Azərbaycan idmançıları olimpiadaya qazandıqları lisenziyadan məhrum edilib
Mehman Əliyev: «Idmançılarımızla bağlı qərarlar idmanın real vəziyyətini göstərir»
Azərbaycan ağırlıqqaldıranlarının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qazandığı daha 3 lisenziyası əlindən alınıb. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) olimpiadada iştirak üçün kvota verdiyi ölkələr siyahısından Azərbaycanın adını çıxarıb.
Buna ölkənin 6 atletinin 2015-ci il dünya çempionatında dopinq-testdən keçə bilməməsi səbəb olub. Bir müddət əvvəl IWF-nin Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Konqresində Azərbaycanın aktivindən 1 kişi, 1 qadın idmançını çıxarmışdı. Belədə ölkəmizin 3 lisenziyası qalmışdı. Lakin beynəlxalq qurum yeni qərarla ağırlıqqaldıranlarımızı qalan lisenziyalardan da məhrum edib. Beləliklə, “Rio-2016″da Azərbaycanı bu növdə heç bir idmançı təmsil etməyəcək.
Qeyd edək ki, dünya çempionatında dopinq-testdən keçə bilməyən atletlərdən Valentin Xristov, Elxan Əliquluzadə, Silviya Anqelova, Firudin Quliyev və Intiqam Zairov 8 il, Dadaş Dadaşbəyli 4 il müddətinə diskvalifikasiya edilib. Bundan başqa, əvvəlki iki olimpiadada götürülmüş analizlərin təkrar yoxlaması nəticəsində Intiqam Zairovun Pekin-2008-də, Boyanka Kostovanın isə London-2012-də istifadəsi qadağan olunmuş preparatlar qəbul etdiyi açıqlanıb (Report).
Azərbaycan hakimiyyətinin bütün sahələrə sirayət etdiyi saxtakarlıq siyasəti özünü idmanda da göstərir. Nəticədə Azərbaycan idmanının adı bununla neçənci dəfədir ki, mənfi kontekstdə hallanır. Idmanı əsas təbliğat vasitələrindən birinə çevirən hakimiyyət qələbə qazanmaq və bundan təbliğatı üçün istifadə etmək naminə hər şeyə hazırdır.
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, idmançılarımızla bağlı çıxarılan qərarlar idmanın real vəziyyətinin göstəricisidir. Ayrılan maliyyələrə baxmayaraq Azərbaycanda idmanın zəif inkişaf etdiyini deyən M.Əliyev vurğuladı ki, qadağan olunmuş vasitələrdən istifadə edərək göstəriciləri yaxşılaşdırmağa çalışırlar: “Keçən ilin əvvəlindən yeni qaydalar tətbiq olunur. Yeni normalar qəbuledici preparatlarla bağlı qaydaları sərtləşdirib. Artıq həmin preparatların aşkarlanması asanlaşıb. Əvvəl Rusiya və bizim idmançılar bu preparatlardan geniş istifadə edirdi. Amma artıq həmin preparatların aşkarlanması asanlaşıb”.
M.Əliyevin fikrincə, idmançılarımızın dopinq testdən keçə bilməməsi texniki məsələ olsa da, digər tərəfdən idmanın hansı vəziyyətdə olduğunu göstərir. “Zəif idmançılarla dopinqin hesabına nəticə əldə etməyə çalışırlar”, deyə M.Əliyev vurğuladı.
Xəyal