Taleh Bağırzadə: “Mənə «bandotdel»də ağlasığmaz işgəncələr verildi”
«Tələb edirdilər ki, Nardaran hadisələrini Milli Şuranın, Cəmil Həsənli və Əli Kərimlinin təşkil elədiyini deyim»
Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran işi üzrə məhkəmə prosesi başlayıb. Məhkəmə qarşısına AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırzadə də daxil olmaqla, ümumilikdə 18 nəfər çıxarılıb.
Bu işə Əlövsət Abbasovun sədrliyilə, Mahmud Ağalarov və Eldar Mikayılovdan ibarət hakimlər kollegiyası baxır.
Dünən məhkəmənin hazırlıq iclası keçirilib və təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Nardaran işinə görə həbs edilənlərin əksəriyyətinin hüquqlarını dövlət hesabına təyin olunmuş vəkillər müdafiə edir.
“Mənim etirazım bu rejimədi…”
Təqsirləndirilən şəxslərdən Cabbar Cabbarov ümumiyyətlə, vəkildən imtina edib və səbəbini də belə əsaslandırıb: “Həbs olunanda mənə bir ”paykovoy” vəkil vermişdilər, hökumət vəkili idi. “Bandotdel”də bizə zülm eləyəndə o adam məni müdafiə eləmək əvəzinə, az qalırdı özü də onlara qoşulub məni döysün”.
Hakim Fuad Qəhrəmanlıdan məhkəmə tərkibinə etirazı olub-olmadığını soruşanda o, sualı belə cavablandırıb: “Mənim etirazım bu rejimədi. Onsuz da hakimlər dəyişsə də, heç nə dəyişməyəcək. Ona görə etirazım yoxdur”.
Fuad Qəhrəmanlı məhkəmə prosesinin sürətlə keçirilməsini istəyib. Qeyd edib ki, Kürdəxanıdakı istintaq təcridxanasında vəziyyət çox pisdi: “Orada bu istidə adam saxlamaq mənəvi işgəncədi”.
Üç güllədən ikisi hələ də bədənindədi…
Təqsirləndirilən Şamil Abduləliyevin vəkili onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilib ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatət qaldırıb. Müdafiəçi bildirib ki, Nardaran əməliyyatı zamanı Şamil Abduləliyev üç güllə yarası alıb və ikisi hələ də bədənindədi, o, normal hərəkət eləyə bilmir. Vəkilin sözlərinə görə, Abduləliyevi xəstəxanadan ağır vəziyyətdə çıxarıb məhkəməyə apararaq, barəsində həbs-qətimkan tədbiri seçiblər.
“Biz İslam dövləti yox, hakimiyyətin dəyişməsini istəyirik”
Taleh Bağırzadə də iki vəsatət qaldırıb. Bunlardan birincisi Fuad Qəhrəmanlının dərhal azadlığa buraxılması, ikincisi isə iş materialları arasında olan “Hacı Taleh Bağırzadənin müraciəti” adlı kitabçanın sübutlar siyahısından çıxarılması ilə bağlı olub: “Biz burada 18 nəfərik, onların 17-si Nardaran hadisələrinə görə, Fuad Qəhrəmanlı isə sonradan ”facebook”dakı yazılarına görə tutulub. “Bondotdel”də mənə 3 gün ərzində ağlasığmaz işgəncələr verildi. Biri var, adamı döyələr, toka verələr, bunlar adi şeylərdir. Amma söhbət dəhşətli, ağlasığmaz işgəncələrdən gedir. Tələb edirdilər ki, mən Nardaran hadisələrinin arxasında Milli Şuranın, Əli Kərimlinin, Cəmil Həsənlinin dayandığı barədə ifadə verim. Mən bu işgəncələrə dözəndən sonra məcbur olub Fuad Qəhrəmanlını “facebook” yazılarına görə tutdular. Burada olan insanların hamısı günahsızdır. Fuad Qəhrəmanlının məsələsi isə ümumiyyətlə, absurddu. Fuad Qəhrəmanlı dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalıdır.
