Kemeron istefa verir, dünya fond və valyuta birjaları təlaş içində
Britaniyada keçirilən tarixi referundumun nəticələrinə görə, “Brexit” (Britaniyanın Avropa Birliyindən çıxması) tərəfdarları qələbə qazanıb. Səsvermənin rəsmi nəticələri bu gün səhər Mançester şəhərində – Mərkəzi Hesablama Komissiyası tərəfindən elan olunub.
Referendumun nəticələrinə görə, ölkə əhalisinin 52 faizi Britaniyanın Avropa Birliyindən (AB) çıxmasını dəstəkləyib. Əhalinin 48 faizi isə Britaniyanın AB-də qalması üçün səs verib. Seçici fəallığı 30 milyondan çox seçinin iştirakı ilə 72.01 faiz təşkil edib. Bu 1992-ildən bəri ən yüksək göstərici hesab olunur.
Maraqlıdır ki, ölkədə keçirilən son rəy sorğusu tam fərqli nəticəni – britaniyalıların əksəriyyətinin AB-ni tərk etmək fikrində olmadığını ortaya qoymuşdu.
Kemeron: “Britaniyanın yeni liderə ehtiyacı var”
Referendumun nəticələrinə münasibət bildirən Britaniya baş naziri Devid Kemeron vəzifədən gedəcəyini bəyan edib. Canlı yayımda çıxış edən baş nazir Britaniyanın yeni liderə ehtiyac olduğunu deyib: “Hələ də ölkəmizin Avropa Birliyində qalmasının daha məqsədyönlü olduğunu düşünürəm. Lakin Britaniya əhalisi bunu istəmədi. Bu, o deməkdir ki, onlar yeni idarə sistemi və təbii ki, yeni lider istəyirlər”. Baş nazir oktyabrda istefaya gedəcəyini bildirib.
Avropa Birliyi Şurasının sədri Donald Tusk referendumun nəticələrini şərh edərkən bu cür ssenariyə əvvəlcədən hazır olduqlarını bildirib. Tusk həmçinin gələn həftə qurumun sammiti çərçivəsində 27-lərlə qeyri-rəsmi müzakirə aparmaq barədə təklif verdiyini deyib. Britaniyalıların referendumda AB-dən çıxmaq barədə verdikləri qərarı tarixi an adlandıran Tusk bununla bağlı sərt reaksiyadan imtina etməyə çağırıb.
Avropa Parlamentindən açıqlama
Avropa Parlamentinin prezidenti Martin Şults nəticəyə hörmət etdiklərini deyib: “Britaniyanın öz yolu ilə gedəcəyi aydındır. Indi ciddi və məsuliyyətli hərəkət etmək vaxtıdır. David Kemeronun ölkəsi qarşısında, bizim də Avropa Birliyi qarşısında öhdəliklərimiz var. Görürsünüz ki, bazarlarda sterlinqin başına nə gəlir. Mən eyni şeyin avro ilə baş verməsini istəmirəm”.
Niderland Azadlıq Partiyası lideri Geert Vilders isə məsələyə belə qiymət verib: “Urra, britaniyalılar üçün! Indi isə növbə bizimdir. Niderlandda referendumun vaxtı gəlib!”.
AB liderləri birgə bəyanat yaydı
Avropa Birliyi liderləri Böyük Britaniyada keçirilən referendumla bağlı birgə bəyanat yayıblar. Bəyanat qurumun rəsmi saytında yerləşdirilib. AB Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının sədri Can-Klod Yunker, Avropa Parlamentinin sədri Martin Şults və AB-yə sədrlik edən ölkə qismində Hollandiyanın baş naziri Mark Ryütte tərəfindən imzalanan birgə bəyanatda Böyük Britaniya hökumətinə referendumun nəticəsini tez bir zamanda reallaşdırmaq çağırışı yer alıb: “Azad və demokratik şəkildə Britaniya xalqı öz qərarını verdi. Biz buna təəssüf etsək də, hörmətlə yanaşırıq. 27 ölkə olaraq fəaliyyətimizi davam etdirəcəyik. Nə qədər ağrılı proses olsa da, biz Birləşmiş Krallıq hökumətini mümkün qədər tez bu qərarı həyata keçirməyə çağırırıq. Istənilən təxirəsalınma qeyri-müəyyənliyi uzada bilər. Biz Britaniya hökuməti ilə onun Avropa Birliyindən çıxmasının şərt və tələbləri barədə təcili danışıqlara başlamağa hazırıq. Bu proses bitənə kimi Birləşmiş Krallıq bütün öhdəlik və hüquqları ilə qurumun tamhüquqlu üzvüdür. Biz Birləşmiş Krallığın gələcəkdə Avropa Birliyinin ən yaxın tərəfdaşı olacağına ümid edirik”.
