“The Daily Mail” qəzeti Britaniyada Avropa referendumunun bütün qitəni silkələməsindən yazır.
Məqalədə deyilir ki, görəsən, Britaniya tarixinə artıq indidən Brexit kimi düşmüş referendumun ardınca daha hansı ölkələrdə “exit” baş verə bilər.
Çexit, Frexit, Grexit… daha sonra kimlər? – deyə sual edir qəzet.
“The Daily Mail” qəzetinin Brüssel müxbiri Jake Wallis Simons yazır ki, bütün qitə boyunca avroskeptiklər Brexit-ə bənzər referendumların keçirilməsini tələb edirlər və siyasi zəlzələnin yaşandığı getdikcə daha aydın hiss olunur.
Britaniya referendumunun nəticəsi elan edilən kimi Fransada ifrat sağçı Milli Cəbhənin lideri Marine Le Pen Twitterdə Frexit-ə, Hollandiya sağçılarının odlu-alovlu başçısı Geert Wilders isə Nexit-ə çağırıb.
İtaliyada antimühacir Şimal Liqasının lideri Matteo Salvini Avropa İttifaqını “iş yerlərini və vətəndaş ləyaqətini məhv edən divanələr qəfəsi” adlandırıb.
“The Daily Mail” yazır ki, Brexit təsirinin Çexiya, İsveç və Yunanıstana sirayət edəcəyinə dair ciddi ehtiyatlanmalar var.
Jake Simmons yazır ki, ittifaq hətta dağılmasa da, bu siyasi zəlzələ uzaqgedən ard zərbələri yaradacaq.
Bütün Avropa boyunca yayılmış avroskeptizm Brexit-dən sonra daha da ürəklənib.
İsveçdə rəy sorğusu adamların 36 faizinin Aİ-dən ayrılmaq istədiyini göstərib. Doğrudur, onlar “əgər Britaniya ayrılarsa” deyiblər.
İpsos mərkəzinin may ayında keçirdiyi rəy sorğusunun nəticələri Fransa və İtaliya vətəndaşlarının yarısının referendum keçirilməsinə tərəfdar olduğunu nümayiş etdirib.
Bu ölkələrdə elə bu qədər adamın Britaniyanın Avropadan ayrılmasının “domino effekti” yaradacağına inandığını göstərib.
“Bütün Avropa xalqı üzləşdiyimiz miqrant axını və terrordan narahatdır” – deyib Avropa Parlamentində sosial-demokratların danimarkalı lideri Jeppe Kofod “The Daily Mail” qəzetinə.
İndi Birləşmiş Krallıq Avropa İttifaqını tərk etmək qərarı verəndən sonra bir çoxları bunun onlar üçün də həll yolu olduğunu düşünməyə başlayıb.
“The Daily Mail” Brexit zəlzələsinin yaratdığı effekt barədə ölkəbəölkə məlumat hazırlayıb:
Danimarka
Danimarka Britaniya lideri David Cameron-un öz ölkəsi üçün Avropa İttifaqı ilə danışıqlarda daha əlverişli üzvlük əldə etməsi cəhdlərinə həmişə müsbət yanaşıb.
Britaniya kimi Danimarka üçün də ittifaq daxilində bir sıra imtiyazlar tanınıb.
Danimarka ifrat sağçı Xalq Partiyası (DDP) Brexit referendumunun ardınca belə bir səsvermənin Danimarkada da keçirilməsinə çağırıb.
Partiyanın lideri Kristian Thulesen Dahls deyib ki, Avropa İttifaqı daxilində islahatlar məsələsi gündəliyə çıxarılmalıdır.
DPP prinsipcə Aİ-də üzvlük əleyhinə deyil, lakin ittifaqın ölkələrin daxili işlərinə bu qədər yaxından müdaxiləsinə qarşıdır.
Bu partiya parlamentdə 179 mandatdan 37-nə sahibdir və ölkənin ikinci böyük siyasi partiyası sayılır.
Britaniya Danimarka və İsveç arasında yaxınlıq bu iki ölkədə də referendumların keçiriləcəyi ehtimalını artırır.
İsveç
İsveçdə indiyədək keçirilmiş bütün rəy sorğuları əksər isveçlilərin Aİ tərəfdarı olduğunu göstərir. Lakin Aİ-yə Britaniyasız baxdıqda vəziyyət dəyişə bilər.
