Ölkə başçısına ilginc müraciət
Bakı sakini Bəsti Ağayeva ölkə başçısı İlham Əliyevə, xanımı Mehriban Əliyevaya və Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edib. O, müraciətin bir surətini də “Azadlıq”a ünvanlayıb. Bəsti Ağayeva oğlunun haqsız yerə həbs olunduğunu bildirir: “Oğlum Sahib Ağayev 17.02.2014-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qanunsuz hökmü ilə 8 il müddəti ilə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 30.05.2014-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin qanunsuz hökmünü qüvvədə saxlamışdır. AR Ali Məhkəməsinin 08.10.2014-cü il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilərək bəraət verici əsaslarla yeni apelyasiya baxışı təyin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 15.01.2015-ci il tarixli hökmü ilə oğlum Sahib Ağayev barəsində bəraət hökmü verilmişdir, lakin bu bəraət hökmündən narahat olan müstəntiq Rəşad Məmmədov və dövlət ittihamçıları birləşərək Ali Məhkəməyə protest verərək bəraət hökmünün ləğv edilərək işin yeni apelyasiya baxışına qaytarılmasına nail olmuşlar. Bakı Apelyasiya Məhkəməsinin 22.09.2015-ci il tarixli qərarı ilə oğlum Sahib Ağayevin əməli Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilərək barəsində cərimə cəzası təyin edilmişdir. Lakin dövlət ittihamçısı bundan razı olmayaraq, yenidən kassasiya protesti verərək oğlumun həbs olunması istiqamətində fəaliyyətini davam etdirmişlər. Bu dəfə isə hakim İnqlab Nəsirovun sərdliyi ilə keçirilən Ali Məhkəmə prosesində protest yenidən yeni apelyasiya baxışına təyin edilmişdir. Aydın məsələdir ki, məqsəd qanunsuz olaraq, sifarişlə oğlumun həbsinə nail olmaqla onun məhv olmasına istiqamətlənmişdir.
19 may 2015-ci il tarixdə oğlum Sahib Ağayev “Azərbaycan Restoranı” MMC-yə rəsmi xəzinadar vəzifəsinə təyin edilmişdir. Lakin şirkət oğlumla vəzifə və öhdəliklər haqqında müqavilə bağlamamış, oğluma xəzinə üzərində tam hüquq verilmişdir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.02.2014-cü il tarixli 8 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməmişdən 2 ay öncə oğlum Sahib Ağayev 5000 manat məbləğində faizə pul götürmüşdü ki, borclu olduğu və zərərçəkmiş kimi tanınmış şəxslərin borcunu ödəsin. Lakin həbs olunduğu 11 ay müddətində faizlər yüksəlmiş və ümumi borcu 20 min manata çatmışdır. Həbsdən sonra borclu olduğu şəxslər oğlum Sahibi tapmış və ödəmədiyi təqdirdə ailəmə xəsarət yetirəcəyi ilə hədələmişlər. 21.05.2015-ci il tarixdə oğlum işlədiyi restoranın xəzinəsindən tam hüquqlu xəzinadar olduğuna görə 19 min manata yaxın borc qismində pul götürmüşdür. Bəraət aldığı iş üzrə 23.05.2015-ci il tarixdə Ali Məhkəmədə bəraət hökmü qüvvədə qaldığı təqdirdə yaxın qohumumuz tərəfindən 20 min manat borc alıb xəzinəyə geri qaytarması ilə bağlı nəzərdə tutduğu planı Ali Məhkəmədə qanunsuzluq edilərək bəraət hökmünün ləğv edilməsi ilə əlaqədar olaraq pozulmuş və növbəti gün “Azərbaycan Restoranı” MMC-nin rəhbərinə müraciət etmiş və borcunu xəzinəyə işləyərək hissə-hissə qaytarması ilə bağlı müraciət etmişdir. Baxmayaraq ki, “Azərbaycan Restoranı” MMC-nin özü qanunsuz fəaliyyət göstərir və külli miqdarda vergidən yayınır. Eyni zamanda şirkətin heç bir işçisi ilə rəsmi müqaviləsi yoxdur”.
Bəsti Ağayeva deyir ki, bundan sonra şirkət rəhbəri Səbayel polisinə şikayət ərizəsilə müraciət edib. Sahib Ağayevin barəsində Cinayət Məcəlləsinin 177.3.2(oğurluq) maddəsilə cinayət işi başlayıb: “Müstəntiq Raqif Şərifov oğlumunun tam hüquqlu xəzinədar olmasına göz yumaraq, oğlumun təqsirsiz olduğunu bilə-bilə onu məsuliyyətə cəlb edib. İşi də saxtalaşdırıb. Qeyd edim ki, əvvəlki cinayət işi üzrə məhkəmə istintaqını hakim Rauf Əliyevlə Mirzə Xankişiyev aparıb. Rauf Əliyev “Unibank”ın sifarişilə oğlumu 8 il azadlıqdan məhrum etmişdi. Hazırki iş adınıçəkdiyim hakimlər tərəfindən aparılır”.
Şikayətçinin sözlərinə görə, məhkəmə hazırlıq iclasında oğlunun qaodırdığı vəsatətlər, təqsirsiz olduğunu təsdiq edən sübutlara əhəmiyyət verilməyib. Bəsti Ağayeva ölkə başçısından xahiş edir ki, bu işi diqqətə alaraq işin ədalətli araşdırılmasını təmin etsin.