Obama və Ollanddan operativ reaksiya
ABŞ prezidenti Barak Obamadan da Britaniyadakı referundumun nəticələrinə operativ reaksiya gəlib. Obama Vaşinqton və Londonun müttəfiq kimi qalmaqda davam edəcəyini bildirib: “Britaniya xalqı öz sözünü deyib və biz onların qərarına hörmətlə yanaşırıq. Biz sabitliyi, iqtisadi yüksəlişi, habelə qitə hüdudlarında və ondan kənarda demokratik ideyaların və dəyərlərin sürətlə yayılması üçün çox şey edən Avropa Birliyi ilə də münasibətlərimizi olduğu kimi saxlayacayıq. Birləşmiş Krallığın NATO-dakı üzvlüyü həyatı əhəmiyyət daşıyır, siyasətdə, təhlükəsizlik sferasında, eləcə də ABŞ-ın xarici siyasətində xüsusi rol oynayır”.
Fransa prezidenti Fransua Olland isə səsvermənin nəticələrinin Avropa üçün ağır sınaq adlandırıb: “Avropa əvvəlki kimi yaşaya bilməyəcək. Belə şəraitdə gücünü və möhkəmliyini nümayiş etdirməlidir. Ekstremistlər və populistlər tərəfindən böyük təhdid var. Unutmayaq ki, Avropa təkcə nəhəng bazar yox, həm də qüdrətli ideyadır”.
Referundum gözlənildiyi kimi, dünya birjalarına da təsirsiz ötüşməyib. Dünən hərracların səhər sessiyası zamanı, dolların məzənnəsi müəyyən məqamda 99 yenədək aşağı düşüb. Belə bir göstərici sonuncu dəfə 2 il 7 ay bundan əvvəl qeydə alınıb. Referendumun nəticələrini gözləyən investorlar daha etibarlı valyutaya pul yatırmaq qərarına gəliblər. Tokio Fond Birjasında da Britaniyada keçirilən referendum fonunda əsas göstəricilərin aşağı düşməsi qeydə alınıb.
Britaniya funt sterlinqi 30 ilin minimumuna enib
Iyunun 24-də keçirilən hərracda Britaniya funt sterlinqinin məzənnəsi dollara nisbətdə sürətlə ucuzlaşaraq 1985-ci ildən bəri ən aşağı səviyyəyə enib. Belə ki, 8,2 faiz dəyər itirən funt sterlinq 1,4874 dollardan 1,3646 dollaradək ucuzlaşıb.
Ekspertlər və Birləşmiş Krallığın aparıcı iş adamları iyunun 23-də keçirilən referendumda “Brexit” tərəfdarlarının qalib gələcəyi təqdirdə ölkə iqtisadiyyatının və funt sterlinqin mənfi təsirə məruz qalacağı barədə xəbərdarlıq etmişdilər.
Tokioda yerləşən “Sumitomo Mitsui Trust Bank”ın strateqi Ayako Seranın sözlərinə görə, bir gün əvvəlki nikbin əhval-ruhiyyədən sonra dünən bazarlar təlaş içində açılıb. Insanlar əllərində olan funt sterlinqi və onunla bağlı hər bir şeyi satmağa çalışır(azərtac). Məlumata görə, Britaniya “Brexit”ə görə 125 milyard itirib.
Media “od püskürür”: “Britaniyanı dağıdan baş nazir”
Referundumun nəticələrindən Britaniyanın, eləcə də dünyanın aparıcı KIV-ləri də şoka düşüb. Öz oxucularını AB-dən çıxmağın əleyhinə səsləmiş “Independent” qəzeti nəticələr elan olunandan sonra baş nazir Kemeronu sərt tənqid edib. Qəzet onu Britaniyanı dağıdan və son yüz illiklərin ən pis baş naziri adlandırıb.
