Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azərbaycan təmsilçisi “Qəbələ” bu mövsüm turnirdə üçüncü matçına çıxıb.
Roman Qriqorçukun komandası Macarıstanda MTK klubunun qonağı olub. İlkin mərhələdə Gürcüstanın “Samtredia” klubunu mübarizədən kənarlaşdıran “qırmızı-qaralar” bu səddi də keçməyə iddialıdır. Bunun üçün “Qəbələ” səfərdən sərfəli nəticə ilə ayrılmalı idi ki, bunu da bacarıb. Rəqibinə 2:1 hesabı ilə qalib gələn “Qəbələ” cavab görüşü öncəsi yaxşı üstünlük əldə edib.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 21-də Bakıda, 8-ci km qəsəbə stadionunda keçiriləcək.
Qollar: Nika Kvekveskiri, 25 (0:1), Filip Ozobiç, 63 (0:2), Şandor Togelle, 70 (1:2)
***
“Kəpəz” klubu bu gün ilk görüşünə çıxıb. Gəncə təmsilçisi Avstriyada “Admira” klubununa qonağı olub. Bu oyunda “Kəpəz” 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 20-də Bakıda keçiriləcək.
Xatırladaq ki, “Kəpəz” I təsnifat mərhələsində Moldovanın “Daçiya” klubunu (1:0) mübarizədən kənarlaşdırıb.
Qol: Starkl, 41 (1:0)