1918-ci il sentyabrın 15-də Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun qoşunları və Azərbaycan korpusu Bakıya daxil oldu. Azərbaycan paytaxtı erməni-bolşevik işğalından azad edilməsinə görə onlara borcludur. Beləliklə, Azərbaycanın müstəqilliyi təmin olundu, onun erməni və bolşevik birləşmələri tərəfindən işğalına son qoyuldu. Bu, XX əsrdə ölkəmizin tarixinin ən şanlı səhifələrindən biridir.
Bu haqda çox yazılıb. Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar Fondunun layihəsi çərçivəsində yaxın vaxtlarda nəşr olunmuş “Qafqaz İslam Ordusu” (Dr. Mustafa Görüryılmaz. Türk Qafqaz İslam ordusu və ermənilər (1918)) kitabı da həmin hadisəyə həsr edilib.
Kitabda Qafqaz İslam Ordusunun formalaşması və Azərbaycanın bolşevik-daşnak silahlı dəstələrindən azad edilməsi uğrunda döyüşlər haqqında ətraflı məlumat verilir.
Türkiyə ordusu Şimali Qafqazda hərbi əməliyyatları davam etdirdiyi vaxtda Almaniya və Bolqarıstan cəbhələrində məğlubiyyətə uğradı. Osmanlı Dövlətinin müttəfiqləri məğlubiyyətlə barışıb, Antanta blokunun üzvü olan dövlətlərə müraciətlə sülh danışıqlarına başlamağı xahiş etdilər. Bu halda Türkiyə ordusu Qafqazda hərbi əməliyyatlarda zəruri üstünlüyə nail oldu. Müdafiə naziri və Baş komandanın müvəkkili Ənvər Paşa bu vəziyyəti möhkəmlətmək üçün Şərq Ordu Qrupunun Komandanlığına belə bir əmr göndərdi: “Azərbaycan və Şimali Qafqaz Respublikası ümidlərini yalnız özlərinin silahlı qüvvələrinə bağlamalı olacaqlar. Bu səbəbdən, Qafqazda qalacaq qoşunlar Azərbaycanın və Şimali Qafqaz Respublikasının silahlı qüvvələrini yaratmaq və möhkəmlətmək üçün artıq indidən onları silahlandırmalı və yenidən təşkil etməlidirlər.
Zabitlərlə birlikdə, başqaları da Azərbaycan vətəndaşları kimi orada qalsınlar və hətta hökumət geri çəkilmək barədə əmr versə də, onların orada qalmaları üçün hər cür hazırlıq görülsün”. (Dr.Mustafa Görüryılmaz. Türk Qafqaz İslam ordusu və ermənilər (1918), səh. 307-308). Bu əmrə əsasən bildirilirdi ki, 5-ci Qafqaz piyada diviziyası Azərbaycanda, piyada batalyonunun bir dəstəsi isə Dağıstanda qalacaq.
Azərbaycanlı sıravi əsgərlərlə möhkəmlədilmiş 5-ci Qafqaz diviziyası, Azərbaycanda üç diviziyadan ibarət korpus və Dağıstanda piyada batalyonundan yaradılmış diviziya Azərbaycanın və Şimali Qafqaz Respublikasının milli silahlı qüvvələri tərəfindən öz vətəndaşlarının müdafiəsini təmin etməli idilər.
Komandanlığın qərarına əsasən, Süleyman İzzət Bəyin komandir olduğu 15-ci piyada diviziyası Dağıstanı işğalçılardan azad etmək üçün Port-Petrovsk (Mahaçqala) istiqamətində hərəkət edirdi. Bu hadisə həm bütövlükdə ölkənin, həm də ayrı-ayrı insanların, o cümlədən bizim ailəmizin taleyində böyük rol oynadı.
