Türkiyənin səfiri: «Bu qruplaşmanın təkcə Türkiyə daxilində deyil, həm də ölkə xaricindəki strukturlarına qarşı mübarizəmizi davam etdiririk»
Türkiyənin Azərbaycandakı səfiri Ismayıl Alper Coşkun ölkəsində baş verən son hadisələrlə bağlı mətbuat konfransı keçirib. “Türkiyədəki hər hadisədə olduğu kimi, son hərbi çevriliş cəhdi zamanı da Azərbaycandakı hər qardaşımızın bizim hiss etdiyimiz duyğuları paylaşdığını bilirəm. Bütün azərbaycanlı qardaşlarımıza 15 iyul gecəsindən bəri göstərdikləri həmrəylik üçün minnətdarlığımı bildirirəm”, -deyə səfir bildirib.
Ismayıl Alper Coşkun bildirib ki, Türkiyədə baş verən son hadisələr bütün dünyanın diqqətini çəkib. Səfirin sözlərinə görə, dünyanın bəzi yerlərində dezinformasiya hallarına da rast gəlinib: “Türkiyə bütün 80 milyon vətəndaşı, qanuni dövlət qurumları ilə dimdik ayaqdadır. Heç kimin bununla bağlı tərəddüdü olmasın. Türk Silahlı Qüvvələri tərkibindəki ”FETÖ”çu qrupun təşəbbüsü ilə gerçəkləşən çevriliş cəhdinə vətəndaşlarımızın necə təpki verdiyini gördünüz. Bu olaylardan sonra Türkiyənin zəifləyə biləcəyini düşünən düşmənlərimiz varsa, onları iki dəfə düşünməyə dəvət edirəm”.
Ismayıl Alper Coşkun əlavə edib ki, hərbi çevriliş cəhdi Türkiyə Silahlı Qüvvələrinin əmr-komandanlıq sistemi daxilində baş verməyib. “Bu, ordu tərkibindəki kiçik qrupun təşəbbüsü olub. Onlar qanuna müvafiq şəkildə cəzalandırılacaqlar”, – deyə səfir vurğulayıb.
Türkiyənin terrorla mübarizə böyük təcrübəyə malik olduğunu deyən diplomat həmin terror qruplarından birinin də Fətullah Gülənin rəhbərlik etdiyi Fətullahçı Terror Təşkilatı (FETÖ) olduğunu bildirib. Səfir deyib ki, 15 iyul hərbi çevriliş cəhdi bu terror təşkilatının indiyə qədər bilinən terror fəaliyyətlərinin zirvəsini təşkil edir: “Hazırda onların təmizlənməsi davam etdirilir. Bu qruplaşmanın təkcə Türkiyə daxilində deyil, həm də ölkə xaricindəki strukturlarına qarşı mübarizəmizi davam etdiririk”.
Ismayıl Alper Coşkun Türkiyədə fövqəladə vəziyyət elan edilməsinə də münasibət bildirib. Səfir deyib ki, fövqəladə vəziyyətin elan edilməsində məqsəd məsum şəxslərin azadlıqlarını məhdudlaşdırmaq, onlara əlavə çətinliklər yaratmaq deyil: “Vətəndaşlar və ya Türkiyəyə səyahət planlaşdıran şəxslər bundan narahatlıq keçirilməməlidir. Heç kimin bu məsələ ən kiçik narahatlığı belə olmamalıdır”.
Qeyd edək ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd baş verib. Türkiyə rəhbərliyi hesab edir ki, bu çevrilişin ideya müəllifi ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Güləndir. Rəsmi Ankara onun ekstradisiyası üçün qarşı tərəfə müraciət edib. Türkiyə Milli Təhlükəsizlik Şurasının iyulun 20-də keçirilən iclasında ölkədə 3 ay müddətinə fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı tövsiyə qərarı qəbul olunub, bunun əsasında hökumət müvafiq qərar layihəsi hazırlayaraq parlamentə göndərib.