Yaxud vətəndaşın qanını batırmaq siyasəti
Uzun illərdi Azərbaycan hakimiyyəti mənasız layihələrə milyardlar xərcləyir və bunu “Azərbaycanın dünyada tanıdılması” kimi təqdim edir. Həqiqətən də hakimiyyət Azərbaycanın adını bütün dünyaya tanıtdırıb. Indi bütün dünyada bilirlər ki, Azərbaycanda korrupsiya, monopoliya, hüquqsuzluq, saxtakarlıq tüğyan edir. Bütün dünya bilir ki, Azərbaycan hakimiyyətinin xarici və daxili siyasəti rüşvət üzərində qurulub.
Bugünə qədər Azərbaycan hakimiyyətinin “repertuar”ında çox “tamaşa”lar olub. Ofşor şirkətlərdəki milyardlar, çirkli pullarla alınan malikanələr, “kürü diplomatiyası”, konqresmenlərə verilən bahalı hədiyyələr, xarici ölkələrdəki bəzi səfirlərimizin biabırçı fəaliyyəti, Mərkəzi Bankın Avstriyadakı müəmmalı əməliyyatıları, Kojenin məsələsi və digər faktlar hökumətimzin “möhtəşəm” fəaliyyətindən xəbər verir.
Amma bütün bunlar hələ son deyilmiş. Iki gün öncə yayılan xəbər mətbuatın, sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib. Sən demə, Azərbaycan Milli Məclisinin deputatları Elxan Süleymanov və Müslüm Məmmədov AŞ PA-da daha böyük “performans” göstəribmiş. Bəli, deputatlarımız Avropa Şurasının Parlament Assambleyasında Almaniyadan olan deputat Ştrasserin Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabatını pozmaq üçün Italayadan olan deputat Luka Volonteyə 2.4 milyon avro rüşvət veribmiş. Indi Luka Volonteyə qarşı cinayət işi açılıb və prokurorluq araşdırmaya başlayıb. Əlbəttə, Luka Volote rüşvət verilən yeganə deputat deyil. Yəqin ki, hökumətimiz bu problemin həlli üçün başqa “qurban”lar da tapıb.
Göründüyü kimi, Azərbaycan hökuməti ölkəni dünyaya tanıtdırmaq üçün “dəridən-qabıqdan” çıxır. Indi dünyanın nüfuzlu mətbuat orqanları Azərbaycan hakimiyyətinin öz vətəndaşının səsini necə oğurlamasını, öz vətəndaşına necə qənim kəsilməsini, böhtançılığını daha aydın şəkildə görür. Hakimiyyət AŞ PA-da milyonlar paylamaqla həm də siyasi məhbusların olduğunu etiraf edib, bu adamların qondarma ittihamlarla həbs edildiyini təsdiqləyib.
Yeri gəlmişkən, bir müddət əvvəl Elxan Süleymanov “Yeni Müsavat” qəzetindəki mirzəsinə bir səhifəlik yazı yazdırmışdı. Həmin yazıda Elxan Süleymanov müqəddəs mələk kimi təsvir edilir, seçicilərinə diqqət və qayğısından söhbət açılır, hər il Şamaxıda Sabir gecələrinin keçirilməsinə töhvə verdiyi, şəxsi puluyla məktəb tikdirdiyi, bir sözlə, ideal deputat olduğu bildirilir. Indi də məlum olur ki, Şamıxada hər il Sabir gecəsi təşkil edən deputat, AŞ PA-da Sabir yurdunun adına ləkə vururmuş.
Bu ölkədə zərərli işlərlə məşğul olanlar, vətəndaşın haqqını yeyənlər, cəmiyyətdə mənfi reputasiyası olanlar bir qayda olaraq yüksək titullara sahib olur, rejim mətbuatında mədh edilir, cəmiyyətin siması kimi göstərilir. Bəli, YAP hakimiyyəti dövründə dəyərlərin dəyərsizləşdirilmə prosesi getdiyinə görə, dəyərlərə xəyanət edənlər önə çıxdı. Bu mənada “Yeni Müsavat”ın Elxan Süleymanov haqqında bir səhifə mədhiyyə yazması da təəccüblü deyil.
Amma ədalət xatirinə deyək ki, AŞ PA-da Azərbaycan həqiqətlərini gizlətmək üçün xərclənən milyonlar Elxan Süleymanovun özfəaliyyəti ola bilməz. Elxan Süleymanov çirkli plannın vasitəçisidir. Təbii ki, vasitəçilik onu məsuliyyətdən xilas etmir. Amma sifarişçilər ölkənin başında oturanlardı. Təbii ki, birinci şəxslə razılaşdırılmadan heç kim bu addımı ata bilməz.
Faktiki olaraq hökumət öz vətəndaşının haqqını oğurlamaq üçün, vətəndaşı şərləmək naminə AŞ PA-da rüşvət paylayıb. Hakimiyyət ən yüksək səviyyədə Azərbaycanı elə tanıdıb ki, bundan sonra 10 dəfə Avropa Oyunları, 100 dəfə Formula-1 keçirsə də dünyanın münasibətini dəyişmək olmayacaq.
Göründüyü kimi, hökumət həm də dövlətin milyonlarını bu yollarla talan edib. Hansıki, bu vəsaitlərlə ölkənin xeyli problemlərini həll etmək olardı. Hakimiyyət bütün dövlərdə “yada verərəm, xalqa vermərəm” prinsipi ilə siyasət yürüdüb. Həm Azərbaycanın adını rüsvay ediblər, həm də dövlətin sərvətini talan ediblər. Deməli, hakimiyyət dövlətin sərvətindən dövləti gözdən salamq üçün yararlanıb.
Bu təfəkkürün daşıyıcıları nə ölkəni böhrandan çıxarda, nə Qarabağ problemini həll edə, nə də ölkəni dünyada müsbət mənada tanıda bilər.
Son hadisə də göstərdi ki, hakimiyyətin xarici siyasətinin, xaricdəki diaspora fəaliyyətinin, xarici lobbilərə xərclənən milyonların yeganə məqsədi, daxildə vətəndaşı asan şəkildə susdura bilməyə xidmət edib. Bəli, hakimiyyət vətəndaşı asanlıqla əzə bilmək üçün xaricdəki gözləri bağlamaqla məşğul olub. AŞ PA-da verilən 2.4 milyon avro vətəndaşın “qan pulu” olub. Qanına susadıqları vətəndaşların qanını batırmaq cəhdi olub.
İlham