Müzəffər Baxışov: «Cinayət Məcəlləsinin müvafiq maddələri bu adamların məsuliyyətə cəlb edilməsinə imkan verir»
Bəlli olduğu kimi, Italiya mediası Azərbaycan hökumətindən alınan 2 milyon 390 min avro rüşvət barədə material dərc edib. Milan prokurorlarının ittihamına görə, artıq məsələ ilə əlaqədar deputat Luka Volonteyə qarşı cinayət işi başlanıb. Söhbət 2014-cü ilin yanvarında Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə layihəsinin səsvermədən keçməməsi üçün verilən rüşvətdən gedir.
Qeyd edək ki, ölkəmizin adının rüşvətlə bağlı məsələlərdə hallanması ilk dəfə deyil. Azərbaycanda Əliyevlər ailəsi də daxil olmaqla, hakimiyyətdə təmsil olunan yüksək vəzifəli şəxslərin adı Panamadakı ofşor hesablar, Londonda 38 villa alınması və s. korrupsiya qalmaqalları ilə mütəmadi olaraq, dünya mediasının müzakirə mövzusuna çevrilir. SOCAR-ın yarım milyard dollarının Çernoqoriyada turizm şirkətinə yatırılması da bu qəbildən olan məsələlərdəndir.
Ortada bu qədər fakt, rüşvət qalmaqalında adıkeçən şəxslərin konkret kimliyi bəlli olduğu halda, onlar hələ də məsuliyyətdən kənardadırlar. Görəsən, konkret işlərdə adı keçən şəxslərlə bağlı qanunvericilik nə deyir?
“Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov deyir ki, konkret son olay – 2,4 milyon avroluq korrupsiya əməlini törədən şəxsin məsuliyyətə cəlb edilməsinə Azərbaycanın Cinayət Məcəlləsinin müvafiq maddələri imkan verir. Hüquqşünasın sözlərinə görə, Cinayət Məcəlləsinin 12.2-1-ci maddəsi bu məsələni tənzimləyir: “Yəni bizim Cinayət Məcəlləsi xarici şəxsi bizimkilərlə əlaqəyə girərək külli miqdarda rüşvət məsələsinə görə məsuliyyətə cəlb etməyə imkan verir. Amma mən inanmıram ki, Baş Prokurorluq adı açıqlanan millət vəkillərinin əcnəbi şəxslə törətdikləri əmələ görə cinayət işi başlasın. Məlumat yayılıb ki, həmin işə görə Italiyada təhqiqat gedir və cinayət işi başlanıb. Italiyada həmin əməllər təsdiqlənsə, sözügedən şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilərlər”.
Nigar