Ikincisi, iş materiallarında “Hacı Taleh Bağırzadənin müraciəti” adlı kitabça var. Həmin kitabçaya əsasən yazıblar ki, guya, mən Azərbaycanda Islam dövlətinin qurulmasına çağırış etmişəm, Nardaran hadisələri, hicab aksiyası barədə danışmışam. Əgər bu kitab 26 noyabrdan əvvəl çap olunubsa, mən orada Nardaran hadisələri barədə necə danışa bilərdim? Yox, 26 noyabrdan sonra çap olunubsa, onda belə çıxır ki, mən “bandotdel”dən çağırış eləmişəm? Müsəlman Birliyi Hərəkatı Azərbaycanda Islam dövlətinin qurulmasını istəməyib və istəmir. Biz sadəcə, hakimiyyətin dəyişməsini istəyirik. Hakimiyyət isə dövlət deyil. Torpaqlarımızı işğal altında saxlayan da elə bu hakimiyyətdir. Həmin kitabçaların sübutlar siyahısından çıxarılmasını istəyirəm”.
“Əks halda, etiraz aksiyası keçirəcəyik”
Fuad Qəhrəmanlı özü isə məhkəmə prosesini izləməyə gələn Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimlinin məhkəmə zalına buraxılmamasına etiraz edib: “Bu, açıq məhkəmə prosesidir və istəyən hər kəs izləyə bilər. Əgər yenə belə hadisə təkrarlansa, biz etiraz aksiyası keçirəcəyik. Üzümüzü divara çevirib, ifadə verməkdən imtina edəcəyik”.
Hakim bildirib ki, məhkəmə prosesində konkret heç kimin iştirakına qadağa qoyulmayıb.
“İttihamlar siyasidir”
Fuad Qəhrəmanlının vəkili Yalçın Imanov müvəkkilinin dəmir barmaqlıqlar arasından çıxarılıb vəkillərinin yanında əyləşməsi barədə vəsatət qaldırıb: “Fuad Qəhrəmanlıya verilən ittihamlardan ikisi az ağır, biri ağır cinayətlər kateqoriyasına aiddir. Onun daim müdafiəçiləri ilə məsləhətləşməsinə, hüquqi yardım almasına zərurət var”.
Yalçın Imanov vurğulayıb ki, Fuad Qəhrəmanlıya elan edilmiş ittihamların Nardaran hadisələrilə heç bir əlaqəsi yoxdur.
Vəsatət təmin olunmayıb.
Yalçın Imanov digər vəsatətində Fuad Qəhrəmanlının barəsindəki cinayət işinin ayrılıb istintaq orqanına qaytarılmasını istəyib: “Fuad Qəhrəmanlını ”facebook” statuslarına görə tutublar. Onu qarşı itthamların siyasi məzmun daşıdığı qənaətindəyik. Məqsəd də mənsub olduğu partiyanın radikal dini obrazını yaratmaqdır. Istintaq orqanı onun sentyabrın 7-dən dekabrın 8-nə qədər yazdığı 10 statusunu götürüb ki, həmin statusların da bir qismində hakimiyyət sərt tənqid olunub, bir qismində dini cəhalət, qalanında da Fuad Qəhrəmanlı Nardaran hadisələrini təhlil edib, baş verənlərə doğru-dürüst qiymət verib. Fuad Qəhrəmanlının işinin xarakteri, ona qarşı ittihamlar da bu işə ayrıca baxılmasını tələb edir”.
Məhkəmə bu vəsatəti də təmin etməyib.
“Like” şahidləri
Fuad Qəhrəmanlının digər vəkili Nemət Kərimli onun barəsində cinayət işinə xitam verilməsinə dair vəsatət qaldırıb: “Fuad Qəhrəmanlının təqsirləndirilən şəxs qismində cəlbetmə qərarında açıq şəkildə göstərilib ki,”facebook”da yazdığı statuslara görə ona qarşı ittiham irəli sürülür. Onun əməlində cinayət tərkibi yoxdur və buna görə də barəsində cinayət işinə xitam verilməlidir”.