Kitabda hadisələrin təsviri verilir və əlbəttə, bu əsas məsələdir. Ancaq hadisələri yaradan canlı insanlar idi ki, mən də belə insanlardan bir neçəsi haqqında danışmaq istəyirəm. Çünki zaman ötür, artıq o hadisələrin baş verməsindən bir əsrə yaxın keçir. Həyatın qanunudur: vaxt gələcək, hamımız dünyamızı dəyişəcəyik və bütün adlar unudulacaq…
* * *
Türk ordusunun əsgərlərinin heç də hamısı evlərinə qayıtmadı. Çoxları döyüş meydanında həlak oldu. İndi onların xatirəsi Şəhidlər xiyabanında əbədiləşdirilib. Amma o zaman burada qalanlar da oldu. Mənim onlardan üçü haqqında məlumatım var – Mehmet Ziya Şamxalzadə, Mahmud Bərbərzadə və Səlahəddin Müftizadə.
Mehmet Ziya – mənim ulu babamdır, bizim ailədə onu Baba deyə çağırırdılar. O, kadr zabiti idi, İstanbulda hərbi məktəb bitirmişdi. Mahmud əfəndi və Səlahəddin əfəndi isə onun dostları, demək olar ki, qardaşları idi.
Bakının, Şamaxının, Qubanın azad edilməsi uğrunda ölüm-dirim savaşı gedirdi. Daşnaklar məhv ediləndən və qovulandan sonra da döyüşlər səngimirdi.
Türk ordusu Port-Petrovsk (Mahaçqala) istiqamətində hücumu davam etdirirdi. Vətəndaş müharibəsi gedən bu bölgədə Denikinin azğınlaşmış dəstələri vəhşiliklər törədirdi.
* * *
Bizim ailədə bir sənəd qorunub saxlanırdı – Babanın partizan bileti. Xalam Fatma xanımda olan bu biletdə yazılmışdı ki, Baba alay komandiridir. Babanın səyi ilə yerli əhalidən yaradılmış və 2000 nəfərlik şəxsi heyəti olan bu alay Küri quberniyasının (bu inzibati əraziyə Ləzgi quberniyası da deyirdilər) Tabasaran mahalının komandanı general Umaşevə tabe idi.
Xalamın ölümündən sonra mən onun kiçik oğlundan xahiş etdim ki, Babanın partizan biletini mənə versin, çünki faktiki olaraq bizim ailəmizlə bağlı bütün əfsanələri və arxivləri qoruyub saxlayan mən idim. Amma xalaoğlum mənim bu xahişimi rədd etdi, dedi ki, bileti özü saxlayacaq.
Həmin sənədin taleyinə görə mənim bu qədər narahat olmağım səbəbsiz deyildi – axı o, Babanın Qafqazda fəaliyyətini sübut edən yeganə sənəd idi. Sonralar xalamın gəlini onun üçün heç bir maddi dəyər kəsb etməyən bu bileti sadəcə tullamış və yalandan demişdi ki, guya bileti mənə verib.
* * *
Gəlin, polkovnik Mehmet Ziya Şamxalzadənin taleyi haqda söhbətimizə qayıdaq. Bu, çox maraqlı əhvalatdır. Onun alayı Port-Petrovsk (Mahaçqala) yaxınlığındakı Tarki kəndində (Şamxal Tarkovskinin nəsil malikanəsində) yerləşirdi.
Bir dəfə Tarkidə toy idi. Əsgərlər də toya baxmağa gəlmişdilər. O vaxtlar bu, böyük hadisə idi. Toy sahibi varlı ailə idi. Çox güman ki, bu ailə bizim qohumlarımızdan olub, çünki mənim böyük nənəm – bütün Dağıstanda tanınmış Tarkovskilər nəslindən olan (bu soyad Tarki kəndinin adı ilə bağlıdır) gözəl Səlma xanım da toya gələn qonaqlar arasında olub. Səlma xanım qənirsiz gözəl imiş. At belində özünü göstərən igid Mehmet Ziya gözəl Səlma xanımı görəndə ilk baxışdan ona vurulur. Toydakı səs-küydə camaatın başının qarışmasından istifadə edərək əyilib, Səlma xanımın incə belindən tutub qaldırır, ata bir qamçı vurur və at yerindən götürülür!
