Iyunun 23-də Britaniyada tarixi referendum keçirilib. Britaniyalılar ölkələrinin Avropa Birliyində (AB) qalıb-qalmamasına səs veriblər. Sorğular göstərir ki, əhalinin 51%-i Avropa birliyində qalmağın, 49%-i isə qurumu tərk etməyin tərəfdarıdır. Bəzi sorğular isə bu göstəricinin müvafiq olara 55-45% olduğunu göstərib.
Səslərin hesablanması seçki məntəqələrinin bağlanmasının ardından – dünən yerli vaxtla saat 22:00-dan etibarən başlayıb. Referendumun rəsmi nəticələri bu gün səhər saatlarında mərkəzi qərargahın yerləşdiyi Mançesterdə elan olunacaq.
Britaniya baş naziri referendumda iştirak edərək “Brexit”in (Britaniyanın AB-dən çıxması) əleyhinə səs verib.
AB ilə münasibətlərə dair plebisitin təşkili ideyası məhz Kamerona məxsusdur. 2013-cü ildə parlament seçkilərinin təbliğat kampaniyasında siyasətçi bu mövzuda referendumun keçirilməsi barədə riskli vəd vermişdi.
Yaranmış vəziyyətdə təzadlı məqam ondan ibarətdir ki, Kameronun özü Avropa Birliyi ilə münasibətlərin kəsilməsinin əleyhinədir. Fevralın 18-19-da keçirilən Avropa sammitinin nəticəsi olaraq o, Brüssellə krallığın AB-də üzvlüyünün xüsusi şərtlərinə dair saziş imzalayıb. Bu saziş Britaniya parlamentinə daha artıq suverenlik, funt-sterlinqin müdafiəsini, həmçinin miqrasiya qanunvericiliyinin sərtləşdirilməsini ehtiva edir.
Baş nazirin fikrincə, AB-də üzvlüyə dair xüsusi şərtlər bu referendumda britaniyalı seçiciləri qurumdan çıxmağın əleyhinə səs verməyə inandıracaq.
Bu arada, Deniel Kreyq, Devid Bekhem, Coan Roulinq, Benedikt Kamberbaetç və Ceremi Klarkson kimi britaniyalı məşhurlar kütləvi şəkildə ölkələrinin Avropa Birliyində üzvlüyünü dəstəklədiyini bildiriblər.
Ingiltərə kraliçası II Yelizaveta isə ulu əcdadının kütlə qarşısında boynunun vurulmasından sonra ənənəyə uyğun olaraq siyasətə qarışmır.
Xatırladaq ki, bu, Birləşmiş Krallığın tarixində 3-cü belə səsvermədir. 1975-ci ildə britaniyalılar ölkələrinin Avropa Iqtisadi Cəmiyyətindəki üzvlüyünü dəstəkləmiş, 2011-ci ildə isə milli seçki sistemindəki dəyişiklikləri rədd etmişdilər.