“Guardian” qəzeti isə referendumu belə xarakterizə edib: “Axmaq bir suala axmaq bir cavab verilib. Bu, demokratiyadır. Rəhbərlik də bu cürdür. Britaniya referendumun nəticəsindən şoka düşüb. Bu, Şotlandiyanın müstəqillik fəaliyyətini bir qədər də sürətləndirə bilər. Əhalisinin böyük əksəriyyəti Avropa Birliyində qalmağa səs verən London qurbana çevrilib. Referendumdan sonra bu şəhərin ölkənin qalan hissəsindən qopmuş cırtdan dövlət olduğu məlum olub. Londonun mənəvi ruhuna və firavanlığına ciddi zərbə vurulub. Paytaxt həddən artıq böyük, həddən artıq kök, həddən artıq varlı olub.
Britaniya qəzetləri, həmçinin səsvermənin ölkənin parçalanması faktını göstərdiyini qeyd edir. “Qısaca: iki millət biri-birinə siyası uçurum arxasından baxır”, – deyə Böyük Britaniyanın AB-dən çıxmasını dəstəkləyən “Spectator” qəzetinin müxbiri Ceyms Bartolomyu yazır.
Baş nazir postuna yeni namizəd haqda fikir yürüdən “Independent” və “Telegraph” qəzetləri “Downing Street, 10” ünvanının açarlarının Londonun keçmiş meri, “Brexit”in qızğın tərəfdarı Boris Consona qismət olacağında həmfikirdirlər.
Növbə kimindir?
“Washington Post” qəzeti “Brexit”in amerikalılar üçün 3 mümkün neqativ nəticələrinin yer aldığı məqalə dərc edib. Məqalədə deyilir ki, əsasən ipoteka üzrə ödəmələrin məbləğı arta bilər, Avropa bazarlarında baş verə biləcək ümumi maliyyə qeyri-sabitliyi amerikalıların təqaüdlərinə təsir edə bilər. Həmçinin Britaniyanın AB-dən çıxması amerikalıların yay səyahətlərinə zərər vura bilər: “Amerikalılar Britaniyada başqa vətəndaşlarla müqayisədə ən çox vəsait xərcləyən turistlər idi – təxminən 4,5 min dollar”. Nəşrin fikrincə, Britaniyanın qurumudan çıxması AB-nin hökmranlığına və nüfuzuna son qoyub. O, həmçinin Fransa, Macarıstan, Isveç, Niderland, Danimarka və ya Yunanıstanın Avropa Birliyini növbəti tərk edəcək dövlətlər olacağı proqnozunu verib.
Referendumu “tarixi səsvermə” adlandıran “Wall Street Journal” qəzeti ilk növbədə plebisitin dünya bazarında qiymətli kağızlara təsirini vurğulayıb. Nəşr funt sterlinqin dollara nisbətdə ucuzlaşmasını qeyd edib : “31 ildə ən aşağı göstərici”.
Almaniyanın “Spiegel” qəzeti referendumun nəticəsini inanılmaz və ağlagəlməz adlandırıb. Nəşr səsvermənin nəinki AB-nin, eyni zamanda, Kemeron hökumətinin də əleyhinə olduğunu yazır.
Xorvatiyanın xarici işlər naziri Miro Kovaç deyib ki, Böyük Britaniyanın Avropa Birliyindən çıxması qurumun genişlənməsini yavaşlada bilər. Hazırda AB-yə daxil olmaq üçün yeni namizədlər Albaniya, Bosniya və Herseqovina, Kosovo, Makedoniya, Monteneqro və Serbiyadır. Bu ölkələr Avropa Birliyinə daxil olmaqla iqtisadi inkişaf əldə edəcəklərinə inanırlar.
Şotlandiya və Şimali Irlandiya Britaniyanın tərkibindən çıxır
Bu arada, Britaniyada keçirilən referendumun ilkin nəticələri elan ediləndən sonra Şotlandiya və Şimali Irlandiya Britaniyanın tərkibindən çıxmaq istədiklərini bəyan ediblər. Şotlandiyanın baş naziri Nikola Stercet bəyan edib ki, Şotlandiya gələcəyini AB üzvü kimi görür.
“Şotlandiya Avropa Birliyinin üzvü qalmaq üçün səs verib”, – deyə o qeyd edib. Bir müddət əvvəl Stercet bildirmişdi ki, “Brexit” Şotlandiyanın müstəqilliyi üçün təkan ola bilər.
Şimali Irlandiya da “Brexit”ə qarşı çıxıb. Seçicilərin 440 mini Britaniyanın AB tərkibində qalmasına, 349 mini isə çıxmasına səs verib. Irlandiya Millətçi Partiyası bəyan edib ki, Şimalı Irlandiyaya Irlandiya ilə birləşmək üçün referendumun keçirməyə icazə verilməlidir.