Öz xalqına sərbəst şəkildə zülm edə bilmək üçün İtaliyadan olan AŞPA üzvlərinə 2.4 milyon avro rüşvət verməsinin xəcalətini çəkmək əvəzinə, hakimiyyət trollar vasitəsilə dövriyyəyə söhbət buraxıb ki, “gördünüz, avropalılar da rüşvət alırmış”. Məgər biz bunu bilmirdik? Avropada da, ABŞ-da da rüşvət alanlar, rüşvət müqabilində nəinki dəyərlərini, hətta dövlətini, millətini satanlar da var. Amma oralarda seçki var. Ona görə də korrupsiyada, rüşvətdə ifşa olunan birinin nəinki prezident, heç deputat olmaq imkanı da olmur. Oralarda müstəqil məhkəmələr var, prokuror və müstəntiqlər vəzifəli şəxsə deyil, qanuna tabedir. Ona görə də sizin verdiyiniz rüşvəti də İtaliyalı prokurorlar üzə çıxardı. Necə ki, bundan əvvəl Avstriyada manatın çapı üçün rüşvət almağınızı da Avstriya prokurorluğu üzə çıxarmışdı. Necə ki, FİFA-dakı nəhəng korrupsiya şəbəkəsini ABŞ müstəntiqləri üzə çıxarıb ifşa etdilər. Oralarda həm də rüşvətxorları cəsarətlə ifşa edən azad mətbuat var. Vikiliks sənədlərini də, Panama sənədlərini də, sizlərin də xeyli korrupsiya əməlini ifşa etmiş mütəşəkkil cinayətkarlığı araşdıran jurnalistlərin korrupsiya araşdırmalarını da həmin azad mətbuat dünyaya yayır və dövlət orqanları da tədbirini görür. Biz də həmin mexaizmləri ölkəmizdə qurmaq istəyirik. Biz demirik ki, Qərbdəkilər mələkdir və biz də onlar kimi olaq. Biz deyirik, ölkəmizdə seçki olsun ki, xalqın gözünün içinə baxa-baxa oğurluq edənlər hakimiyyəti zəbt edə bilməsin; ədalətli məhkəmə, müstəqil istintaq olsun ki, belələri törətdikləri cinayətlərə görə məsuliyyət daşısın; azad mətbuat olsun ki, oğru və quldurlar vaxtında ifşa edilsin! Siz bunu istəmirsiniz?