Sumqayıt sakinindən İlham Əliyevə ilginc müraciət
Sumqayıt şəhər sakini Fariz Həsənov ölkə başçısı Ilham Əliyevə müraciət edib. Şikayətçi ölkə başçısından onu Azərbaycan vətəndaşlığından çıxarmasını xahiş edir:
“2 ildir ki, işsizəm. Bu 2 ildə işsizliyə və aclığa görə ailəm dağıldı. Işsiz olduğuma üçün aliment vermək imkanım yoxdur. Məhkəmə isə buna görə mənə həbs cəzası verməyə hazırlaşır.
Cənab prezident, mən cinayətkar deyiləm. Sizin də dəfələrlə müşavirələrdə barmaq silkələdiyiniz xalqı vecinə almayan məmurların qurbanıyam.
Təsəvvür edin, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin qəbulunda olmuşam. O, mənə söz verdi ki, arxayın ol, səni işə götürəcəyik. Hətta bununla bağlı Kadrlar Idarəsinin rəisi Sevda Məmmədovaya da göstəriş verdi. Amma Sevda Məmmədova mənə deyir ki, matros işləmək üçün ali savad lazımdır. Mənim ali savadım olsaydı matros niyə işləyirdim ki? Mən dənizçilik peşə məktəbini bitirmişəm. Matros işləmək üçün bu kifayətdir. Siz heç universitet, yaxud akademiya bitirib matros işləmək istəyən görmüsünüzmü? Sevda Məmmədova məni işə götürməmək üçün belə absurd fikirlər səsləndirir.
Mənə deyir ki, “işə mən götürmürəm, get sədrin yanına”. Axı sədr özü ona mənim yanımda göstəriş verib. Görünür, bu idarədə subardinasiya tərsinədir. Yəni, kadrlar idarəsini rəisi sədrə, sədr ona tabedir. Əgər bu idarənin səlahiyyətli şəxsi matros işləmək üçün ali savadın vacib olduğunu deyirsə, o zaman niyə sədr tabeliyində olan şəxsə tabe olmasın ki?
Əslində məsələ belədir ki, bu idarədə işə düzəlmək üçün tanışın olmalıdır və müəyyən şərtləri yerinə yetirməlisən. Mənim tanışım yoxdur, pulum da yoxdur. Indi mən acından ölməliyəm?!
Mən 15 il ən müxtəlif gəmilərdə işləmişəm. Bosmanlığa qədər yüksəlmişəm. Işimdə heç vaxt nöqsan olmayıb. Amma mənim kimi kadra burada iş tapılmır.
Cənab prezident, faktiki olaraq ailəmə ruzi qazanmağa imkan vermirlər. Onların balaları toxdur, ona görə ac uşaqlardan xəbəri yoxdur.
Dəfələrlə anam da, mən də sizə məktub yazıb bu problemin həlli ilə bağlı kömək istəmişik! Amma görürəm ki, heç bir nəticəsi yoxdur. Əgər doğrudan da bu problemin həlli bu qədər çətindirsə, o zaman sizdən artıq dərəcədə xahiş edirəm ki, məni Azərbaycan vətəndaşlığından çıxarasınız. Mən artıq bu ölkədə yaşamaq istəmirəm”.