İlham İsmayıl: «Belə görünür ki, azərbaycanlıları hədəf götürən və birbaşa Bakı ilə əlaqəli olan çetə fəaliyyətini davam etdirir»
Son zamanlar Ukraynada soydaşlarımızın oğurlanması və silahla təhdid edilməsiylə bağlı xəbərlər geniş yayılıb. Bir neçə həftə əvvəl bu mövzunu araşdıraraq bir sıra məqamlar ortaya çıxarmışdıq. Məlum oldu ki, Ukraynada yaşayan imkanlı azərbaycanlıların özləri, övladları və ya yaxınları oğurlanır və azad olunması müqabilində külli miqdarda pul tələb olunur. Bu əməliyyatların hamısı isə bir dəstə tərəfindən reallaşdırılır.
Məsələ burasındadır ki, bu cinayətlər Ukrayna daxili işlər naziri Avakov təyin olunandan sonra başlayıb və qarşısı da alınmır. Adam oğruları Rusiyadan gəlir, hədəflərini ələ keçirdikdən sonra Kiyev ətrafında gizlədir, Rusiyadan oğurlanan şəxslərin yaxınlarına döyülmüş, üz-gözü qanlı videolarını, fotolarını göndərir, pulu isə əsasən Bakıda alırlar. Bəzən pul Rusiyada, nadir hallarda Ukraynada da alınır. Məlumatlara görə, bu işin başında Bakıdan olan avtoritet dayanır. Hədəfin seçilməsi, yönləndirilməsi xəbərini dəstənin Ukraynadakı adamları verir.
Ukraynada soydaşlarımızla bağlı kriminal xəbərlərin yenə də ardı-arası kəsilmir. Bir neçə gün əvvəl Ukraynanın Donetsk vilayətinin Qorlovka şəhərində naməlum şəxslər azərbaycanlı iş adamını oğurlayaraq öldürüblər.
Donetsk vilayəti Azərbaycanlılar Konqresindən verilən məlumata görə, əslən Azərbaycanın Dəvəçi rayonundan olan, Ukrayna vətəndaşı Ilqar Aşurovu yaşadığı Qorlovka şəhərində avtomobili ilə birgə naməlum şəxslər oğurlayıb.
Qətillər səngimir
Bir neçə gün sonra onun meyidi şəhərdə istifadəyə yararsız zavodların birinin həyətində tapılıb. Meyidin üzərində ağır işgəncə əlamətləri olub. Onun döyülərək öldürüldüyü ehtimal edilir.
I.Aşurovu öldürən şəxslər xarici markalı avtomobilini və maşındakı külli miqdarda pulu aparıblar.
Daha bir qətl hadisəsi Ukraynanın Pokrovsk şəhərində baş verib. Azərbaycanlı iş adamını öldürərək, 40 min dollarını aparıblar.
Öldürülən şəxs əslən Azərbaycanın Xaçmaz rayonundan olan, 1966-cı il təvəllüdlü Ukrayna vətəndaşı Abdulla Abdullayevdir.
Ukraynanın bir neçə şəhərində valyutadəyişmə məntəqələri olan A.Abdullayev iyunun 14-də axşam saatlarında evinə gedərkən öldürülüb.
Iş adamının meyidi yararsız hala salınmış avtomobilində tapılıb. Onun başında güllə yarası aşkarlanıb. Qatillər avtomobildəki 40 min dollara yaxın pulu da aparıblar.
Son bir ildə isə Ukraynada 25 azərbaycanlının yoxa çıxdığı bildirilir.
Məsələnin bəzi məqamlarına aydınlıq gətirmək üçün dünən gün ərzində bir neçə dəfə XIN mətbuat xidmətiylə əlaqə saxladıq. Amma səylərimiz heç bir nəticə vermədi.
Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl bildirdi ki, XIN hazırda bu məsələyə müəyyən diqqət ayırıb. Bəzi məlumatlara görə, Ukrayna Daxili Işlər Nazirliyi ilə birgə müəyyən addımlar atılıb. “Amma belə görünür ki, azərbaycanlıları hədəf götürən və birbaşa Bakı ilə əlaqəli olan çetə fəaliyyətini davam etdirir”.
Xəyal