Oqtay Əsədov Zahid Oruca səviyyəsiz dedi və parlamentin Intizam Komissiyasına şikayət etdi
Milli Məclisin dünən keçirilən iclasında spiker Oqtay Əsədovla millət vəkili Zahid Oruc arasında münasibətlər həddindən artıq gərgin səviyyəyə yüksəlib. Aznews.az-ın məlumatına görə, buna səbəb millət vəkili Z.Orucun Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı referenduma münasibət bildiriməsi olub. O bildirib ki Avropa Ittifaqının dağıldığı bir vaxtda “tax free” sisteminə keçmək düzgün deyil, ehtiyatlı olmaq lazımdır.
Bundan sonra spiker O. Əsədovla millət vəkili arasında gərgin dialoq yaşanıb. Spiker deputata xitabən deyib: “Sən danışdın, mən qulaq asdım, indi qoy mən izah edim, sən qulaq as. Bununla Azərbaycanda ticarət dövriyyəsi artacaq. Turizm inkişaf edəcək. ”Tax free”nin bura nə aidiyyəti var? Mən dedim ki, imkan verməyəcəm danışmağa, amma sözünü kəsmədin. Sən gündəlikdən danış. Hər dəfə temadan kənar danışırsan. Qulaq as, özünü qabiliyyətli apar. Danışdın səni də başa saldım. Başa düşmürsənsə, öz işindi. Sən artıq həddini aşırsan, özünü aparmağı bacarmırsan. Yerindən danışma. Bundan sonra səni yazılmağa da qoymayacam. Özünü aparmaq qabiliyyətin yoxdur. Mən sənin qabiliyyətini gördüm, çox belə səviyyəsiz”.
Z.Oruc isə yerindən danışmaq hüququ olduğunu və kimsənin bu haqqı onun əlindən almaq səlahiyyəti olmadığını qeyd edib.
O.Əsədov isə parlamentin Intizam Komissiyasının sədri Ağacan Abiyevə müraciət edərək Z.Orucun etik-davranış qaydalarına düzgün riayət etmədiyinə görə komissiyaya dəvət edilməsini və məsələnin araşdırılmasını istəyib.
A.Abiyev isə “Zahid Oruc kimi cavan deputat bu amilləri nəzərə alaraq, Oqtay Əsədovla söz güləşdirməməli, elə reaksiya verməməli idi” deyərək Komissiyada məsələyə baxılacağını qeyd edib.
“Neçə ildir Milli Məclisdə çalışırıq. Hər kəsə söz verilir, danışır və vaxtı bitir. Hər bir çıxışa reaksiya da ola bilər. Axı burada qızışmağa nə var?!”
Bunu isə YAP-çı deputat Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, parlament sədri istənilən məsələyə müdaxilə etmək hüququna malikdir və edir: “Burada gərək etika qaydalarına riayət edək. Azərbaycanda mövcud adət ənənə böyük-kiçik məsələsi var. Milli Məclisdəki əvvəlki vəziyyətləri görmüşük. Deyirsiz ki, həmin dövrə qayıdaq? Fikir bildirdin, bitdi. Hər kəs deyə bilməz ki, bu fikir düzdür. Hər kəsin öz fikri var. Bir-birimizə hörmətlə yanaşmalıyıq. Söz verildi danışırıq mikrafon söndüsə deməli söhbət bitdi. Yoxsa hər kəs yerdən bir söz desə onda bizim Milli Məclis hansı vəziyyətə qalar? Ona görə də gələcəkdə bu məsələni nəzərə almalıyıq”.
Baş verənlərlə bağlı Z.Oruc modern.az saytına açıqlama verib və narahatçılıq üçün əsasın olmadığını bildirib: “Istənilən məsələyə baxmaq Intizam Komissiyasının hüququdur. Hamının fikrinə hörmətlə yanaşıram. Hər kəs şahiddir, parlament üzvü kimi məsələyə münasibətdə öz düşüncələrimi bölüşdüm. Əgər mənim davranışımda neqativliyə yol verilibsə, buna cavab verməyə hazıram. Məni tanıyanlar bilir ki, istər media ilə münasibətlərimdə, istərsə də 15 illik parlament fəaliyyətimdə heç vaxt qeyri-etik davranışlar göstərməmişəm, mənim leksikonumda təhqir yoxdur”.
