Binəqədidəki bina yanğınının söndürülməsində 27 maşın və 115 yanğınsöndürən iştirak edib
Ötən il mayın 19-da Binəqədidə 16 mərtəbəli yaşayış binasında çoxsaylı insan tələfatı ilə nəticələnmiş yanğınla əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar davam edir. Məhkəmə prosesində zərərçəkmişlərin dindirilməsi mərhələsidir, onların sayı isə 150 nəfərə yaxındır. Onların əksəriyyəti artıq dindirilib. Zərərçəkmişlər arasında yanğında yaxınlarını itirənlər, özü xəsarət alan, evinə ziyan dəyən sakinlər, həmçinin yanğınsöndürən və xilasedicilər də var.
Zərərçəkmişlərin bir qismi də dünən ifadə verib. Əvvəlcə hadisə nəticəsində dünyasını dəyişmiş iki yaşlı Ayxanın anası Nigar Hüseynova ifadə verib. O, yalnız bir cümlə deyib: “Binanı yandırdılar, övladım öldü”.
Nigar Hüseynova ağlayaraq, başqa nəsə danışmaq, sualları cavablandırmaq istəmədiyini bildirib.
Zərərçəkmiş Heyzəngül Hidayətova həmin binada kirayə qaldıqlarını bildirib və yanğın zamanı onunla birlikdə olmuş azyaşlı nəvəsilə çətinliklə xilas olmalarından danışıb.
Qeyd etdiyimiz kimi, hadisə zamanı xəsarət almış yanğınsöndürənlər də zərərçəkmiş qismində tanınıb və onların bir neçəsi, o cümlədən Denis Cavadov, Əsəd Hüseynli, Qurban Əliyev, Xudat Nəbiyev dünənki məhkəmə iclasında dindirilib.
Bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisinin müavini Xudat Nəbiyev bildirib ki, yanğının söndürülməsində ümumilikdə 27 maşın və 115 yanğınsöndürən iştirak edib. Onun sözlərinə görə, Bakı qarnizonunun hamısı ora cəlb olunmuşdu. Xudat Nəbiyev deyir ki, hadisə zamanı binaya daxil olmasa da, aşağıdan yanğınsöndürənlərə göstərişlər verib, prosesi idarə eləyənlərdən biri olub. Flovdan sınan pəncərə şüşəsi onun üstünə düşüb: “Başımda ”kaska” var idi, amma çiynimə 9 tikiş qoydular”.
Digər yanğınsöndürənlər yanğının söndürülməsi, bina sakinlərinin çıxarılmasından danışıblar. Bildiriblər ki, özlərində olan oksigen balonlarını, maskaları sakinlərə veriblər və nəticədə tüstüdən zəhərləniblər.
Hadisə nəticəsində bacısını və onun iki övladını itirən Anar Şirinov da zərərçəkmiş qismində dindirilib. O, bu iş üzrə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılanların kimliyilə maraqlanıb və hakim Əfqan Hacıyev onu bu barədə ətraflı məlumat verib.
Dünən dindirilən daha bir zərərçəkmiş Ülvi Sadıqov olub. O bildirib ki, yanğın zamanı ikinci mərtəbəyə qədər özü düşüb, oradan da polislərin köməyilə binadan çıxıb. Sonra bir müddət binanın qarşısında dayanıb, ardınca onu xəstəxanaya aparıblar.
Ülvi Sadıqovun atası Surxay Sadıqov isə iyulun 19-da keçirilən məhkəmə iclasında bildirmişdi ki, oğlunu ölmüş bilib binanın qarşısında meyitlərin arasına uzatmışdılar. Sonradan həkimlər onun sağ olduğunu biliblər. Ailə isə Ülvinin sağ olması barədə o, reanimasiyada olarkən xəbər tutub.
Ülvi Sadıqov isə binadan düşərkən huşunun özündə olduğunu deyib. Amma özü də təsdiqləyib ki, bina yanğını ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyinin qarşısında ölənlərin şəkilləri sırasında onun da fotosu olub.
Məhkəmə prosesi iyulun 26-da digər zərərçəkmişlərin ifadələrilə davam edəcək.
Xatırladaq ki, 15 nəfərin ölümüylə nəticələnmiş yanğına görə məhkəmə qarşısına “Global Construction” və “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, “Global Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon Icra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, Icra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal Istismar Sahəsinin rəisi olmuş Nizami Orucov, “Dərnəgül Boru” zavodunun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini laboratoriyasının rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov çıxarılıb. Onlara qarşı CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb.
Aytən