Vahid Məhərrəmov: «Azərbaycanın kənd təsərrüfatı sahəsində əsas problemi keyfiyyətli məhsul istehsalı ilə bağlıdır»
Iyulun 19-dan 23-dək Isveçrənin Cenevrə şəhərində Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzvlüyü ilə bağlı danışıqların növbəti mərhələsinin keçirilməsi planlaşdırılır.
“Report”un məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.
“Azərbaycan üzrə işçi qrupunun iclası olacaq. Kənd təsərrüfatına daxili dəstək məsələləri üzrə çoxtərəfli danışıqlar olacaq və ola bilsin, üç və bəlkə daha çox təşkilat üzvü ilə danışıqlar aparılsın. Bizim artıq Rusiya, Səudiyyə Ərəbistanı və Norveçdən təklifimiz var. Bəlkə də danışıqlar aparmaq istəyinə düşəcək başqa ölkələr də oldu”, – deyə nazir müavini bildirib.
Məlumatlara görə, DTT-yə üzvlüklə bağlı Azərbaycanın qarşısında irəli sürülən şərtlərdən biri də kənd təsərrüfatına dəstəklə bağlıdır. Azərbaycan bu istiqamətdə üzərinə düşən öhdəliyi yerinə yetirəcəkmi?
Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, Dünya Ticarət Təşkilatına (DTT) üzvlüyünün təhlili göstərir ki, bu təşkilata qoşulan ölkələrin xarici iqtisadi inteqrasiyası güclənir, ixrac potensialı artır, yeni texnologiyanın əldə olunması və tətbiqi sayəsində ölkə daxilində rəqabətqabiliyyətli mal, məhsul istehsal etmək imkanı yaranır. Eyni zamanda haqsız rəqabət və inhisarçılıq sıxışdırılaraq aradan çıxarılır, mal və məhsulların qiymətləri stabil diapazonda dəyişir: “Əlbəttə inteqrasiya prosesi bir çox hallarda risklərlə, itkilərlə də müşahidə olunur. Lakin bütün hallarda risklərin qiymətləndirilməsi və idarə edilməsi potensial itkilərin minimuma endirilməsi hökumətin fəaliyyətindən aslıdır”.
Azərbaycanın kənd təsərrüfatı sahəsində əsas probleminin keyfiyyətli məhsul istehsalı ilə bağlı olduğunu deyən V.Məhərrəmov hesab edir ki, DTT-yə üz olarıqsa, o zaman Azərbaycan bazarına daha çox xaricdən mal-məhsul gətiriləcək: “DTT-yə üzvlüklə bağlı Azərbaycana qarşı irəli sürülən tələblər əsasən ərzaq mallarının keyfiyyəti, maarifləndirmə istiqamətində müəyyən layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Azərbaycan hələ bu təşkilata üzvlüklə bağlı mövqeyini qətiləşdirməyib. Bu istiqamətdə müxtəlif bəhanələr gətirilir”.
Xəyal