Z.Oruc deyib ki, heç kim bu məsələdə onu günahlandıra bilməz: “Çox yaxşı xatırlayıram ki, rəhmətlik Murtuz Ələsgərovla diskussiya şəraitində olan zaman heç vaxt komissiya dinləmələrinə ehtiyac duyulmurdu. Amma olsun, heç bir problem yoxdur, hər kəsə hörmətlə yanaşıram. Əgər Ağacan müəllim deyibsə ki, baxılacaq, baxılsın, heç bir problem yoxdur”.
Modern.az məsələyə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən də münasibət öyrənməyə çalışıb. Komitə sədri Əli Hüseynli hadisədən təssüfləndiyini bildirib: “Milli Məclisin iclasının gedişi və millət vəkillərinin məhz iclasdakı davranışları Milli Məclisin Daxili Nizamnaməsi ilə tənzimlənir. Bu baxımdan Zahid Oruc da daxil olmaqla millət vəkili kimi hamımız tərəfindən Milli Məclisin iclasları zamanı parlament etikasına riayət olunması vacibdir”.
Ə.Hüseynlinin sözlərinə görə, parlamentin iclasında heç kəs Milli Məclisin iclasına sədrlik edənin icazəsi olmadan çıxış edə bilməz. Bu qaydanı pozan şəxs xəbərdarlıqsız sözdən məhrum edilir: “Ümumiyyətlə, Milli Məclisin iclaslarında iştirak edən hər kəs və ilk növbədə deputatlar parlament etikasını gözləməlidirlər, iclasın normal gedişini və iş qaydasını pozmamalıdırlar”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədriÿEldar IbrahimovÿdaÿZ.Orucla O.Əsədovÿarasında yaranmış mübahisəyə münasibət bildirib. O, modern.az-a deyib ki, Z.Oruc əsas müzakirə olunmalı məsələni kənara qoyaraq başqa məsələlərdən danışmağa başlayıb. “Müsəlmançılıq, etika deyilən anlayışlar var. Zahid Oruca söz verildi, o da başladı danışmağa. Oqtay Əsədov da səbrlə gözlədi ki, danışıb qurtarsın. Avropa Ittifaqı dağılır, filan hadisə baş verir… Avropa Ittifaqı ilə bağlı bizə mühazirə oxuyurdu. Indi Avropa Ittifaqı dağılacaq, Böyük Britaniya oradan çıxacaq və ya qalacaq, bunlar hələ tam məlum deyil. Bunların dərdini Avropa çəksin Zahid Oruc niyə çəkir ki? Milli Məclisdə savadlı deputatlar, akademiklər, professorlar var.
Zahid Orucun danışıq tərzi elədir ki, sanki danışanda bizə mühazirə oxuyur. Başa düşürük, Zahid Oruc hazırlıqlı və öz üzərində işləyən oğlandır. Amma bu o demək deyil ki, internetdən oxuduqları ilə Zahid Oruc bizə mühazirə oxumalıdır.
Zahid Oruc əgər siyasətşünaslıq etmək və dövlətlərarası münasibətlərdən danışmaq istəyirsə, Ictimai Televiziyada və digər telekanallarda çıxıb nə istəyir desin. Milli Məclisdə başqa məsələlər haqqında yox, müzakirə olunan sənəd ətrafında danışmaq lazımdır.
Oqtay müəllim parlamenti idarə edən adamdır, onun sədridir. Oqtay Əsədov Zahid Orucun şıltaqlıqlarına nə qədər dözsün? Mövzu qalıb kənarda Zahid Oruc nədən gəldi danışır. Saatlarla yalandan danışıb vaxt alır. Oqtay müəllim bəlkə də parlamenti, iclasları idarə edən adam kimi bu danışıqlara dözür, amma deputatlar buna dözmür axı…
Zahid Orucun danışığını deputatlar qəbul etmir. Amma o elə bilir ki, belə yersiz danışıqlarla nəsə qəhrəmanlıq edir. Axı bu qəhrəmanlıq deyil.”