“1 saylı Bakı təcridxanasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının hüquqları pozulur”.
Bunu Azadlıq Radiosuna onun vəkili Nemət Kərimli bildirib.
İbtidai istintaqın başa çatması ilə əlaqədar F.Qəhrəmanlı cinayət işi materialları ilə tanış olub. Lakin vəkilin deməsinə görə, Fuad Qərhəmanlıya təqdim etdiyi işin surətini təcridxana əməkdaşları götürüblər. Nemət Kərimlinin fikrincə, bu, qarşıdakı məhkəmə zamanı müxalifətçinin effektiv müdafiə hüquqlarının pozulması deməkdir.
Fuad Qəhrəmanlı «facebook» səhifəsində yazdığı statuslara görə, ötən il dekabrın 8-də həbs olunub. Nardaran hadisələri ilə bağlı çağırışlar etməkdə təqsirləndirilən siyasətçiyə Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb.
Fuad Qəhrəmanlı ittihamları qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu bildirir.
Siyasətçinin həbs müddəti sonuncu dəfə mayın əvvəlində artırılmışdı.
Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar.
Ötən il noyabrın 26-da güc orqanları Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Həmin hadisələrdə 7 nəfər həlak olub.