Təbii ki, bu hadisəni görənlər haray salırlar: qızı qaçırtdılar! Sən demə, bu gözəl qadın bütün mahalda tanınmış, varlı bir kişinin arvadı, iki uşaq anası imiş. Qadının əri və onun yaxınları dərhal atları yəhərləyib, əllərinə tüfəng götürüb Mehmet Ziyanı təqib etməyə başlayırlar, amma artıq gec idi. “Qaçaqlar” oradan xeyli uzaqlaşmağa macal tapmışdı. Çaşıb qalmış ər öz arvadını arxadan güllə ilə vurmağı əmr edir: belə biabırçılıqdansa, ölüm yaxşıdır. Güllə Səlma xanımın qoluna dəyir. Beləliklə, o, al-qan içində, ağlaya-ağlaya, məchul bir taleyə doğru gedir.
* * *
Geriyə yol yox idi. Türk ordusu öz missiyasını bitirdikdən sonra Türkiyəyə qayıdır. Mehmet Ziya da arvadı ilə birlikdə Türkiyəyə, doğma Eskişehirə gedir və orada istefaya çıxır. Onların bir qız övladları dünyaya gəlir, amma tezliklə ölür.
Səlma xanım öz uşaqları və Vətən üçün darıxırdı, az sonra onlar Azərbaycana qayıdırlar. Onlar Dərbənddə məskən salırlar. Burada bir qızları doğulur, Mehmet Ziya ona öz anasının adını verir – Fatma. Sonra bir oğulları da doğulur, amma bu oğlan 3 yaşına çatanda ölür. O vaxt onlar artıq Bakıya köçmüşdülər.
Baba Bakıda indiki Milli Dram Teatrının yaxınlığında, keçmiş Poluxin küçəsinin arxasında yerləşən Bəy döngəsində (bu döngəyə Şah döngəsi də deyirdilər) mənzil almışdı. Tipik Bakı həyəti olan bu, həyətdə bir püstə ağacı vardı. Xalamın ürəyində vətən həsrəti baş qaldıranda bizi – uşaqları o həyətə aparırdı. Burada qonşu qadınlar onun başına toplaşır, öz uşaqlıq illərini və artıq dünyasını dəyişmiş doğmalarını yada salır, gah sevinir, gah da qəhərlənib ağlayırdılar.
* * *
Ulu nənəmin böyük sevgisi öz uşaqlarını – atalarının yanında qalmış iki qızını unutdura bilmədi. O hər gün ağlayırdı.
-Mən sənin göz yaşlarına dözə bilmirəm, Səlma, – Baba bir dəfə bu sözləri deyib yola çıxmağa hazırlaşmağı əmr etdi.
Soyuq payız günlərinin birində səhər tezdən fayton Tarki kəndinə yaxınlaşdı. Səlma xanım kəndlilərdən birini yanına çağırdı və qızlarına dayəlik edən qadını çağırmasını xahiş etdi, indi bu qadın Səlma xanımın qızları üçün ananı əvəz edirdi. Qadın, əlbəttə, gəldi. Səlma xanım uşaqları gətirməsini xahiş etdi – görüşmək istəyirəm, – deyə yalan söylədi. Dayə qızları gətirməkdən qəti surətdə imtina etdi və Səlma xanıma yalvardı ki, çıxıb getsin, əks halda Ağa onların hər ikisini öldürər, dedi. Səlma xanım inadından dönmədi, iki ayağını bir başmağa dirəyib, dayədən qızları gətirməsini xahiş etdi. Onda dayə ağlaya-ağlaya bildirdi ki, Səlma xanım qaçırılandan az sonra böyük qız soyuqdəymədən ölüb – o illərdə soyuqdəymədən ölmək adi hal idi. Nəhayət, dayənin ürəyi yumşaldı, təslim oldu və Səlma xanımın qızı Səfiyyə xanımın dalınca getdi. Ana ilə qızı qucaqlaşanda, artıq heç kim onları ayıra bilmədi. Faytonçu atları düz Dərbəndə qədər qovdu.