Digər vəkil Yalçın Imanov da həmkarının vəsatətini müdafiə edib: “Fuad Qəhrəmanlı Azərbaycanda bəlkə də yeganə adamdır ki, ikinci dəfədir yazılarına görə həbs olunur. 90-cı illərin sonunda onu ”Müxalifətin mitinq taktikası” adlı yazısına görə həbs eləmişdilər, indi də “facebook” statuslarına görə“.
Yalçın Imanov özü də müvəkkili barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, yolverilməz sübutların işdən xaric edilməsi ilə bağlı vəsatətlər qaldırıb: “Fuad Qəhrəmanlının işi üzrə ifadə verən şahidlərin bir qismi onun statuslarını bəyənən, şərh yazan adamlardır. Onların ifadələrinin sübutlar siyahısından çıxarılmasını xahiş edirəm.
Statuslarla bağlı ekspertiza qərarı 8 dekabrda verilib, rəy isə 4 apreldə alınıb. Qanuna görə, ekspert rəyi 1 ay ərzində verilməlidir. Qanunun tələbi pozulduğuna görə ekspert rəyi də sübutlar siyahısından xaric olunmalıdır”.
Yalçın Imanovun daha bir vəsatəti məhkəmədə audio və video yazılara imkan yaradılması barədə olub.
Hakimiyyətin 37-ci il məntiqi…
Fuad Qəhrəmanlı vəkillərinin vəsatətlərinə münasibət bildirərkən deyib ki, istintaqa ilk ifadəsində müstəntiq onun dediklərini təhrif edib: “Yazıblar ki, guya, mən statusumda insanları hakimiyyət uğrunda mübarizədə şəhid olmağa çağırmışam. Hardadır bu stasus? Bu, yalan da deyil, həyasızlıqdır. Prosesin gedişində müstəntiqin çağırılıb dindirilməsini tələb edəcəm. Yazıblar ki, hakimiyyəti günahkar gücə bənzətmişəm. Hakimiyyəti günahkar gücə bənzətmək cinayətdir? Bu, 37-ci il məntiqi ilə Azərbaycandakı formal olan hüququn tapdanmasıdır”.
Yetkinlik yaşına çatmamış şəxsə qarşı işgəncə
Həbs edilərkən yetkinlik yaşına çatmayan Ramin Yarıyevin vəkili Gülşən Salmanova da müvəkkili barəsində cinayət işinə xitam verilməsini istəyib. Vəkil bildirib ki, baxmayaraq, Raminin hər iki valideyni sağdır, istintaq orqanı onunla bağlı ilkin istintaq hərəkətlərində onların hər hansı birini yox, icra hakimiyyətinin əməkdaşını qanuni nümayəndə kimi göstərib: “Hərçənd istintaq hərəkətləri aparılarkən, Ramin dindirilərkən heç icra hakimiyyətinin o işçisi də iştirak etməyib. Ramin işgəncələr altında etiraf xarakterli ifadələr verməyə məcbur edilib. Mən işə qoşulandan sonra Nərimanov rayon məhkəməsinə vəsatət təqdim etdim. Məhkəmə günü istintaq orqanı Raminin atasını çağırıb, qanuni nümayəndə kimi tanıdı. Məhkəmə də vəsatətimizi təmin edərək, atası qanuni nümayəndə olana qədər Ramin Yarıyevlə bağlı aparılmış istintaq hərəkətlərinin qanunsuz olması barədə qərar çıxartdı. Raminə qarşı yeganə sübut onun özünün etirafedici ifadəsidir. Əgər məhkəmə qərarı ilə onunla bağlı istintaq hərəkətlərinin, həmçinin etirafedici ifadənin qanunsuz hesab edildiyini nəzərə alsaq, deməli, başqa sübut yoxdur və onun barəsindəki cinayət işinə xitam verilməli, azadlığa buraxılmalıdır”.
Ölən polislərin paltarları hardadır?
