İstanbul Atatürk hava limanındakı terrorda ölənlərin sayı artır. İstanbul valiliyinə istinadla yayılan son məlumata görə, həyatını itirənlərin sayı 42-ə çatıb. Onlardan 10-u xarici ölkələrin vətəndaşlarıdır. Yaralıların sayı isə 239 göstərilir. Onlardan 109-u artıq xəstəxanalarda yardım alaraq evə buraxılıblar. Qalanları isə xəstəxanadadır.
***
Türkiyənin baş naziri Binali Yıldırım Atatürk hava limanındakı terrorla əlaqədar Ankarada prezident Ərdoğanən sədrliyi ilə keçirilən müşavirədən dərhal sonra xüsusi reyslə İstanbula – Atatürk hava limanına gedib. Baş naziri müavinləri və başqa dövlət rəsmiləri müşaiyət edir.
Hava limanında açıqlama verən Yıldırım terror nəticəsində 36 nəfərin həyatını itirdiyini, ilkin izlərin isə terroru İŞİD-in törətdiyini göstərdiyini deyib.
Lakin ədliyyə naziri Bəkir Bozdağ hava limanında terror qurbanı olanların sayı ilə bağlı fərqli rəqəm açıqlayıb. Nazirin verdiyi rəsmi məlumata görə, terror nəticəsində 31 nəfər ölüb, 147 nəfər yaralanıb.
***
Atatürk hava limanındakı terror nəticəsində ölənlərin sayı artır. Doğan Xəbər Agentliyinin (DHA) yaydığına görə, ölü sayı 32-yə yüksəlib, 88 nəfər isə yaralıdır. Ölənlərdən 2-si polisdir.
Terrorçulardan biri öldürülüb, biri isə yaralanandan sonra özünü partladıb.
Terroru İŞİD-in törətdiyi ehtimal edilir.
Amerikanın Associated Press agentliyi isə adını açıqlamadığı yüksək səviyyəli Türkiyə yetkilisinə istinadla ölənlərin 50 nəfər olduğunu bildirir. Yetkili agentliyə terroru İŞİD-in öz üzərinə götürdüyünü də deyib.
Bu arada Türkiyə mediası təhlükəsizlik kameralarının terror zamanı qeydə aldığı yeni görüntüləri yayıb.
***
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Atatürk hava limanında törədilən terrorla bağlı ilk açıqlamasını verib.
“Bu hücum terror təşkilatlarının məsum mülki şəxsləri hədəf alan qaranlıq üzünü bir daha ortaya qoyur. Bu hücumun hər hansı nəticə əldə etməsi deyil, sadəcə və sadəcə məsum insanların qanı və acısı üzərindən dünyaya ölkəmiz əleyhinə təbliğat materialı düzəltməyi hədəflədiyi aydındır.
Türkiyə terror təşkilatları ilə mücadiləsinə, ödədiyi bütün bədəllərə rəğmən, sonuna qədər davam edəcək imkana sahibdir.
Dünyanın, xüsusilə də Qərb ölkələrinin öz iqtidarları, parlamentləri, mediası, sivil toplumları ilə terror təşkilatlarının bu oyununa qarşı artıq qərarlı bir duruş sərgiləmələrini gözləyirik.
Hər kəs əmin olsun ki, terror təşkilatları üçün İstanbul ilə Londonun, Ankara ilə Berlinin, İzmirlə Çikaqonun, Antalya ilə Romanın bir fərqi yoxdur. Bütün dövlətlər, bütün insanlıq olaraq əl-ələ verib, terror təşkilatlarına qarşı ortaq mücadilə aparmasaq bu gün ağlımıza gətirməyə belə qorxduğumuz ehtimalların hamısı bir-bir gerçəkləşəcək”, -deyə Ərdoğan bildirib.
***
Türkiyənin “Hürriyet” qəzeti (hurriyet.com.tr) İstanbulun Atatürk hava limanında törədilən terrorla bağlı bir detalı açıqlayıb. Qəzet yazır ki, 3 canlı bombanın özlərini partlatması ilə həyata keçirilən terror zamanı kameraların qeydə aldığı görüntülərdən biri belədir:
Terrorçulardan biri x-raydan keçməsi ilə ətrafdakı insanlara Kalaşnikov avtomatından atəş açmağa başlayır. O güllə yağdıra-yağdıra qaçır, insanlar ora-bura sığınmaqla canlarını qurtarmağa çalışır. Daha sonra təhlükəsizlik əməkdaşlarından biri terrorçunu vurub yerə sərir və ona yaxınlaşır. Lakin o, aniyən geri qaçmağa başlayır və bu zaman yerdə uzalı olan yaralı terrorçu özünü partladır.
Qəzet baş verənlərin videoyazısına malik olduğunu, lakin yayın yasağı üzündən onu paylaşmadığını qeyd edir. Lakin videoyazıdan götürüldüyü hiss olunan bir neçə foto yayıb.
***
Hadisə ilə əlaqədar məlumat verən İstanbul valisi Vasip Şahin, ölü sayının 28-ə yüksəldiyini bildirib. Vali hücumun 3 ayrı canlı bomba tərəfindən reallaşdırıldığnı deyib.
***
Anadolu Agentliyinin xəbərinə görə, Atatürk Hava Limanında meydana gələn partlayışda 6-sı ağır olmaqla, ümumilikdə 60 yaralı var. Yaralılar partlayışdan sonra 49 təcili yardım və 5 xüsusi qrup vasitəsilə xəstəxanalara köçürülüb.
***
Hadisənin şahid Mine İydinç: “Sanıram 4 nəfər idi, ətrafa atəş açdılar, insanları gözdən keçirməyə başladılar. Biri özünü partlatdı”.
***
Ədləiyyə naziri Bəkir Bozdağ onlarda olan ilkin məlumatlara görə 10 nəfərin öldüyünü, çox sayda yaralının olduğunu açıqlayıb.
İstanbulun “Atatürk” beynəlxalq hava limanında ardıcıl iki güclü partlayış baş verib.
Partlayışdan sonra hava limanı ərazisində atəş səsləri eşidilib. Partlayış zamanı ən azı bir nəfərin öldüyü bildirilir.
Məlumata görə, hadisə yerinə çoxsaylı polis və təcili yardım briqadaları cəlb olunub.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara aparılır.
Aeroporta giriş-çıxış məhdudlaşdırılıb.
Hadisənin terror aktı olduğu bildirilir.