Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədovla millət vəkili Zahid Oruc arasında münasibətlər həddindən artıq gərgin səviyyəyə yüksəlib.
Buna səbəb millət vəkili Zahid Orucun Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı referenduma münasibət bildiriməsi olub. O bildirib ki Avropa İttifaqının dağıldığı bir vaxtda “tax free “ sisteminə keçmək düzgün deyil, ehtiyatlı olmaq lazımdır”.
Bundan sonra spiker O. Əsədovla millət vəkili arasında gərgin dialoq yaşanıb.
“Sən danışdın, mən qulaq asdım, indi qoy mən izah edim, sən qulaq as. Bununla Azərbaycanda ticarət dövriyyəsi artacaq. Turizm inkişaf edəcək. “Tax free”nin bura nə aidiyyəti var? Mən dedim ki, imkan verməyəcəm danışmağa, amma sən sözünü kəsmədin. Sən gündəlikdən danış. Hər dəfə temadan kənar danışırsan. Qulaq as, özünü qabiliyyətli apar. Danışdın səni də başa saldım. Başa düşmürsənsə, öz işindi. Sən artıq həddini aşırsan, özünü aparmağı bacarmırsan. Yerindən danışma. Bundan sonra səni yazılmağa da qoymayacam. Özünü aparmaq qabiliyyətin yoxdur. Mən sənin qabiliyyətini gördüm, çox belə səviyyəsiz”.
Z. Oruc isə yerindən danışmaq hüququ olduğunu və kimsənin bu haqqı onun əlindən almaq səlahiyyəti olmadığını qeyd edib.
***
“Neçə ildir Milli Məclisdə çalışırıq. Hər kəsə söz verilir, danışır və vaxtı bitir. Hər bir çıxışa reaksiya da ola bilər. Axı burada qızışmağa nə var?!”
Bunu Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsi YAP icra katibinin müavini Siyavuş Novruzov MM-in növbədənkənar sessiyasının sonuncu plenar iclasında deyib.
Komitə sədrinin sözlərinə görə, parlament sədri istənilən məsələyə müdaxilə etmək hüququna malikdir və edir: “Burada gərək etika qaydalarına riayət edək. Azərbaycanda mövcud adət ənənə böyük-kiçik məsələsi var. Milli Məclisdəki əvvəlki vəziyyətləri görmüşük. Deyirsiz ki, həmin dövrə qayıdaq? Fikir bildirdin, bitdi. Hər kəs deyə bilməz ki, bu fikir düzdür. Hər kəsin öz fikri var. Bir-birimizə hörmətlə yanaşmalıyıq. Söz verildi danışırıq mikrafon söndüsə deməli söhbət bitdi. Yoxsa hər kəs yerdən bir söz desə onda bizim Milli Məclis hansı vəziyyətə qalar? Ona görə də gələcəkdə bu məsələni nəzərə almalıyıq”.
Milli Məclisin sədri Oqtay Əsədov isə parlamentin İntizam Komissiyasının sədri Ağacan Abiyevə müraciət edərək deputat Zahid Orucun etik-davranış qaydalarına düzgün riayət etmədiyinə görə komissiyaya dəvət edilməsini və məsələnin araşdırılmasını istəyib.
Xatırladaq ki, parlamentin növbədənkənar sessiyasının sonuncu iclasında MM sədri Oqtay Əsədovla millət vəkili Zahid Oruc arasında mübahisə düşüb. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı müzakirələrdə, millət vəkilinin çıxışı saxlanılıb, o isə buna etiraz edərək danışmaq istədiyini bildirib. Spiker ona irad tutaraq deyib ki, Z.Oruc hər dəfə mövzudan kənar məsələlərə toxunur. O.Əsədov deyib ki, bir daha ona söz verməyəcək: “Çünki Zahid, sən özünü düzgün aparmırsan. Sənin səviyyən yoxdur. Bunu da bu gün gördüm”.
Z.Oruc isə bildirib ki, sədrin “səviyyəsiz” sözünü işlətməsi düzgün deyil. (aznews.az)