«Qarşı tərəfin öhdəliyi yerinə yetirməməsi şirkətə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ verir»
“Azadlıq”ın ötən sayında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi ev 7, mənzil 121 ünvanında yaşayan Sayad Kazımovanın şikayət məktubunda bəhs etdiyi problemi işıqlandırmışdıq.
“Sabunçu sakini ”Akkord” şirkətindən narazılıq edir” başlıqlı yazıda bildirilirdi ki, Sayad Kazımov “Akkord”un onun və ailə üzvlərinin hüquqlarını pozduğunu iddia edir. Şikayətçinin sözlərinə görə, qızı Ilahə Əliyevanın adına 13 mərtəbəli binadan sahəsi 82.1 kvadrat metr olan ikiotaqlı mənzil alıb. Müqavilə əsasında mənzil 81 min 745.33 manat qiymətləndirilib və şikayətçi həmin məbləği 96 ay ərzində ödəməli olub. 11 mart 2014-cü ildə yenidən, bu dəfə şikayətçinin qızı Könül Ağayevanın adına müqavilə bağlanıb və həmin mənzil 92 min 743.43 manat qiymətləndirilib. Sonra isə onlara mənzilin pulunun “Beynəlxalq Bank”ın Nərimanov filialına ödəməli olduqları deyilib. Bir müddət sonra bank məktub göndərib ki, borc ödənilməsə, mənzil satılıb, əldə olunan vəsait banka çatacaq.
Şikayət məktubunda yazılanlara “Akkord”dan cavab verilib. Şirkətdən “Azadlıq”a daxil olan cavab məktubunda bildirilir ki, Sayad Kazımovanın qızı Könül Ağayeva ilə “Akkord” arasında 11 mart 2014-cü ildə müqavilə bağlanıb. Müqavilənin 1.1-ci bəndinə görə, şirkət Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, bina 7, blok 1-də yerləşən, ikiotaqlı, sahəsi 82.10 kvadrat metr olan 121 saylı mənzili Könül Ağayevaya satmağı, o da mənzilin dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada şirkətə ödəməyi öhdəsinə götürüb. Amma uzun müddətdir ki, aylıq ödənişlər etmir. Bu da şirkətə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ verir. Müqaviləyə əsasən, Alıcı müəyyən edilmiş öhdəliklərini pozduqda və ya 30 təqvim günü ərzində ödəniş etmədikdə Korporasiyanın müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ var.
“Alıcı tərəfindən müqavilədən irəli gələn öhdəliklərin icra olunmaması müqavilənin əhəmiyyətli dərəcədə pozuntusuna dəlalət edir. Korporasiya tərəfindən dəfələrlə alıcıya müqavilənin icrasından birtərəfli qaydada imtina etməklə onun ləğv edilməsi barədə bildiriş ünvanlansa da bunun heç bir nəticəsi olmayıb.
Yuxarıda göstərilənlər korporasiyanın sözügedən şəxslə bağlanmış müvafiq müqavilə öhdəliklərinin vətəndaş Könül Ağayeva tərəfindən yerinə yetirilməməsilə bağlı Sabunçu rayon məhkəməsinə də ünvanladığı, müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsində öz əksini tapıb”, – deyə cavab məktubunda bildirilir.
Sosial şöbə