Cəmil Həsənli: «Elvin kimi istedadlı gənci təhsildən ayırıb həbsxanada saxlamaq ölkənin mənəvi-əxlaqi baxımdan faciəli vəziyyətdə olmasının göstəricisidir»
Milli Şuranın sədri, professor Cəmil Həsənli AXCP-nin gənc üzvü, vicdan məhbusu Elvin Abdullayevin timsalında, fəallara qarşı saxta cinayət işləri, bu işlərdə istifadə olunan adamlar barədə fikirlərini bölüşüb. Cəmil Həsənli bu barədə “facebook” səhifəsində yazır:
“Bildiyiniz kimi, bu günlərdə Ali Məhkəmədə vicdan məhbusu, tarixçi tələbə, AXCP fəalı Elvin Abdullayevin kassasiya şikayətinə baxılıb və tamamilə saxta ittihamlar əsasında 6 il müddətinə azadlıqdan məhrum edilmiş bu əlaçı tələbənin cəzası 2 il 6 aya endirilib. Hər kəs Elvinə bəraət gözləyirdi.
Mən bu istedadlı gəncin məhkəmə prosesində iştirak etmişəm. Narkotikin rəngi haqqında təsəvvürü olmayan bu gənc oğlan keçmiş MTN-nin quraşdırdığı və polis orqanları ilə birgə həyata keçirdiyi başdan-ayağa saxta bir ittiham əsasında həbs edilmişdi. Həbs edildiyi gün o, təhsil aldığı ali məktəbdə verdiyi imtahandan əla qiymət almışdı və elə bu yüksək bilik göstəricisinin təsiri altında ikən Elvin qəflətən polis və MTN əməliyyatçıları tərəfindən zor tətbiq etməklə saxlanılmış, üzərindən guya narkotik tapılmışdı. Elə məhkəmənin gedişində vəkillər aşkar etdilər ki, hal şahidi qismində ifadə verib Elvinin üzünə duran Dərgah Quliyev hüquq-mühafizə orqanlarının sifarişli əməliyyatlarında dəfələrlə istifadə edilib.
Elvinə “şahidliyindən” əvvəl onun adı Nailə Paşayevanın, Ilham Əmiraslanovun, Babək Ədalətlinin, Azər Qurbanovun, Nəsimi Quliyevin və adını bilmədiyimiz onlarla digər günahsız insanlara açılmış cinayət işlərində hal şahidi kimi keçirdi. Bu sıralama o qədər uzundur ki, sifarişli işlərdə hal şahidi kimi qəfil peyda olan bu Dərgah Quliyevə gərək “Əməkdar şahid” adı verilsin. Adam sanki polis orqanlarının qarabaqara izləyir ki, harada polis kimin cibinə, maşınına, evinə narkotik, silah, daha hansı eybəcər bir maddəni atacaq ki, Dərgah da dərhal ona şahidlik etsin. Şahidi ifşa olunmuş, narkotikə heç bir aidiyyəti olmayan Elvin kimi istedadlı gənci təhsildən ayırıb həbsxanada saxlamaq ölkənin hələ siyasi, hüquqi baxımdan deyil, mənəvi-əxlaqi baxımdan hansı faciəli vəziyyətdə olmasının aydın göstəricisidir”.