Taleh Bağırzadənin vəkili Elçin Sadıqov da müvəkkili barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, Nardaran əməliyyatı zamanı dünyasını dəyişmiş iki polisin şəxsi işlərinin Daxili Işlər Nazirliyindən alınıb cinayət işinə əlavə edilməsilə bağlı vəsatətlər qaldırıb: “Istintaq materiallarında polis olduğu deyilən iki şəxsin meyitinin yalnız alt paltarında olan fotoşəkilləri var. Deyirlər ki, onların paltarları DIN-in hospitalında çıxarılıb. Əgər çıxarılıbsa, həmin paltarlar da ekspertizaya göndərilməliydi ki, paltarların üzərindəki izlərlə meyitlərdəki xəsarət izləri tutuşdurulsun. Bundan başqa, əməliyyatın nəticəsilə bağlı heç bir hesabat tərtib olunmayıb. Bilinmir ki, kim neçə silah, neçə güllə alıb. Müdafiə tərəfinə bir çox sənədlər, o cümlədən ekpert rəyləri, hadisə yerinin müayinə protokolu verilməyib”.
“Terror görüntüsü yaratmaq üçün öz əməkdaşlarını qurban verdilər”
Vəkilinin vəsatətlərinə Taleh Bağırzadə özü də münasibət bildirib: “Namaz vaxtı qara maskalılar evə hücum etdilər. Guya, polisdə məlumat olub ki, orada silahlı dəstə, terror qruplaşması var və dini təbliğat aparırlar, bunlar da zərərsizləşdirməyə gəliblər. Əgər onlar terrorçuları zərərsizləşdirməyə gəlmişdilərsə, niyə əyinlərində ”bronejilet” olmayıb? Onları öldürənlər də elə özləri, hakimiyyət olub. Dəfələrlə ilahiyyatçıların cibinə narkotik atan, günahsız adamları şərləyib tutan hakimiyyətdən hər şey gözlənilir. Terror görüntüsü yaratmaq üçün özünün iki əməkdaşını da qurban verdi. Əlini 4 dindarın qanına batırdı.
Cənab hakimlər, necə ki, 37-ci ildə Hüseyn Cavidlərimizi güllələyib, sonra onlara bəraət verdilər, indi də belə olacaq. Nə qədər gec deyil, bu işdən imtina edin ki, gələcəkdə öz qohumlarınızın yanında bu məsələlərə görə adınızın hallanmasından xəcalət çəkməyəsiz”.
“İfadəyə zülm altında imza atmışam”
Təqsirləndirilən Zakir Mustafayevin vəkili Abil Bayramov bildirib ki, müvəkkili mütəşəkkil dəstənin üzvü kimi təqdim olunsa da, onunla digər təqsirləndirilənlər arasında nəinki görüş, heç telefon zəngi yoxdur: “Ehsan mərasimində, dini ayinlərdə iştirak etmək nə vaxtdan cinayət olub?”
Zakir Mustafayevin Nardaran hadisəsindən təxminən bir ay sonra həbs olunduğunu deyən vəkilin sözlərinə görə, müvəkkilindən işgəncə altında ifadə alınıb: “Sonradan həmin ifadəsindən imtina etdi”.
Təqsirləndirilən Abbas Hüseynovun vəkili Fariz Namazlı bir sıra sənədlərin müdafiə tərəfinə verilmədiyini məhkəmənin nəzərinə çatdırıb. Vəkilin sözlərinə görə, Abbas Hüseynov ilk ifadəsində heç bir cinayət törətmədiyini bildirib. Cəmi bir gün sonra işgəncə altında alınan ifadələrdə isə tamam əks fikirlər səsləndirib.
Abbas Hüseynov özü də “bandotdel”də işgəncəyə məruz qaldığını bildirib: “Ikinci ifadəyə zülm altında imza atılıb. Yazıblar ki, guya, məndə ”Kalaşnikov” olub. Bəs onda niyə həmin silahın üstündə mənim əl izlərim yoxdur? Bunların hamsı uydurmadır. Biz namaz qıldığımız yerdə zombilər hücum eləyib. Bizdə silah olmayıb”.
Məhkəmə prosesi iyulun 22-də digər vəkillər və təqsirləndirilən şəxslərin vəsatətlərilə davam edəcək.
Aytən