Həqiqətən də vətəndaşın dərdinə şərik olmaq istəyirsizsə…
Böhran dərinləşdikcə, hökumətin imitasiya cəhdləri çoxalır. Statistik rəqəmlər də göstərir ki, bütün sahələrdə kəskin pisləşmə baş verir. Aydın görünür ki, fərmanlar, sərəncamlar, yeni yaradılan qurumlar tənəzzülün qarşısını ala bilmir. Çünki, bu cəhdlərin heç bir praktiki əhəmiyyəti yoxdur, bunarın heç biri anti-böhran tədbiri sayıla bilməz. Yuxarıda da qeyd etdiyimiz kimi, hökumətin vəziyyəti düzəltmək fikri yoxdur, sadəcə olaraq görüntü yatratmaqla məşğuldular. Xarici borc yükünü artırmaq, qiymətləri qaldırmaq, vətəndaşı daha da müflisləşdirmək hesabına vaxt udurlar.
Hətta nazirlərin, komitə sədrlərinin rayon səfərləri, sadə vətəndşalarla görüşləri də imitasiyadır. Bu haqda dəfələrlə yazmışıq ki, məmurların rayon səfərlərində həqiqi şikayətçilər, problemin məngənəsində sıxılanlar kənarda qalır. Səfər öncəsi icra hakimiyyətləri fovqəladə vəziyyət elan edir və büdcə təşkilatlarında çalışanlar məmurların qarşısına çıxarılır. Bu adamlara da ölkədəki inkişafdan, uğurlu siyasətdən danışılır, bol-bol vədlər verilir. Bəli, vətəndaşın şikayətini dinləməyə gedən məmurlar seçilmiş adamlara inkişafdan danışıb, geri qayıdırlar.
Indi də 2016-cı ilin iyul ayında nazirlərin şəhər və rayonlara səfər cədvəli açıqlanıb. Guya, nazirlər yenə də əyalətlərə səpələnib, xalqın dərdini dinləyəcək.
Əvvəla, xalqın boş vədlər eşitməyə yox, real işlərin görülməsinə ehtiyacı var. Hətta bu səfərlər zamanı sadə vətəndaş qəbula düşə bilsə də, nəticə dəyişməyəcək. Vətəndaş bahalıqdan, məmur özbaşınalığından, rşüvətdən, maaşların azlığından, ədalətsiz məhkəmə hökmlərindən, dövlət xəstəxanalarının pullu fəaliyyətindən şikayət edəcəklər ki, bu problemlər də hökumətin şüurlu siyasətinin nəticəsində yaranıb. Yəni neqativ ənənələr ləğv olunmadığı tədqirdə, qanunun aliliyi təmin olunmayana qədər, korrupsiyanın kökü kəsilmədiyi müddətcə, sosial siyasətdə ədalət bərpa olunmadığı halda, rayonlara səfər etməyin anlamı yoxdur. Əhali quru təsəllidən, yalançı vədlərdən, olmayan inkişaf haqqında nağıllardan doyub.
Ikincisi, vətəndaşın dərdinə şərik olmaq, problemləri dinləmək istəyən hökumət bunu rayonlara getmədən də edə bilər. Nazirliklərin qarşısına toplaşan şikayətçiləri dinləsələr, Prezident Aparatından tutmuş, prokurorluğa qədər ərizə ilə müraciət etmiş adamların problemi araşdırılsa, vətəndaşların xeyli hissəsinin dərdinə dərman tapmaq mümkün olar.
Bir təfədən haqqını tələb edənləri həbs eləyirlər, o biri tərəfdən vətəndaşın dərdini dinləyəcəklərini bəyan edirlər. Ismayıllıda haqqını tələb edənləri həbs etdilər, Binə bazarında haqsızlığa etiraz edənləri cəzalandırdılar, Binə kəndində yolların bərbad vəziyyətinə etiraz edənlər döyüldü, evinin sökülməsinə etiraz edənlər fikziki işgəncəyə məruz qaldı və s.
Yəni hökumət vətəndaşın problemini, dərdini dinləmək istəsəydi, ölkə bu həddə çatmazdı. Qəzetlər, saytlar, sosial şəbəkələr müxətlif sahələrdəki haqsızlıqlardan, məmur özbaşınalığından danışır, hər gün intihar halları baş verir. Bütün bunlara biganə qalan hökumət rayonda şikayətçiyə hansı köməyi edə bilər? Hökumət bilir ki, devalvasiyadan sonra dollarla krediti olanlar böyük zərərə uğradı, yaxud qiymətlərin 40-50 faiz qalxması vətəndaşın alıcılıq qabiliyyətini aşağı saldı. Bu problemləri həll etmək üçün isə rayonlara getmək yox, siyasi iradə nümayiş etdirmək, vətəndaşı sevmək lazımdır.
Ona görə də nazirlərin növbəti dəfə rayonlara ezam olunması görüntüdən, gözdən pərdə asmaqdan başqa bir şey deyil. Belə addımlarla vəziyyəti dəyişmək olmaz.
Samir