Formula 1 yarışı üçün satışa çıxarılan 30 minə yaxın biletdən 25 mini satılıb, yarışın yerli media nümayəndəsi BBC Azərbaycancaya deyib.
Biletlərdən əldə olunan gəlir hələ açıqlanmır. Gənclər və İdman nazirliyi bu barədə sualımıza cavab verməkdən imtina edib.
Bir müddət əvvəl BBC Azərbaycancaya müsahibə verən Formula 1 sözçüsü Nigar Arpadaray ən çox bilet alan ölkələrin Rusiya və Böyük Britaniya olduğunu vurğulamışdı.
Yarış ərəfəsində ölkəyə gələn turistlərin sayı rəsmi olaraq hələlik məlum deyil. AZAL, “Azərbaycan hava yolları” QSC-nin yaydığı məlumata görə, iyunun 10-dan 22-dək gələn ölkəyə gələn sərnişinlərin sayı 41 min nəfərdən çox olub. İyunun 14 və 16-ı ən pik günlər olub: hər gün 6 minə yaxın sərnişin.
Paytaxt Bakıda isə yolların əvvəlcə yarışa görə, sonradan isə söküntü işləri ilə bağlı bağlanması əhali arasında bəzi narazılıqların yaranmasına səbəb olub.
Qənbər daşlı yollar
Ötən həftə sonundan trekin Nizami küçəsinə düşən, Azneft dairəsindən Prezident Aparatının qarşısına qədər olan hissəsi yenidən bağlanıb və qənbər daşlı yolda asfalt sökülüb, yol əvvəlki vəziyyətinə qaytarılıb.
Halqa boyunca bir sıra küçələrdə bardürlər hələ də qalmaqdadır. Niyazi küçəsində artıq çıx az miqdarda qalan bardürlər ağır yükmaşınları ilə yığışdırılır, müxbirimiz müşahidə edib.
Azneft dairəsi və Neftçilər prospekti boyunca yol kənarındakı çəpərli bardürlər hələ ki yerindədir, ancaq avtomobillərin gediş gəlişi sərbəstdir.
Hökumət evinin qarşısında isə oturacaqlar hələ də sökülməyib. Yürüstü keçidlər də həmçinin. Yol boyu düzülmüş bardürlər ancaq kafe, restoran, yol keçidləri və ya bina girişlərindən yığışdırılıb.
Həftə əvvəlində yol söküntülərinə görə, sakinlər yenidən yollarını uzatmalı olub.
Müxbirimizin müşahidələrinə görə, bazar ertəsi Niyazi küçəsində qənbər daşlı yol sökülərkən, Bayıldan marşrutla metronun İçəri Şəhər stansiyasına bu yolla gəldiyini deyən paytaxt sakinlərindən biri söküntü işləri səbəbindən yolunun 20 dəqiqədən çox uzanmasından gileylənir.
Narahatlığını dilə gətirən digər bir sakinin deyir ki, yolun əvvəllər yarış, indi isə söküntü işləri səbəbindən bağlanması onun “qısa yolunu uzun edib”.
Daha əvvəl – bazar ertəsi rastlaşdığımız və yolu dikinə piyada qalxmalı olduğuna görə gileylənən yaşlı qadını polis “bu gün bayramdır, evinizdə oturun” deyə “sakitləşdirməyə” çalışır.
Asfaltı sökmək üçün əraziyə bir neçə texnika və canlı işçi cəlb olunub. Ərazidə olan iş icraçısının sözlərinə görə, ötən şənbə günündən başlanılan söküntü işləri yolun 200 metlik hissəsini əhatə edir və işləri bitirmək üçün onlara “bir həftə vaxt verilib”.
Qoşa Qala qapısı qarşısındakı qənbər daşlı yolun asfalt örtüyünün söküntüsü ilə bağlı hələ ki, hökumət tərəfindən qərar verilməyib, Formula 1 media nümayəndəsi BBC Azərbaycancaya deyib.
Onun sözlərinə görə, Formula 1 trekinin yerinin dəyişməsi ilə bağlı hər hansı dəyişiklik hələ gözlənilmir.
“Demək olar ki, hamının xoşuna gəlib. Xüsusilə tele-ekranlarda çox gözəl görünürdü. Biz fikirləşmirik ki, nə isə dəyişikliklər olsun. Olsa bu, onda F1 və hökumətin qərarı olacaq”, mətbuat nümayəndəsi əlavə edir.
BBC müxbirinin yarış ərəfəsində şəhərdə sürücülərlə söhbətində bəziləri yarış halqasının şəhərdən kənarda quraşdırılması təklifini irəli sürüb.
“Varşava gettosu”
Formula 1 yarışında Azərbaycana gələn rusiyalı turistlərdən biri “Bakıdan qaçış” adlı bloq yazısında yolu keçib getməli olduğu mağazaya insanların kilometrlərlə hasarı dolaşmalı olduğundan yazır.
“Mən anlamıram, bu Bakının mərkəzidir ya hansısa Varşava gettosudur ( Varşava şəhərində yəhudilərin toplanılması və saxlanılması üçün nəzərdə tutulmuş düşərgə)”, deyə bloqer sual edir.
Yarışın başlamasına 3 gün qalmış halqanın keçdiyi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşıb. Piyadalar isə bəzən uzun yol qət etməli və ya hündür yerüstü keçidlərdən istifadə etməli olublar.
Formula 1 yarışında yolların bağlanmasını şərh edən yerli sakinklərin biri “həyatımız əlimizdən alınıb” deyə “kimə lazımdır bu” sual edib. Digər bir sakin isə “son zamanlar nə olursa insanların ziyanına olur” şərhini verib.
Gənc sakin isə “ən azından 3 gündür, səbr etmək lazımdır” deyə yolların görünüşünün onun “xoşuna getdiyini” bildirib.
Yarış üçün yol kənarlarına düzülən bardürlərin və oturacaqların söküntüsü iyul ayının sonuna qədər davam edəcək, Formula 1 yerli media nümayəndəsi deyir.