Müzəffər Baxışov: «Bütün dəyişikliklər insanların mənafeyinin ziddinə, onların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlib»
Referendum aktında torpaq hüququna məhdudiyyətlərin qoyulması ilə bağlı müddəa da salınıb. Nazirlər Kabinetinin sonuncu iclasında ölkə başçısı Ilham Əliyev məmurların zəbt etdiyi torpaq sahələrindən danışdı və bu adamların adının bəlli olduğunu bildirdi. Məlum oldu ki, ölkədə əkin üçün yararlı sahələrin 1.4 milyon hektarı 800 min adama, 1.2 milyon hektarı isə 20 min adam məxsudur. Təkcə bu müqayisə torpaq bölgüsünün nə qədər “ədalət”li olduğunu, kənd təsərrüfatının nə qədər “effektli” inkişaf etdirildiyini aydın göstərir.
Beləliklə, referenduma çıxarılan dəyişikliklər qəbul olunarsa, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
Amma onu da qeyd etmək yerinə düşər ki, bir torpağın ələ keçirilməsi üçün bələdiyyənin, icra hakimiyyətinin iki strukturunun – rayon torpaq sahəsi və rayon memarlıq idarəsinin razılığı olmalıdır. Bundan başqa, müvafiq olaraq Torpaq və Əmlak Komitəsi də aparılan əməliyyatla bağlı razılığını verməlidirlər. Bu isə əgər torpaq qanunsuz ələ keçirilibsə, deməli, adları çəkilən strukturların da məsuliyyəti var.
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Konstitusiyanın 29-cu maddəsinə 5-ci və 6-cı hissə əlavə olunur. Beşinci hissə isə 7-ci hissə elan olunur. M.Baxışovun sözlərinə görə, 5-ci hissədə yazılır ki, xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Altıncı hissədə isə yaxzılır ki, sosial ədalət, torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüquqi qanunla məhdudlaşdırıla bilər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu norma qəbul olunsa, qanunlara dəyişiklik ediləcək. Nəticədə müəyyən məhdudiyyətlər nəzərdə tutula bilər. Məsələn, sosial ədalətlə bağlı belə bir qayda müəyyən oluna bilər ki, kiminsə beş hektardan artıq torpağı kənd təsərrüfatı təyinatlı torpaq ola bilməz. Yaxud da yaşayış məntəqəsi torpağı ola bilməz. Guya bunlar bununla sosial ədaləti bərpa edəcəklər. Bunların da sosial ədaləti necə bərpa etdikləri hamıya bəllidir. Bir də torpaqlardan səmərəli istifadəni təmin etmək məqsədilə, torpaq üzərində hüquq məhdudlaşdırıla bilər. Yəqin bu səmərəli istifadə deyəndə də kimlərinsə kənd təsərrüfatı torpaqlarından təyinatı üzrə istifadə edilməməsi nəzərdə tutulur. Yəni kimlərsə müəyyən müddət kənd təsərrüfatı torpaqlarından təyinatı üzrə istifadə olunmayacaqsa, onun hüquqi məhdudlaşdıra bilər”.
M.Baxışov onu da bildirdi ki, nəzərdə tutulan dəyişiklik Konstitusiyadakı Mülkiyyət Hüququ ilə bağlı maddənin özüylə ziddiyyət təşkil edir. M.Baxışovun sözlərinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyət hüququndan məhrum edilə bilməz. Yeni dəyişiklik isə müəyyən edir ki, qanunla belə bir məhdudiyyət tətbiq edilə bilər: “Konstitusiyanın 29-cu maddəsinin 4-cü hissəsi beşinci hissəyə münasibətdə 4-cü guya ümumi, 5-ci isə xüsusi normadır. Yəni burada xüsusi normadan torpaqlardan səmərəli istifadədən söhbət gedir. Mülkiyyətin xüsusi növündən söhbət gedir. Beşinci hissə xüsusi norma olduğuna görə, xüsusi norma ümumi normadan fərqlənə bilər. Əgər bu iki norma arasında ziddiyyət varsa, xüsusi norma tətbiq olunur. Bunun üçün hüquqi baza yaradılıb. Əslində Konstitsuyanın 29-cu maddəsinə dəyişiklikdən sonra bu maddənin 4-cü hissəsi ilə 5-ci hissə ziddiyyət təşkil edəcək. Ümumiyyətlə, bütün dəyişikliklər insanların mənafeyinin ziddinə, onların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlib. Bütün dəyişikliklər hüquqa və qanuna sığmır”.
Başqa bir dəyişiklyin, ümumiyyətlə, icra olunmayacağını deyən M.Baxışov bildirdi ki, Konstitusiyanın 24-cü maddəsinə edilən “insan ləyaqəti qorunur və ona hörmət edilir” dəyişikliyinin heç bir mənası olmayacaq: “Azərbaycanda dövlət hakimiyyəti hansı insan haqları və ləyaqətinə hörmət edir? Bu da mənasız dəyişiklikdir. Məqsədi odur ki, öz hakimiyyətlərini möhkəmlətsinlər”.
Xəyal