Gələcək nəsillərə neft pulu yox, borc miras qoyulub
Bu gün Azərbaycan bütün parametrlər üzrə dünyada ön sıralarda olmalıydı. Bunun üçün Azərbaycanın kifayət qədər potansialı var və ötən 23 il ərzində ən yüksək nəaliyyətləri təmin etmək mümkün idi.
Amma ən böyük imkanlar da səriştəsiz, acgöz, ədalətsiz adamların əlində lazımsız vasitəyə çevrilir. Azərbaycan hakimiyyəti də uzun illər ərzində Allahın bəxş etdiyi yeraltı və yerüstü sərvətləri şəxsi maraqlar naminə istifadə etdi. Dövlət və xalq üçün isə bu sərvətlər heç bir əhəmiyyət kəsb etmədi. Nəticədə zəngin bir ölkə ən kasıb ölkələrdən də geri qaldı. Təkcə bu illər ərzində qara qızılın satışından gələn vasəitlə, ölkəni bütövlükdə ağ günə çıxartmaq olardı. Hökumətdən yalnız dövlət və xalq sevgisi tələb olunurdu.
2003-cü ildən 2016-cı il iyunun 30-na qədər Dövlət Neft Fondundan (ARDNF) Azərbaycanın dövlət büdcəsinə transfertlərin ümumi həcmi 65 mlrd. 662 mln. manat təşkil edib. Həmçinin 2016-cı ilin birinci yarımilliyi ərzində ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 1 mlrd. 760 mln. manat təşkil edib. ARDNF 2003-cü ildən dövlət büdcəsinə transfertlər həyata keçirir.
Xatırladaq ki, Neft Fondunun təsdiq edilmiş Əsasnaməsinə görə, illik daxil olan vəsaitin ən azı 25 faizi gələcək nəsillərə saxlanmalıdır. Azərbaycna reallığında bu nizamnamənin heç bir əhəmiyyəti yoxdur. Neft Fonduna daxil olan vəsaitin, az qala, hamısı xərclənir. Bu, ya büdcəyə transfert olunur, ya da büdcədən kənar layihələrin maliyyələşdirilməsinə xərclənir.
Bəli, korrupsiya, inhisarçılıq, hesabatsızlıq təkcə bu günün deyil, gələcək nəsillərin də taleyini qaraldır. Gələcək nəsillərin sığortasına çevrilməli olan neft pulları, bu günkü hökumətin gələcəyinin sığortası üçün mənimsənilir.
Rəsmi statistika da göstərir ki, son 13 ildə Neft Fondundan 66 milyard dollar büdcəyə yönəldilib. Deməli, külli miqdarda vəsait büdcəyə transfert olunur və müxtəlif vasitələrlə büdcədən silinib. Uzun illər bu “ənənə” davam etdirilib və nəticədə büdcə də, Neft Fondu da əriməyə başlayıb. Hansıki, büdcəyə transfert edilən vəsait təyinatı üzrə, şəffaf xərclənsəydi, bu gün mövcud büdcə indikindən ən azı 5 dəfə çox olardı və bu qədər xarici borca ehtiyac olmazdı.
Məsələ gələcək nəslin pulunu mənimsəməklə də yekunlaşmır. Hökumət xarici borcun miqdarını artırmaqla, gələcək nəsilləri də borclu vəziyyətə salır. Deməli, neft pulları nəinki gələcək nəsillərə saxlanmayıb, əksinə gələcək nəsilləri girova çevirib.
Büdcədən ən çox vəsait investisiya layihələrinə yönəlir ki, bu da müxtəlif sahələrin inkişafına xidmət etməliydi. Mövcud hökumət isə hansı sahəyə investisiya yatırıbsa, həmin sahə zəlil vəziyyətə düşüb. Yollara, səhiyyəyə, təhsilə və digər sahələrin inkişafına milyardlar ayrılsa da, bu pulların böyük hissəsi şəxsi ciblərin inkişafına yönəlib.
Məhz bu acgöz və oğru siyasətə görə qara qızılı qara gələcəyə çevrildi.
Samir