunlara növbəti təcavüz, xalqın iradəsinin zorlanmasıdır. Vəziyyət o qədər biabırçı, verilən qərarlar o qədər məntiqsizdir ki, Əliyevin ətrafı da baş verənlərə aydınlıq gətirə bilmir. Faktiki olaraq hökumət komandası arqumentsiz qalıb və Konstitusiyaya dəyişiklikliyi əsaslandıra bilmirlər. Əliyev komandasını elə məngənəyə salıb ki, danışdıqca daha çox batırlar.
Məsələn, YAP-çı deputat Eldar Ibrahimov deyir ki, mən Konstitusiyaya dəyişiklik qərarını alqışlayıram. Izahatı da budur ki, 5 il müddəti azdır və prezident bu müddətdə öz töhfələrini verə bilmir. Ardınca da söyləyir ki, Türkmənistanda, Qazaxıstanda, Özbəkistanda da prezidentlik müddəti 7 ildir və bunu xalq da dəstəkləyir.
Əvvəla, 25 ildir deputat kürsüsünü zəbt etmiş bu adama başa salmaq lazımdır ki, normal hökumət 5 il ərzində kifayət qədər müsbət addım ata bilər. Ilham Əliyevin isə 13 illik prezidentliyi dövründə isə bütün sahələr tənəzzülə uğrayıb. Deməli, səriştəsiz, məsuliyyət, demokratik ənənələrdən uzaq hökumətlər üçün müddətin artıb-azalmasının heç bir əhəmiyyəti yoxdur. Gürcüstan hökuməti qısa müddətdə böyük addımlar atıb və Avropanın bir hissəsinə çevrilib. Azərbaycan hökuməti isə bu müddət ərzində ölkəni Ermənistandan da geri salıb. Eldar Ibrahimov həm də etiraf edir ki, Azərbaycan yalnız Özbəkistanla, Türkmənistanla rəqabətə girə bilər.
Digər YAP-çı deputat Musa Quliyev isə bildirib ki, Konstitusiyaya dəyişiklik Azərbaycan xalqının və dövlətinin gələcək inkişafı baxımından çox önəmlidir və bu islahatlar zəruridir. Amma dəyişikliyin inkişafa necə xidmət edəcəyini, niyə zəruri olduğunu izah edə bilməyib. Utanmasalar deyərlər ki, ÜDM-in 50 faiz azalması, büdcənin boşalması, neftin ucuzlaşması prezidentlik dövrünün 5 il olmasıyla bağlıdır. Avropa Oyunları keçiriləndə də, Formula-1 yarışlarına ev sahibliyi edəndə də, futbol çempionatına sponsorluq edəndə də, bunun inkişafa xidmət edəcəyini söyləyirdilər. Indi də Konstitusiyaya dəyişikliyi eyni formada əsaslandırmağa çalışırlar. Hər dəfə də sübut olunur ki, bunların “inkişaf modeli” tənəzzülə xidmət edir.
Başqa bir YAP-çı deputat Məlahət Ibrahimqızı da dəyişikliyin milli dövlətçiliyimizi gücləndirəcəyini, hüquqi dövlət quruculuğuna töhfə verəcəyini bəyan edib.
Göründüyü kimi primitiv, bayağı, əsasalandırılmamış fikirlər tüğyan edir. Verilmiş qərar o qədər kövrəkdir ki, heç bir hökumət təmsilçisi bu qərarın üzərində “imarət” qura bilmir.
Digər tərəfdən dəyişiklik Milli Məclisin özünü də təhdid edir və mandat gəzdirənlər buna da etiraz edə bilmirlər. Sabah deputatlar fərqli çıxış etsə, prezidentin təklifini qəbul etməsə, prezident dərhal Milli Məclisi buraxa bilər. Faktiki olaraq prezident Milli Məclisin iradəsini heçə sayır və özünü qanunverici orqan üzərində qanun kimi aparır. Hansı ki, bu 125 nəfərin adına yazılmış səslərin sayı, Ilham Əliyevə verilən səslərdən çoxdur. Deməli, Milli Məclisin taleyinin prezidentdən asılı olması, həm də milyonlarla seçicinin haqqının oğurlanmasıdır. Təbii ki, Azərbaycanda seçki yoxdur və deputatlar təyinat əsasından parlamentdə əyləşir. Amma biz məsələyə hökumətin nöqteyi nəzərindən yanaşırıq. Bir halda ki, bu adamların xalq tərfindən seçildiyini iddia edirsiz, o zaman niyə onların hüquqlarını əlindən alırsız?
Göründüyü kimi nəzərdə tutulan dəyişikliklərin hüquqla, demokratiya ilə heç bir əlaqəsi yoxdur. Deputat öz hüququnu qorumağa acizdirsə, seçicinin hüququnu necə qoruya bilər?
Bir sözlə, Konstitusiyada bu formada dəyişikliyin rüsvayçılıq olduğunu hökumət komandası da başa düşür. Sadəcə olaraq uzun illər rüsvayçılığı müdafiə etməyə adət etdikləri üçün, bu dəfə də ənənəyə sədaqət nümayiş etdirirlər. Sadəcə olaraq bu dəfə super rüsvayçılığın təbliğatçısı rolundadılar və fantaziya tükənib.
Akif