“The İndependent” yazır ki, qadınların beyin gücünü artırması üçün normal gecə yuxusu xeyirlidirsə, kişilərin beyni daha çox qısa mürgülərdən faydalanır.
Məqalədə deyilir ki, Münhendəki Max Planck İnstitutu yuxunun intellektual qabiliyyətə necə təsir etdiyini öyrənmək üçün 160 könüllü üzərində təcrübə aparıb.
Tədqiqatın hesabatı Kopenhagendə keçirilən Nevrologiya Forumunda təqdim olunub.
Araşdırmaçılar təcrübə altında olan adamların yuxu vərdişlərini və bu vərdişlərin onların zehni fəaliyyətinə təsirini müşahidə ediblər.
Alimlər bu zaman yuxu vərdişlərinin beyin fəaliyyətinə təsirini qadınlar və kişilər üçün ayrıca araşdırıblar.
Yüksək İQ göstəricilərinə bağlı yuxu siqma-ritm görüntülərini müayinə edən alimlər fikir veriblər ki, bu ritmlər qadınlarda yuxunun yuxugörməsiz (dərin) fazasına daxil olduqda daha fəal olduğunu göstərib.
Kişilərdə yuxugörməsiz yuxu ilə intellekt arasında belə bağlılıq aşkarlanmayıb.
Lakin kişilərdə siqma-ritmlərin aktivliyi onlar qısa mürgü döyəndə müşahidə olunub.
Professor Martin Dresler deyib ki, nəticələr siqma-ritmlərlə intellekt arasındakı bağlılığın indiyədək düşünüldüyündən daha mürəkkəb olduğunu göstərir.
Alim bildirib ki, intellektual qabiliyyətləri şərtləndirən çox sayda faktorlar mövcuddur və yuxu onlardan yalnız biridir.
Bundan əvvəl Loughborough Universitetinin Yuxu Araşdırma Mərkəzində aparılmış təcrübələrdən bəlli olmuşdu ki, qadın beyninə yuxu, kişi beynindən daha çox lazımdır və bunun səbəbi qadın beyninin daha mürəkkəb quruluşa malik olmasıdır.
Professor Jim Horne deyib ki, qadınlar çoxfunksiyalıdırlar, eyni zamanda bir neçə işi görməyi bacarırlar və onlar kişilərlə müqayisədə faktiki olaraq beyinlərindən daha çox istifadə edirlər.
Məhz buna görə də onların beyni yuxuya daha çox ehtiyac duyur.
(bbc azəri)