TNS Sifo mərkəzinin bu yaxınlarda keçirilmiş rəy sorğusu göstərib ki, Britaniyanın Aİ-ni tərk edəcəyi təqdirdə isveçlilərin 36 faizi ittifaqdan çıxmağa tərəfdar olardı. Bu halda Aİ-də qalmaq istəyənlər 32 faiz təşkil edib.
Bu Skandinaviya ölkəsi Britaniya ilə çox isti münasibətlərə malikdir və iki ölkənin millət vəkilləri AP-də eyni cür səs verirlər.
Hər iki ölkə avrozonaya daxil olmayıb.
İsveçin xarici işlər naziri Margot Wallstrom deyib ki, o, Britaniyanın ittifaqdan çıxışının bütün Aİ-nin dağılmasına səbəb ola biləcəyindən narahatdır.
Onun fikrincə, Brexit başqa üzv ölkələrin də bu sayaq referendumlar keçirməsinə təkan verəcək.
İsveçə də çox sayda qaçqının gəlməsi bu ölkədə ifrat sağçı partiyaların yüksəlişinə səbəb olub.
Fransa
Brexit-in nəticələri elan edilən kimi Fransa Milli Cəbnhəsinin lideri Marie Le Pen “azadlığın qələbəsini” müjdələyən tvit yazıb. Bunun ardınca xanım Le Pen Britaniyadakına bənzər referendumun keçiriliməsini tələb edib.
O deyib ki, Fransanın Aİ-ni tərk etmək üçün Britaniyadan yüz dəfə artıq səbəbləri var.
“Avropa çürüyüb” – deyib ifrat sağçı lider.
Bundan əvvəl le Pen Aİ-nin üzv ölkələrni hamılıqla referendumların keçirilməsinə çağırmışdı.
Fransada prezident seçkiləri 2017-ci ildə keçiriləcək və xanım Le Pen namizədlərdən biridir. Hərçənd rəy sorğuları onun qalib gələ bilməyəcəyini göstərib.
O israr edir ki, Aİ Fransada iş yerləri məsələsinə mənfi təsir göstərir və ölkəyə kriminal elementlərin gəlməsinə şərait yaradır.
“The Daily Mail” yaxın gələcəkdə Frexit referendumun keçirilə biləcəyini ehtimal edir.
Buna baxmayaraq, belə bir referendumda Aİ-ni tərk etməyə adamların 41 faizinin səs verəcəyi təxmin edilir.
İtaliya
Son vaxtlar keçirilmiş rəy sorğuları göstərib ki, italyanların 48 faizi ölkələrinin Aİ xaricində olmasının daha böyük fayda verə biləcəyinə inanır.
Onalrın fikrincə, Aİ-dən ayrılmaq məsələsinə dair referendumun keçirilməsinə ehtiyac var.
Halbuki ötən il avroskeptiklərin faizi 35 idi. Bu rəqəmin yüksəlişinə ölkəyə Afrikadan miqrant axının artımı birbaşa təsir göstərib.
Bu ayın əvvəllərində populist Beş Ulduz hərəkatı ölkənin avrodan istifadəsinə dair referendumun keçirilməsini tələb edib.
Bu isə, ümumilikdə İtaliyanın Aİ üzvlüyünün referenduma çıxarılmasını tələb edəcək.
İtalyanların bir qismi inanır kı, Avropa İttifaqında bir yox, iki valyutanın olmasına ehtiyac var: Biri zəngin Şimali Avropa ölkələri, digəri isə daha az zəngin Cənubi Avropa ölkələrinə tətbiq edilməlidir.
Beş Ulduz hərəkatının populyarlığı getdikcə artır. Partiya bu ay keçirilən bələdiyyə seçkilərində 20 mer mandatından 19-a sahib olub və baş nazir Matteo Renzi üçün ciddi baş ağrısına çevrilib.
Partiyanın lideri Beppe Grillo deyib ki, Britaniya kimi bir ölkənin Aİ-dən çıxmaq üçün referendum keçirməsi ittifaqın iflasa uğradığını göstərir.
“The Daily Mail” yazır ki, Avropa İttifaqının təsisçilərindən olan İtaliyada ayrılıb-ayrılmamaq referendumu blokun bütövlüyünə böyük zərbə ola bilər.
Bu arada İtaliyada antimühacir Şimal Liqası Avropa İttifaqını “iş yerlərini öldürən divanələr qəfəsi” adlandırıb.
