Britaniyanın Avropa İttifaqını tərk etməsinə dair referendumun ardından Britaniya maliyyə bazarları qeyri-sabit olaraq qalır.
Funt dəyər itirərək dollarla münasibətdə son 31 ildən ən aşağı həddə düşüb, bəzi səhm ticarəti isə müvəqqəti dayandırılıb.
10 illik dövlət istiqrazlarının gəlirləri ilk dəfə olaraq 1 faizdən aşağı düşüb.
Ən çox təsirə banklar və hava yolları məruz qalıb. Easyjet hava yollarının səhmləri 18 faizdən aşağı düşüb.
Bank of England-in keçmiş sədri Mervyn King bildirib ki, ciddi narahatçılığa əsas yoxdur.
“İndi biz biraz sakitləşməliyik, təşvişə heç bir əsas yoxdur,” o BBC-ə bildirib.
Britaniya maliyyə naziri George Osborne-un iqtisadiyyatın sabitliyi haqda çıxışına baxmayaraq, bazar ertəsi funtun dəyəri düşməkdə davam edib.
Cümə günü ilə müqayisədə Britaniya funtunun dəyəri 2 faiz enərək 1,35 dollar təşkil edib. Avro ilə münasibətdə isə funt 1,2 faiz dəyər itirərək 1,28 avro olub.
London Fond Birjasının indeksi 0,8 faiz enişlə açılıb. Cümə günü eniş 8 faiz təşkil edib.
Bazar ertəsi çıxış edən Britaniya maliyyə naziri George Osborne referendum mövzusunda ilk rəsmi bəyanat verib.
O, bazarları sakitləşdirməyə çalışıb və ölkənin gələcəyə hazır olduğunu bildirib.
Bununla yanaşı maliyyə naziri Britaniya iqtisadiyyatının çətinliklərlə üzləşəcəyini də qəbul edib.
Beynəlxalq reytinq agentliyi olan Moody’s Britaniyanın kredit reytinqinə dair mənfi proqnoz verib.
Cümə axşamı keçirilmiş referendumda britaniyalıların 51,9 faizi Avropa İttifaqını tərk etməyə səs verib.