“The Daily Telegraph” qəzetində David Millward yazır ki, hökuməti və parlamenti Britaniyanı Avropa İttifaqından ayıran referendumun təkrar keçirilməsinə çağıran insanların sayı 3,5 milyon nəfəri keçib.
Ötən həftə Britaniya hökumətinin rəsmi saytında yerləşdirilmiş petisiyanı imzalayanların sayı hər an artmaqda davam edir.
Məqalədə deyilir ki, bu petisiya 2007-ci ildə hökumətin yollardan istifadə üçün pul ödənməsini nəzərdə tutan qərarının ləğvinə çağıran petisiyanı kölgədə qoyub.
Həmin petisiyanı 1,8 milyon insan imzlamışdı.
“The Daily Telegraph” qəzetinin yazdığına görə, imzalayanların sayı o qədər çox olub ki, Britaniya paytaxtının meri Sadiq Khan-ı Londonu müstəqil elan etməyə və Avropa İttifaqı üzvlüyü üçün müraciət etməyə çağıran ikinci petisiyanın olduğu sayt iki dəfə çöküb.
Bu petisiyanı imzalyanaların sayı artıq 200 min nəfəri keçib.
Bu dəhşətə son
Ötən cümə axşamı keçirilmiş əsl referenduma gəlincə isə, məlum olduğu kimi burada 51,9 faiz – 48,1 faiz nisbəti ilə ölkənin Avropa İttifaqından çıxmasını tələb edən düşərgə qalib gəlib.
Bu iki rəqəm arasında fərq kiçik olsa da, paytaxt Londonda, Şimali İrlandiya və Şotlandiyada adamların əksəriyyəti Aİ-də qalmağa səs verib.
William Oliver Healey-nin tərtib etdiyi petisiyada deyilir: “Biz aşağıda imza atanlar Əlahəzrətin Hökumətini iki tərəfdən hər hansı birinə 60 faizdən az səs verildikdə və iştirakçıların sayı 75 faizdən az olduqda yeni referendumun keçirilməsi qaydasının tətbiqinə çağırırıq”.
“The Telegraph” yazır ki, artıq vəzifəli leyborist millət vəkillərindən David Lammy parlament yoldaşlarını referendumun nəticəsinə məhəl qoymamağa çağırıb.
O deyib ki, bu referendumun nəticəsinin qəbulu parlament üçün hüquqi baxımdan icbari deyildir və yalnız əhalinin rəy sorğusu kimi qəbul olunmalıdır.
Millət vəkili Twitterdə yazıb: “Biz parlament səsverməsi ilə bu divanəliyi dayandıra və bu dəhşətə son qoya bilərik. Bu referendum rəy sorğusu olub və heç bir hüquqi gücə malik deyildir”.
London meri prezident olsun?
Tvitdə deyilir ki, Avropa İttifaqından çıxıb-çıxmamaq məsələsini suveren parlament həll edir.
Cənab Lammy yazır ki, Avropa İttifaqından çıxmaq istəyən düşərgənin platforması artıq ifşa olunub və bəzi adamlar çıxışa səs verdiklərinə peşman olublar.
Millət vəkili bəyan edib ki, bu həftə keçiriləcək sessiyasında parlament Brexit sualına birdəfəlik cavab verməlidir.
“Gəlin iqtisadiyyatımızı Boris Johnsonun ədalarına və yalanlarına görə məhv etməyək” – yazır Lammy.
Bu arada Change.org saytında Londonun Birləşmiş Krallıqdan ayrılmasını tələb edən petisiyanı imzalayanların sayı durmadan artır.
Petisiyanı tərtib etmiş James O’Malley Londonu qitədəki dostlarla birlikdə olmağa çağırır.
“Bu petisiya mer Sadiq Khan-ı Londonu müstəqil elan etməyə, habelə Avropa İttifaqı və Şengen zonasına birləşməyə (avro məsələsinin müzakirəsinə) çağırır. Cənab mer Sadiq, siz prezident Sadiq çağrılmaq istəməzdinizmi?” – deyilir sənəddə.
Brexit-in Brexit planı yoxdur
“The İndependent” qəzeti isə yazır ki, Britaniyanın Avropa İttifaqından çıxması üçün kampaniya aparmış Brexit düşərgəsi indi nə edəcəyini bilmir, çünki sən demə, onun Brexit planı yox imiş.
Bu kampaniyaya rəhbərlik etmiş iki mühafizəkar, keçmiş London meri Boris Johnson və Michael Gove Brityaniyanın Aİ ilə danışıqlarını ələ almaq üçün çağırışları hələlik eşitməməzliyə vururlar.
Bu arada Boris Johnson və daha bir vəzifəli mühafizəkar Sky News telekanalına etiraf ediblər ki, Brexit-dən sonrakı dövrün menecmenti üçün heç bir aydın plan yoxdur.
Onlar bildiriblər ki, belə bir plana hazırkı hökumət malik olmalı idi.
Yeni baş nazir vəzifəsinə ən yaxşı namizəd kimi Boris Johnson görünsə də, daxili işlər naziri Theresa May də daxil olmaqla bir neçə vəzifəli mühafizəkar onun ən yüksək hakimiyyət pilləsinə qalxmasını bloklamağa hazırlaşırlar.
Bu arada keçmiş müdafiə naziri Liam Fox da baş nazir vəzifəsinə iddialı olduğuna işarə edib.
Üçüncü yol
“The İndependent” yazır ki, beləliklə, Brexit hakim Mühafizəkar Partiyanı da parçalayıb.
Bu çarpışmada üçüncü yolu beynəlxalq inkişaf naziri Justine Greening təklif edib.
O, hələlik partiyada rəhbər post üçün yarış keçirməməyi, əvəzində milli birlik naminə hakimiyyəti iki nəfərə – Boris Johnsona və Theresa May-ə tapşırmağı məsləhət görüb.
Lakin partiyanın veteran üzvü, baş nazirin keçmiş müavini lord Heseltine deyib ki, indi hakimiyyətə məhz Avropa İttifaqından çıxmaq kampaniyasına başçılıq edən və “camaatın başını bişirən” Boris Johnson, Michael Gove və Nigel Farage gətirilməlidir ki, Aİ ilə danışqıları da onlar aparsınlar.
Bu, onları uğursuzluqları üçün gələcəkdə başqalarını ittiham etmək imkanından məhrum edər.
Lord Heseltine xatırladıb ki, ölkənin maliyyə-iqtisadi vəziyyəti anbaan pisləşir. (bbc azeri)