İfrat sağçı partiyanın lideri Matteo Salvini bəyan edib ki, “Avropa İttifaqı bizim işimizin və ləyaqətimizin ölümüdür”.
O, Aİ-də vahid valyuta, ticarət və miqrasiya məsələləri barədə sazişlərə yenidən baxılmasına çağırıb.
Bu liqa vaxtilə baş nazir Silvio Berlusconi-nin əsas müttəfiqi idi, lakin getdikcə daha da ekstremistləşir.
Hollandiya
Hollandiyada parlament seçkiləri mart ayında keçiriləcək və rəy sorğuları hay-küyçü və ifrat sağçı siyasətçi Geert Wilders-in populyar olduğunu göstərir.
Brexit referendumunun ardınca o, “Urra! Britlərə salam olsun” sözlərini tvit edib.
“İndi bizim Hollandiyada referendum keçirmək növbəmizdir” – yazıb siyasətçi.
“The Daily Mail” yazır ki, hollandlara Avropa haqqında rəy bildirmək imkanının verilməsi həmişə gündəlikdə olub.
“Mən baş nazir seçilsəm, referendum keçiriləcək. Qoy Holland xalqı öz rəyini bildirsin” – yazır Wilders.
Son rəy sorğuları hollandların 54 faizinin belə bir referendum keçirilməsini istədiyini göstərib. Bu isə o deməkdir ki, referendum qarşıdan gələn yaxın illərdə keçirilə bilər.
Avstriya
Bu ay Avstriyanın baş naziri Christian Kern deyib ki, ciddi islahatlar keçirilməsə, Brexit Avropa ideyasının sakit ölümü ola bilər.
O hələ Brexit-dən əvvəl demişdi ki, Britaniya referendumunun nəticələrindən asılı olmayaraq çoxdan vaxtı çatmış islahatlar aparılmalıdır.
Baş nazir həmçinin qeyd etmişdi ki, Brexit bütün Aİ-nin iqtisadi balansını poza bilər.
Avstriyada da böyük avroskeptik hərəkat mövcuddur.
Bu yaxınlarda keçirilmiş prezident seçkisində ifrat sağçı populist Norbert Hofer az qala qalib gələcəkdi.
Onun FPÖ partiyası son vaxtlarda xeyli populyarlaşıb.
Çexiya
Çexiya baş naziri Bohuslav Sobotka xəbərdarlıq edib ki, Brexit Çexit-i tətikləyə bilər.
O hələ ötən may ayında demişdi ki, Britaniyada Aİ-dən çıxmaq nəticəsi alınsa, Çexiyada da referendumun keçirilməsi tamamilə real ehtimala çevriləcək.
“The Daily Mail” yazır ki, Çexiyada Vətəndaş Demokratik Partiyası və ya Çex Kommunist Partiyası kimi təşkilatlar Brexit-dən güclənə bilər.
Baş nazirin fikrincə bu, bölgədə Rusiya təsirini daha da gücləndirəcək.
Ötən il Avropa İttifaqı Çexiyadan qaçqınların qəbulunu tələb edəndə keçirilmiş rəy sorğusunda çexlərin 62 faizi ittifaqdan çıxmağın tərəfdarı olduğunu bildirmişdi.
Yunanıstan
İqtisadçılar belə bir proqnoz vermişdilər ki, Brexit baş verərsə, Yunanıstanın avrozonadan çıxması gerçəkləşəcək.
“The Daily Mail” yazır ki, Britaniyanın Aİ-dən çıxması Yunanıstanın onsuz da təlatümlü iqtisadiyyatına dağıdıcı təsir göstərə bilər.
Yunanıstan qitədə ən avroskeptik ölkələrdən biridir.
Yunanların 50 faizi hesab edir ki, Aİ onların ölkəsinə heç bir fayda verməyib.
Belə görünür ki, ölkənin neo-nasist Qızıl Dan və ifrat sağçı ANEL təşkilatları referendum keçirilməsi üçün təbliğatı gücləndirə bilərlər.
İspaniya
İspaniyada avropayönlü hissiyyat hələlik çox güclüdür. Artan işsizlik, durğun iqtisadiyyat və siyasi süstlük hələlik avroskeptik hərəkatın yaranmasına təkan verməyib.
İspaniya Aİ-yə 1975-ci ildə, diktator Franco-nun ölümündən sonra qoşulub.
