Dünən Ədliyyə Akademiyasında Avropa Şurası və Avropa Ittifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Insan Hüquqları üzrə Avropa Konvensiyası və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi” layihəsi çərçivəsində çap olunmuş nəşrlərin və Insan Hüquqları üzrə Avropa Konvensiyasına dair 19 adda kitabın təqdimatı keçirilib.
Tədbirdə Avropa Şurası və Avropa Ittifaqının, həmçinin Ədliyyə və Xarici Işlər nazirliklərinin, Ali Məhkəmənin, Məhkəmə-Hüquq Şurasının məsul şəxsləri, hakimlər, vətəndaş cəmiyyətinin təmsilçiləri və media nümayəndələri iştirak ediblər.
Kitablar Azərbaycan Ədliyyə Akademiyasına hədiyyə edilib.
Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov təqdimat mərasimində açılış nitqində bildirib ki, təqdim olunan ədəbiyyat Avropa presedent hüququ, Avropa konvensiyasının ayrı-ayrı maddələri üzrə şərhlərə dair qiymətli bilgini əhatə edir. Bu kitablardan təkcə prokurorların və hakimlərin ixtisasının artırılmasında istifadə olunmayacaq, həm də başqa hüquqşünaslar, ali məktəblərin hüquq fakültələrinin tələbələri üçün nəzərdə tutulub.
Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filippoviç Ədliyyə Nazirliyi, Ədliyyə Akademiyası, Məhkəmə-Hüquq Şurasının əməkdaşlığı ilə layihənin uğurlu inkişafını qeyd edib. Avropa Konvensiyasının müddəalarının tətbiqinin əhəmiyyəti barədə danışan Filippoviç deyib ki, ədliyyə və məhkəmə sistemində islahatlar olmadan uğurlu iqtisadi dəyişikliklər mümkün deyil.
Tədbirdə, həmçinin Jan-Pol Jan və Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanovun müəllifliyi ilə çap olunmuş “Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası: Elmi və təcrübi əhəmiyyəti” kitabının Azərbaycan dilinə tərcümə edilən nüsxəsi də təqdim edilib.
Aytən