* * *
Səfiyyə xanım Bakıda böyüdü, Tibb İnstitutuna daxil oldu. 1936-cı ildə ali təhsilini başa vurdu. Bu, Tibb İnstitutunun ilk buraxılışı idi. Məndə onun venetkası – karton fotoşəkillərin toplandığı böyük qalın albom var. Fuad Əfəndiyev, Mustafa Topçubaşov Tibb İnstitutunun həmin buraxılışının məzunları olub. Başqalarını xatırlamıram.
Ancaq hər şey o qədər də sadə deyildi. Səfiyyə xanım birinci kursda oxuyanda instituta “donos” daxil oldu ki, o, “türk casusu”nun qızıdır. Səfiyyə xanım qorxuya düşdü. Onu həbs olunmaq və ən yaxşı halda sürgün edilmək cəzası gözləyirdi. Baba, necə deyərlər, kölgədə oturub gözləmədi. Rektorun qəbuluna getdi. O vaxt rektor Əziz Əliyev idi. Onun elmi istedadı və təşkilatçılıq qabiliyyəti haqqında çox yazılıb. Amma həmin şəraitdə Əziz Əliyevin bu hadisə ilə əlaqədar hərəkəti onun insanlığına və başqasının dərdinə şərik olmaq bacarığına dəlalət edir. Bu hadisəni araşdırmağı ona tapşırdılar. Və o, öz tələbəsini, sözün həqiqi mənasında məhv olmaq təhlükəsindən xilas etdi.
Elə həmin il Baba vəfat etdi. Onun 46 yaşı vardı. Ölümündən bir ay əvvəl Xalq Daxili İşlər Komissarlığından iki nəfər gəlmişdi. Onu bir həftə zindanda saxlayıb, “türk casusu” kimi istintaq etdilər. Xalam danışırdı ki, Babanı “casus” hesab etmələri onu çox sarsmışdı. Halbuki o, sovet hakimiyyətinin yeni quruculuq işlərində yaxından iştirak edirdi.
İndi belə söhbətlərlə heç kəsi təəccübləndirə bilməzsiniz, tarix hər şeyi yerbəyer edib. Amma o vaxt hər kəs üçün belə ittiham onun başına bir çəllək soyuq su tökülməsi kimi idi. Baba ilə “söhbət edəndən sonra” onu buraxdılar. Bir aydan sonra onun arxasınca yenidən gəldilər – bu dəfə həbs etmək üçün. Amma Baba artıq sağ deyildi. Nənəm “ölüm haqqında şəhadətnamə”ni göstərdi və onlar çıxıb getdilər.
Babanı qonşuları dəfn etdilər. O vaxt Səfiyyə xanımın 25, Fatma xanımın 14, mənim anamın isə 7 yaşı vardı. 3 il sonra onların anası da vəfat etdi. İslam adət-ənənələrinə görə, qadınları və xüsusən uşaqları qəbiristanlığa aparmırlar. Beləcə, onların qəbirləri itdi. Sonralar biz onların qəbirlərini tapmaq üçün dəfələrlə cəhd göstərdik, amma tapa bilmədik.
* * *
Mənim anam Səfiyyə xanımın qızıdır. Səfiyyə xanım uğursuz evlilik həyatından sonra bir yaşlı uşağı ilə bərabər anasının yanına qayıtdı. Baba onların hamısını övladlığa götürdü. Hamısı onun soyadını daşıyırdı – Şamxalzadələr, sonra – Şamxalovlar. Baba ögey qızlarını öz doğma qızından da çox sevirdi. Anam ömrünün sonuna qədər onu xoş sözlərlə yad edirdi. O, heyrətamiz dərəcədə xeyirxah və nəcib insan idi.
* * *
Babanın iki dostunun taleyi daha faciəvi oldu.
Səlahəddin əfəndini həbsə alıb Sibirə sürgün etdilər, ta Stalinin ölümünə qədər orada qaldı. Səlahəddin əfəndinin ev qulluqçusu Tatyana Yefimovna onun arxasınca Sibirə gedir. Orada onlar evlənir və həyatlarının sonuna qədər birlikdə yaşayırlar. Onların övladları yox idi.