Belə güman edilir ki, diktatura keçmişinin acıları hələ də avroskeptizmin yaranmasına mane olur.
Bundan başqa hazırda 760 min britaniyalı İspaniyada yaşayır.
İspaniyanın baş naziri onların dərhal deportasiya olunmayacaqlarına zəmanət verib, lakin gələcək üçün ciddi narahatlıq yaranmaya bilməz.
Polşa
Brexit deyəsən Polşaya da ciddi ziyan vura bilər. Hazırda polyakların arasında Brexit-in yaratdığı böyük bir sarsıntı var.
Ölkə 2004-cü ildə Aİ-yə daxil olanda, onun yüz minlərlə vətəndaşı işləmək üçün Avropa ölkələrinə axışmışdı. İndi onlardan 850 mini Böyük Britaniyadadır.
İndi, Britaniya Aİ-dən çıxmalı olsa, polyaklar da yenidən iş vizası üçün müraciət etməli olacaqlar.
Onların bir çoxuna imtina edilə bilər. Britaniyada Aİ-dən çıxmaq üçün təbliğat aparanlar elə əsasən polşalı işçilərin çoxluğunu bayraq etmişdilər.
Britaniyada polşalı işçilərin çoxluğu Brexit-in mənfi təsirini iqtisadi sahədə də göstərə bilər, beləki polyakların böyük əksəriyyəti Britaniyada qazandıqları puldan vətənlərinə də göndərirlər.
Məhz buna görə də, Brexit xəbəri funt sterlinqlə yanaşı Polşa zlotasının da qiymətinə mənfi təsir göstərib.
İndi Britaniya və Polşa arasındakı ticarət münasibətlərini böyük sınaqlar gözləyir.
Macarıstan
Britaniyada 300 min macar işləyir və yaşayır və indi onlar Brexit-in öz həyatlarına necə təsir edəcəyindən narahatdırlar.
Bu səbəbdən ölkə hökuməti hələ referendumdan əvvəl Britaniyanın “The Daily Mail” qəzetində bu ölkədəki soydaşlarını Aİ-də qalmağa səs verməyə çağırmışdı.
Eyni zamanda Macarıstan Avropa İttifaqında ən avroskeptik ölkələrdən biridir. Bu ölkənin parlamentinə neo-nasist Jobbik də daxil, çox sayda ifrat sağçı deputatlar daxildir.
Macarıstan və Brüssel arasında münasibətlər son miqrant axınına görə tarıma çəkilib, çünki Budapeşt Almaniyanın tələb etdiyi kimi qaçqın kvotasını qəbul etmək istəmir.
Macarıstanın baş naziri Viktor Orban deyib ki, sentyabr və oktyabr ayında ölkənin qaçqın qəbul edib-etməməsi barədə referendum keçiriləcək.
Miqrant məsələsi Macarıstanla Aİ arasında ən bölücü məsələyə çevrilib və bu ixtilaf Brexit-dən sonra daha da arta bilər.
İrlandiya
Britaniyanın birbaşa qonşusu kimi İrlandiya Britaniyada keçirilmiş referendumun yaratdığı iqtisadi təlatümlərdən qaçılmaz şəkildə təsirlənəcək.
Britaniya və İrlandiyanın ticari-iqtisadi əlaqələri davam etdirməsi üçün yeni razılaşmaların əldə edilməsinə ehtiyac olacaq.
Lakin iki ölkə arasındakı münasibətlərdə ən mühüm məsələ sərhəd məsələsidir.
Britaniya Aİ-ni tərk etdikdən sonra İrlandiya Respublikası və Şimali İrlandiya arasındakı 500 kilometrlik quru sərhədinin mühafizəsinin bərpası lazım olacaq. Lakin bunun necə ediləcəyi tamamilə aydın deyil.
Bu sərhədin yenidən məftillənməsi Şimali İrlandiyada sülh prosesini yenidən təhlükəyə ata bilər.
Bu sərhəd üzərindən miqrasiyaya necə nəzarət ediləcəyi də suallar doğurur.
Şimali İrlandiya irlandları, İrlandiya Respublikası ilə aralarında qapalı sərhəd xəttinin olmasını qəbul etməyəcəklər.
Odur ki, sərhədin möhkəmləndirilməsi separatçılıq duyğularını alovlandıra bilər. (azadliq.org)