Hazırkı gedişat nikbin ovqat üçün heç bir əsas vermir. Çünki gəlirlər sürətlə azalmaqda, xərclər (təlabat) və problemlər sürətlə böyüməkdədir. İslahatların isə izi-tozu da görünmür.
Əgər bu ilin “yanvar-aprel” aylarındakı tendensiya dəyişməzsə, o zaman ilin sonunadək iqtisadiyyatın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulan maliyyə vəsaitləri daha 68% azalacaq.
Onu hesaba almaq lazımdır ki, iqtisadiyyatın maliyyələşdirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitləri ötən ilə nəzərən bu il 46% azaldılaraq 8,5 milyarddan 4,6 milyard manata endirilmişdi. İki dəfəyə yaxın azaldılmış həmin maliyyə vəsaitlərinin daha üçdən ikisinin ixtisar oluna biləcəyi ehtimalı çox böyüyüb.
Bu ilin dövlət büdcəsindən investisiya məqsədləri üçün 3 milyard manat xərcləmək nəzərdə tutulub. Artıq 4 ay ötüb. Ancaq büdcədən investisiya üçün vur-tut 246 milyon ayrılıb. Bu gedişatla 3 milyarddan 740 milyon və ya 75% az yatırım etmək mümkün olacaq.
Belə vəziyyətin yaranması olduqca fəlakətli nəticələrə gətirib çıxara bilər. Yanlış iqtisadi siyasət nəticəsində xeyli dərəcədə zəiflədilmiş iqtisadi-biznes strukturlarının fəaliyyəti daha da sönə bilər.
İlin sonunadək dövlət büdcəsindən səhiyyənin maliyyələşdirilməsinə ayrılmış vəsaitlərin 51% (420 milyon), təhsil xərclərinin 26% (470 milyon), sosial müdafiə və sosial təminat xərclərinin 19% (520 milyon), ümumdövlət xidmət xərclərinin 21% (635 milyon), məhkəmə hakimiyyəti, hüquq – mühafizə və prokurorluq orqanlarına ayrılmış xərclərin 22% (270 milyona yaxın) kəsirdə qalacağı gözlənilir.
Dövlət büdcəsində yaranmış bu gərgin vəziyyət hər kəs üçün, xüsusən də hökumət və parlament üçün ciddi siqnal sayılmalıdır. Fərqində olmaq lazımdır ki, həm siyasi, həm də iqtisadi mənalarda ciddi islahatların önünü açmadan, sahibkarların əl-qolunu bağlayan əməlləri durdurmadan dərinləşməkdə olan iqtisadi və sosial tənəzzülün zəiflədilməsi mümkün deyil.