* * *
“İttihad” hərbi təşkilatının işi üzrə istintaqı “1-ci Qafqaz Korpusunun Xüsusi bölməsinin işlərin hazırlanması üzrə müvəkkili” Spivak aparırdı. 27 mart 1922-ci il tarixli istintaq protokolunda S.Müftizadənin təqsiri qeyd edilir: “İrza Səfər Əliyev tez-tez hərbi komissarın keçmiş köməkçisi Müftizadə Səlahəddinin yanına gedirdi”. İrza Səfər Əliyev o vaxt artıq “İttihad” partiyasının üzvü kimi ittiham edilmişdi.
Bəraət alandan və sürgündən qayıdandan sonra onlara Bakıda, Puşkin küçəsində mənzil verdilər. Səlahəddin əfəndi Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda işləyirdi, elmlər namizədi idi. Bu, çox səmimi ailə idi. Tatyana Yefimovna ərinə ana öz uşağına baxdığı kimi baxırdı, ərinin xatirinə türk dilini öyrənmişdi və onlar evdə türkcə danışırdılar. Evləri həmişə tərtəmiz, səliqəli olurdu. Bir də bunu xatırlayıram ki, onların çay süfrəsində həmişə müxtəlif bişmişlər olurdu. Xalam onlara qonaq gedəndə məni də özü ilə götürməyi xoşlayırdı. Mənim üçün bu, həmişə əlamətdar hadisə idi. Səlahəddin əfəndinin dostlarından biri ona türk musiqisi kasetləri gətirir, o da bizim gəlişimiz münasibətilə mütləq həmin kasetlərdən birini səsləndirirdi.
Bir dəfə Zəki Mürenə qulaq asırdıq. Ev sahibi kədərli halda susur, qadınlar isə sakitcə ağlayırdılar. Artıq 70-ci illərin əvvəli idi, heç kəsdən qorxmağa ehtiyac yox idi. Amma bu insanların çəkdiyi iztirablar öz izini qoymuşdu – Səlahəddin əfəndi həmişə çox susqun və kədərli olurdu.
Bütün Sovet İttifaqında bu və ya digər səbəblərə görə burada olan mühacir türklərin sayı çox deyildi. Yadımdadır, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin köməyi ilə İstanbul həbsxanasından qaçırılmış Süleyman Nuri adlı kəşfiyyatçı Moskvada vəfat etmişdi. Onu İstanbulda edam etməli idilər, amma o, Monte Kristo qrafı kimi qaçmış, onun yerinə bir ölü atmışdılar. Türkiyədə Süleyman Nurini ölmüş hesab edirdilər, amma o, Moskvada yaşayırdı və orada öz əcəli ilə öldü. Süleyman Nuri Bakıda, vətənə yaxın yerdə dəfn olunmasını vəsiyyət etmişdi.
Süleyman Nurinin dəfn mərasimi Səlahəddin əfəndinin evində təşkil edildi. Mərasimə bütün Sovet İttifaqından türklər gəlmişdi – Mahaçqaladan Şövkət əfəndi və xanımı; Bakıda yaşayan Sertel cütlüyü (sonradan onlar Qərbə köçüb getdilər). Mərhumun qızı –bolqar türkünə ərə getmiş Svetlana və onun kiçik qızı isə Sofiyadan gəlmişdilər.
Süleyman Nurinin külü yığılmış urnanı Bakı qəbiristanlığında basdırdılar. Orada türklərin öz sahəsi vardı. Sonradan Səlahəddinin özünü və Mahmudu da orada dəfn etdilər.
Həm Süleyman Nurinin, həm də sonradan Səlahəddin Müftizadənin özünün dəfnini xalamın böyük oğlu Ziya bəy təşkil etdi (ona Babanın adını vermişdilər). Dəfn mərasimi haqda elan verməyə icazə vermədilər, çünki Türkiyədə Süleyman Nurini çoxdan ölmüş hesab edirdilər.
