Deputatların «erməni» arqumentindən yapışması diplomatik məğlubiyyətin etirafıdır
AŞ PA-dakı rüşvət biabırçılığına YAP-çı deputat Aydın Mirzəzadədən sonra, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da münasibət bildirib. Təbii ki, Səməd Seyidovun bu biabırçı hadisəyə münasibəti fərqli olmayıb. O da baş verənlərin arxasında erməni lobbisinin dayandığını, Azərbaycanın AŞ PA-dakı uğurlarını bəzi qüvvələrin həzm edə bilmədiyini söyləyib. Eyni zamanda bildirib ki, bizim işimiz hansısa şayiələri araşdırmaq deyil, biz müstəntiq, prokurur deyilik, belə böhtanlara məhəl qoymuruq və s.
Bəli, Azərbaycanın taleyi, dövlətin imici, xalqın gələcəyi bu adamların girovluğundadır. Dünya mətbuatı Azərbaycan deputatlarını çirkli fəaliyyətdə ittiham edir, Səməd Seyidov isə “bizim işimiz yazılanları ifşa etmək deyil” söyləyir.
Ancaq AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri olaraq ən böyük məsuliyyəti Səməd Seyidov daşıyır və bu məsələ ən çox onu narahat etməliydi. Yazılanlar, deyilənlər yalandırsa, Səməd Seyidov od püskürməli, həmin Italiya qəzetini məhkəməyə verəcəklərini bildirməli, bu məsələni AŞ PA-da müzakirəyə çıxarcağını bəyan etməliydi. Amma aydın şəkildə görünür ki, ölkənin adının ləkələnməsi, millətə vəkillik eşqinə düşmüş adamların rüşvət verməkdə ittiham olunması Səməd Seyidovu qətiyyən narahat etmir. Sanki, hökumətin belə biabırçılıqlara immuniteti yaranıb və çirkli sövdələşmələrin üzə çıxmasına görə qətiyyən təşvişə düşmürlər.
Hökumətin AŞ PA-dakı uğurlarına gəlincə, vəziyyət daha da gülməlidir. Səməd Seyidov hansı uğurlardan danışır? AŞ PA-da deputatların Azərbaycan nümayəndə heyəti ilə məsafə saxlaması, “kürü diplomatiyası”, prezident və parlament seçkilərinə mənfi rəy verilməsi, hakimiyyətin repressiv siyasətə görə tənqid atəşinə tutulması uğurdurmu? Bəlkə, hökumət AŞ PA-da demokratik imic qazanıb, bəlkə, Qarabağ məsələsində həlledici uğura nail olmuşuq? Axı, AŞ PA-dakı uğurumuz nədə ifadə olunur? AŞ PA-da uğur qazanan hökumətin deputatlarını 2.4 milyon avroluq rüşvətdə ittiham edərlərmi?
Səməd Seyidovun bu məsələdə erməni izi axtarması daha böyük biabırçılıqdır. Avropa Parlamentində qətnamə qəbul olunanda da, Almaniya Bundestaqında hökumət tənqid ediləndə də, ABŞ Konqresində sanksiya məsələsi gündəmə gətiriləndə də, AŞ PA-dakı rüşvət qalmaqalında da, beynəlxalq mətbuat hakimiyətin korrupsiya layihələrini üzə çıxaranda da, beynəlxalq hüquq müdafiə təşkilatları hakimiyyəti hədəf seçəndə də, YAP hakimiyyəti “bu, ermənilərin işidir” söyləyirlər.
Deməli, etiraf edirlər ki, ermənilər siyasi səhnədə də hakimiyyəti məğlub edir. Deməli, acından ölən Ermənistan, milyardların axdığı Azərbaycandan daha effektli mübarizə aparır. Bəs, xaricdəki diaspora təşkilatlarına, lobbiçilik fəaliyyətinə xərclənən milyardların nəticəsi hanı? Əgər Ermənistan bütün mötəbər qurumları ələ alıbsa, bu o deməkdir ki, hökumət bu illər ərzində heç bir təbliğat aparmayıb. Deməli, ölkənin təbliği üçün büdcədən ayrılan milyardlar da korrupsiyanın qurbanı olub.
Bəli, hökumət AŞ PA biabırçılığını ermənilərin üstünə atmaqla daha böyük korrupsiyaya yol verdiyini etiraf etmiş olur. 23 ildə bir qarış torpağı işladan azad edə bilmədikləri azmış kimi, diplomatik müharibədə də ermənilərə məğlub olduqlarını etiraf edirər.
Reallıq isə budur ki, hökumət faktlarla yaxalanıb və buna görə də heç bir hüquqi addım ata bilmir. Müxalifətçiləri şərləyərək həbsə atan, məhkəmə hökmü olmadan bu adamlara “vətən xaini”, “narkoman”, “xuliqan” damğası vuran zehniyyət, indi “biz prokurur, müstəntiq” deyilik söyləyir. Ancaq bu adamlar ölkədəki bütün qurumların səlahiyyətini bir neçə şəxsin istəyinə bağlayıblar.
Bir sözlə, Səməd Seyidovun açıqlaması da AŞ PA rüsvayçılığını təkzib edə bilmədi. Ümumi, köhnəlmiş arqumentlərə istinad edildi ki, bu da qətiyyən “rüşvət verməmişik” anlamına gəlmir.
Akif