Qadir Ibrahimli: «Effektiv özəlləşdirmə mühitinin yaradılacağı, yoxsa iri müəssisələrin məmurların qohumlarının adına rəsmiləşdiriləcəyi sualları açıq qalır»
Azərbaycan hakimiyyətinin üzləşdiyi böhrandan çıxmaq üçün xarici borc almaya və iri müəssisələri özəlləşdirməyə gedəcəyi proqnozlaşdırılan addım idi. Artıq iri dövlət müəssisələrinin özəlləşdirilməsiylə bağlı ilkin addım atılıb. Bu istiqamətdə qərar qəbul olunub. Hələlik bu siyahıya hansı müəssisələrin adının salınacağı bəlli deyil. Amma Beynəlxalq Bankın, Azərenerjinin, Dəmir Yollarının dirçəldilməsi bu siyahıda bu təşkilatların ola biləcəyini deməyə əsas verir. Bu aradan su və enerjinin qiymətinin artırılması da təsadüfi qiymətləndirilmir.
Bəs, iri müəssisələrin özəlləşdirilməsi hansı formada həyata keçiriləcək? Bu real özəlləşdirmə olaraq, dövlət büdcəsinə əlavə vəsait gətirəcəkmi? Yoxsa biz növbəti dəfə mülkiyyətin qəpik-quruşa bölüşdürülməsinin şahidi ola bilərik.
Iqtisadçı Qadir Ibrahimli bildirdi ki, hökumət özəlləşdirməyə münasibətdə müəyyən konseptual dəyişikliklər etmək istəyir. Q.Ibrahimlinin sözlərinə görə, bu özəlləşdirmə dövlətin xərcinin azaldılmasına xidmət etməlidir: “Yəni maliyyə problemi olan, sıxıntı çəkən iri müəssisələri özəlləşdirmək nəzərdə tutulur ki, növbəti mərhələdə dövlətin xərci az olsun. Eyni zamanda həmin müəssisəyə başqa investorları cəlb edib, vəziyyətdən çıxmaq mümkün olsun. Bu, ümumi yanaşmadır. Amma bu siyasətin necə həyata keçiriləcəyi hələ bəlli deyil. Yəni həqiqətən də effektiv özəlləşdirmə mühiti yaradılacaqmı, şəffaf müsabiqələr keçiriləcək, real investorlar cəlb olunacaqmı? Yoxsa özəlləşdirmə adı altında iri müəssisələr hansısa məmurun yaxınlarının adına rəsmiləşdiriləcək? Bu suallar açıq qalıb. Amma hökumətdə ümumi yanaşma budur ki, dövlətdən dotasiya alan, xərc tələb edən müəssisələr özəlləşdirilsin”.
Xəyal