* * *
Səlahəddin Həsən oğlu Müftizadə 1970-ci ildə vəfat etdi. Dəfn mərasimində onun cənazəsinin yanında anasının kiçik fotoşəklini qoymuşdular. Mən Səlahəddin əfəndinin pasportuna baxdım – orada yazılmışdı ki, o 1898-ci ildə Konstantinopolda doğulub.
* * *
Mahmud Həmid oğlu Bərbərzadənin taleyi daha faciəvi olub. O, Trabzonda anadan olub. Atası mətbəədə mürəttib idi. Mahmud Bərbərzadə 1920-ci ildə peşə-texniki məktəbini bitirdikdən sonra Xalq Maarif Komissarlığı onu təyinatla Zaqatalaya müəllim işləməyə göndərir. Sonrakı illərdə Mahmud Bərbərzadə Gəncədə inspektor-metodist işləmiş, daha sonra Qubada və Bakıda dərs demişdir.
1923-cü il sentyabrın 19-da Mahmud əfəndi əksinqilabi təşkilatın iştirakçısı kimi ittiham edilərək həbs olunmuşdur.
Mahmud əfəndi həbs ediləndən sonra ailəsini evdən çıxartdılar. Onun üç uşağını (iki oğlan və bir qız) uşaq evinə verdilər, arvadı isə küçədə qaldı. Doğmalarından heç kəs “xalq düşməni”nin arvadına sığınacaq vermədi: hamı repressiyalardan qorxurdu. Mahmud əfəndi sürgün müddətinin yarısını Sibirdə, o biri yarısını Qazaxıstanda keçirdi. Sürgün yerində vəziyyəti nisbətən yaxşı idi. Burada o, təzə peşə öyrənməli oldu, çünki dərs deməyi ona qadağan etmişdilər (o müəllim idi). Bilirəm ki, orada Politexnik İnstitutunu bitirib ikinci ixtisas almışdı, əvvəlcə tikintidə, sonra isə mərkəzi univermağın axırıncı mərtəbəsində bir ofis vardı, orada işləyirdi.
Bəraət alandan sonra evə qayıdanda, oğlanları ilə məktublaşıb onlara qulaqlı xəz papaqlar göndərmiş, demişdi ki, vağzala, onu qarşılaşmağa gələndə həmin papaqları geyinsinlər. O, öz oğlanlarını həmin papaqlara görə tanıdı, axı onun burada olmadığı illər ərzində, oğlanları, əlbəttə, böyümüş və dəyişmişdilər.
Mahmud əfəndi ömrünün sonuna qədər doğma Trabzon üçün darıxırdı. Mülayimləşmə illərində o öz qardaşlarını tapmış və onlarla yazışmağa başlamışdı. Onlar bir neçə dəfə onu Türkiyəyə dəvət etmişdilər. Yadımdadır, qardaşlarının yanına getməyə hazırlaşanda çox sevinirdi, qardaşlarına qızıl qolbağlı saat, bütün qohumlarına hədiyyələr almışdı. Amma Vətənə gedə bilmədi. Sadəcə, onu oraya buraxmadılar. Buna görə, onun acı-acı ağlaması hələ də yadımdadır. Yaşlı insanın necə ağlamasını görmək çox ağırdır. Amma, quruluş əvvəlki kimi qalırdı və sovet dövləti Mahmud əfəndinin öz başına gələn bədbəxtliklər barədə xarici ölkədə danışacağından qorxurdu. Onun barəsində daha heç nə deyə bilmərəm – sadəcə, etik mülahizələrə görə.
1980-ci ildə Mahmud əfəndi vəfat etdi və həmyerliləri ilə eyni qəbiristanlıqda dəfn olundu.
* * *
Doğma Vətəni bir daha görmək qismət olmamış üç türk əsgərinin həyat tarixçəsi barədə bildiklərim burada sona çatdı.
Müəllif : S. Əliyeva
(Məqalə “Zerkalo” qəzetinin 30 mart, 2012-ci il tarixli sayından alınaraq tərcümə olunmuşdur)
Fotodakı şəxs Mehmet Ziya