Üzeyir Cəfərov: «Gürcüstanın atdığı addım təqdirəlayiqdir və bunun daha müasir, yaxşı forması Azərbaycanda da olmalıdır»
Gürcüstanın müdafiə naziri Tina Xidaşeli həqiqi hərbi xidmətin ləğbv edilməsi haqqında sərəncam imzalayıb. Bu qərar iki gündür ki, qüvvəyə minib.
Gürcü nazir qeyd edib ki, ölkəsinin ali qanunverici orqanı məsələyə dair uyğun qanun qəbul edə bilmədiyindən, o, çıxış yolunu sərəncam verməkdə görüb: “Mən sizin qarşınızda həqiqi hərbi xidmətin ləğvi barədə sərəncam imzalayıram.ÿBu qərar imzalandığı andan qüvvəyə minir”.
Xatırladaq ki, bir müddət əvvəl gürcü nazirÿhəqiqi hərbi xidmətin ləğvi haqda qərarın 2017-ci ildə qüvvəyə minəcəyini nəzərdə tutmuşdu.
Həqiqi hərbi xidmətin ləğvi Azərbaycanda da zaman-zaman gündəmə gəlib. Lakin bəzi səbəblərdən bu məsələ hələ də həllini tapa bilməyib. Aydın məsələdir ki, müharibə şəraitində olan ölkəmizin peşəkar orduya ehtiyacı daha çoxdur. Belə olduğu halda, bizdə də həqiqi hərbi xidmətin ləğvi və peşəkar ordunun yaranması mümkün ola bilərmi?
Hərbi sahə üzrə ekspert Üzeyir Cəfərov deyir ki, Gürcüstanın atdığı addım təqdirəlayiqdir və bunun daha müasir, yaxşı forması Azərbaycanda da olmalıdır. Ekspert ildə dörd dəfə çağırışa heç bir halda ehtiyac olmadığını vurğulayaraq, tədricən peşəkar orduya keçməyin zəruriliyini qeyd edir:
“Peşəkar ordunun elementləri də Azərbaycan Silahlı Qüvvələrində var. Bizim elə hərbi hissələrimiz var ki, orda əsgəri heyət xidmət keçmir. Orada sırf peşəkarlar var. Misal üçün, xüsusi təyinatlıların hərbi hissəsi və digərləri var ki, orada müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçulardır. Peşəkar orduya keçmək vacib və zəruridir. Ildə dörd dəfə çağırış aparmaq ordunu bəzi proseslərdən geri salır. Bəzi işbazlar üçün bu məsələ bir növ müəyyən işlə məşğul olmaq görüntüsü yaratmaq üçün bir imkandır. Alternativ xidmət haqqında qanun gündəmə gətirilməlidir. Gürcüstanın atdğı addım bizə nümunə olmalıdır və bundan yararlanmalıyıq. Həqiqi hərbi xidmət SSRI-dən qalma metoddur və xeyli problemlə, çətinliklərlə müşayiət olunur”.
Üzeyir Cəfərov həqiqi hərbi xidmətin ləğvinin gürcü ordusunun xeyli güclənməsinə gətirib çıxaracağını düşünür. Deyir ki, həqiqi hərbi xidmət elə də mükəmməl ənənə deyil.
Nigar