“Azərenerji” ASC və “Azərişıq” ASC-də ciddi narazılıq yaranması barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, narazılığa səbəb hər iki qurumda yaranmış maaş böhranı ilə bağlıdır. Uzun müddətdir “Azərenerji”nin işçiləri maaş ala bilmirlər. Lakin ASC-nin rəhbərliyi problemi həll etməkdənsə, qurumun yüksək vəzifəli şəxsləri üçün 20 ədəd “NAZLifan” markalı xidməti avtomobil alıb.
Bunu eşidən işçilər narazılıq etməyə başlayıblar. Məlumatda deyilir ki, avtomobillər heç istifadəyə də verilməyib və hazırda qarajda saxlanılır.
“Azərişıq”ın rəhbərliyi isə 470 ədəd avtomobil alıb. Pikap tipli avtomobillərin bölgələr üzrə idarələrə veriləcəyi bildirilir. “Azərişıq”ın işçiləri hesab edir ki, avtomobil almaqdansa, onların maaşları verilməlidir. Məlumatda bildirilir ki, hazırda hər iki qurumda gərginlik yaşanır.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məsələyə münasibət bildirib. O, “Azadlıq”a açıqlamasında bildirib ki, məlumat həqiqətəuyğun deyil. “Son 10 ildə bir dəfə də olsun əmək haqqı gecikməyib, heç bir əməkdaşımızdan belə bir məlumat daxil olmayıb. ”Azərişıq” ASC əməkdaşlarının sosial vəziyyəti həmişə yüksək səviyyədə həll olunub”, – deyə Tanrıverdi Mustafayev bildirib.