İyul ayının 19-da Demokratik Qüvvələrin Milli Şurası Koordinasiya Mərkəzinin növbədənkənar toplantısı keçirilib. Toplantıda “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi ətraflı müzakirə edilib. İclasda son günlər baş verən digər ciddi hadisələr də müzakirə olunub:
“Ölkə başçısı İlham Əliyev tərəfindən rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilmiş Referendum Aktının ölkədə ailə hakimiyyyətinin möhkəmləndirilməsi və respublika quruluşunun şəxsi hakimiyyət rejiminə transfer edilməsinə Konstitusion əsaslar yaradılmasına xidmət etdiyi qeyd edilib. Müzakirələrdə qeyd edilmişdir ki, Referendum Aktının layihəsində diqqətçəkən dəyişikliklər prezidentlik müddətinin 5 ildən 7 ilədək uzadılması, Azərbaycan siyasi sitemi üçün vitse-prezidentlik institutunun yaradılması, prezidentə Milli Məclisi buraxmaq, növbədənkənar prezident seçkiləri təyin etmək səlahiyyəti verilməsidir. KM-nin üzvləri göstərmişlər ki, bütün yeni dəyişikliklər ölkədə hazırda de-fakto mövcud olan qeyri-məhdud ailə hakimiyyətinə konstitusiya təminatları vermək cəhdidir. Toplantıda vurğulanmışdır ki, 100 il bundan əvvəl cümhuriyyət qurulmuş bir ölkədə ömürlük hakimiyyət iddiasına düşmək, ailə hakimiyyətinin konstitusion “əsaslarını” yaratmaq cəhdi xalqa qarşı həqarətdir.
Müzakirələrin gedişində qeyd edilmişdir ki, təkilf edilən dəyişikliklər vətəndaşların mülkiyyət toxunulmazlığı, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması təhlükəsi doğurur. Növbədənkənar toplantıda qərara alınmışdır ki, Referendum Aktı layihəsində yer almış mürtəce dəyişikliklərin mahiyyəti haqqında Milli Şuranın ayrıca bəyanatı hazırlansın, bu dəyişiklilərin hansı məqsədlərə xidmət etdiyi ölkə əhalisinə və beynəlxalq ictimaiyyətə çatdırılsın.
Növbədənkənar toplantıda AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Müsəlman Birliyi Hərəkatının rəhbəri Hacı Tale Bağırzadənin iyul ayının 19-da keçirilmiş məhkəmə prosesinə də münasibət bildirilmişdir. Müzakirələrdə məhkəmənin açıq keçirilməsinə məhdudiyyətlər qoyulmasından təəssüf hissi ifadə edilmiş, bu məhdudiyyətlərin Fuad Qəhrəmanlıya qarşı irəli sürülən saxta ittihamın Nardaran hadisələrinə heç bir aidiyyətinin olmaması, Müsəlman Birliyi Hərəkatı üzvlərinə qarşı uydurma “terror” ittihamı ilə bağlı olduğu qeyd edilmiş və göstərilmişdir ki, məhkəmənin qapalı keçirilməsi bu cinayət işinin saxta olduğunu bir daha sübut edir. Toplantıda Teleradio Şurası tərəfindən ANS televiziyasının yayımının müvəqqəti olaraq dayandırılması pislənmiş və bunun media qurumuna qarşı repressiv bir addım olduğu qeyd edilmişdir”.