Milli valyuta üçüncü devalvasiyaya hamilədir
Hökumətin bütün vədlərinin yalan olduğu rəsmi şəkildə təsdiqini tapır. Əvvəlcə milli valyutanın sabit qalacağını bəyan etdilər və qısa müddət sonra birinci devalvasiya ilə üzləşdik. Birinci devalvasiyadan sonra yenə də manatın məzənnəsinə nəzarət edildiyini, yeni devalvasiyanın baş verməyəcəyini bildirdilər və yenə də qısa müddət sonra ikinci devalvasiya baş verdi.
Beləliklə, 10 ay ərzində milli valyuta 100 faiz dəyər itirdi. Bundan sonra hökumət islahat vədləri verməyə başladı, anti-böhran tədbirlərinə start verildiyi bildirildi. Amma ötən ilin fevralından sonra verilən vədlər əks istiqamətdə işlədi. Bütün iqtisadi göstəricilər sürətlə aşağı düşdü və ölkə daha ciddi böhrana sürükləndi.
Indi isə manat üçüncü devalvasiyaya hamilədir. Artıq manat müəyyən qədər ucuzlaşıb və ekspertlər də 3-cü devalvasiyanın doğulacağına əminlik ifadə edirlər.
Xatırladaq ki, ölkə başçısı Ilham Əliyev son dövrlər bütün çıxışlarında “biz ixracyönümlü iqtisadiyyat qururuq”, “qeyri-neft sektoru bizim üçün prioritet təşkil edir” tipli fikirlər səsləndirir. Amma görünən budur ki, bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın qeyri-neft ixracı 334.7 milyon dollar təşkil edib. Bu da ötən ilin yanvar-fevral aylarına nisbətən 39.5 faiz azdır.
Göründüyü kimi, hökumətin prioritet elan etdiyi sahələrdə ciddi geriləmə var. Hökumət nəinki inkişafa nail ola bilməyib, hətta geriləmənin qarşısını almaqda da acizdir. Əlbəttə ki, belə idarəetmə ilə manatın dayanıqlığını təmin etmək olmaz. Ancaq ixrac potensialını artırmaq üçün imkanlar var idi. Üstəlik, neftin qiyməti də 30 dollardan 50 dollara qədər qalxdı və müəyyən sabitlik yarandı. Deməli, hökumətin yarıtmazlığı, islahatlara start verməməsi bununla bağlı deyil. Sadəcə olaraq hökumət köklü islahatlara meylli deyil, real anti-böhran tədbirlərini hakimiyyətləri üçün təhlükə sayırlar. Hətta ölkənin bu qədər ağır vəziyyətində də şəxsi çıxarları düşünürlər, ciblərini doldurmağın yollarını axtarırlar.
Nəticə isə budur ki, ötən il yarım ərzində hökumət “islahata başlayırıq” vədi verib, fəaliyyətsiz qaldı. Qərbin maliyyə institularından uzunmüddətli kreditlər götürməklə problemi həll etmək, böhranı dəf etmək mümkün deyil. Hökumət bilərəkdən iqtisadiyyatı qısır vəziyyətə saldı və nəticədə manatın üçüncü devalvasiyası qapıdadır.
Deməli, hökumətin il yarımlıq “islahat proqramı” üçüncü devalvasiyanı reallaşdırmağa xidmət etdi.
Samir