Statistikaya düşməyən cinayətlərin statistikası niyə unudulur?
YAP hakimiyyəti dövründə Azərbaycanın adının bütün parametrlər üzrə “qara siyahı”ya salındığı məlum faktdır. Azərbaycandakı korrupsiya, repressiya, seçki saxtakarlığı, söz azadlığının pozulması, monopoliya bütün dünyaya məlumdur və bunu faktlarla sübut edirlər.
Təbii ki, belə idarəçiliklə ölkənin kriminogen durumu da acınacaqlı olmalıdır və dünya mətbuatında zaman-zaman bu məqamlar da yer alır. Əlbəttə belə məqalələr Azərbaycan hökumətinin xoşuna gəlmir və müxtəlif arqumentlərlə özlərini sığortalamaq istəyirlər.
Daxili işlər naziri Ramil Usubov da dünya mətbuatında Azərbaycanda kriminogen vəziyyətin pis olduğu haqqında yazılan yazılara münasibət bildirib və yazılanların həqiqətə uyğun olmadığını sübut etməyə çalışıb. O qeyd edib ki, ölkəmizdəki siyası sabitlik göz önündədir. Xarici qonaqlar və yerli sakinlər də buna şahiddir. “Son 5 ilə Azərbaycanda hər 100 min nəfərə 254 cinayət düşürsə, Avropada hər 100 min nəfərə 2-3 dəfə bundan çox cinayət işi düşür. Bu statistikanın özü açıq-aydın hər şeyi göstərir. Bizim ölkə haqqında haqsız mülahizələr söyləmək özü, əlbəttə ki, ədalətsizlikdir”,- deyə daxili işlər naziri Ramil Usubov bildirib.
Ümumiyyətlə, hökumətin əsas arqumenti həmişə sabitliklə bağlı olub. Cəmiyyətə qəbul etdirməyə çalışıblar ki, sabitlik naminə oğurluğa, korrupsiyaya, ədalətsizliyə, səfalətə, saxtakarlığa dözmək lazımdır.
Amma Azərbaycanda baş verənlər Ramil Usubovun optimist yanaşmasını təkzib edir. Əvvəla, bu ölkədə DIN-in yüksək vəzifəli şəxsinin quldur dəstəsi yaratması nümunəsi var. Bu ölkədə MTN-ə rəhbərlik edən şəxsin cinayətkar şəbəkə yaratması, bu qurumun milli təhlükəyə çevrilməsi, generalların xüsusi həbsxana saxlaması, iş adamlarının şantaj edilərək var-yoxdan çıxarılması nümunəsi var. Yəni, dövlətin ən strateji postlarında cinayətkarlıq şəbəkəsi yaradılıbmış. Əminliklə demək olar ki, digər qurumlarda da obyektiv araşdırma aparılsa saysız-hesabsız cinayətlərlə qarşılaşarıq.
Ikincisi, nazirin diqqətinə çatdırmaq istəyirik ki, seçkini saxtalaşdırmaq, mandat satmaq, büdcəni talan etmək, vicdanlı adamları şərləyərək həbsə atmaq, qanunsuz hökm çıxarmaq, məmurların inhisarçılığı, qeyri-qanuni rüsumlar, süründürməçilik, yalançı vergi cərimələri də cinayət sayılır. Bu ölkədə jurnalisti, generalı, yazıçını asanlıqla öldürə bilirlərsə, Universitetə daxil olub 13 nəfəri qətlə yetirə bilirlərsə, deməli heç bir sabitlikdən danışmaq olmaz. Bu ölkədə atəşkəs dövründə 2000-dən artıq hərbçi həlak olubsa, təkcə bir il ərzində 600-dən artıq vətəndaş intihar edibsə sabitliklə öyünmək absurddur.
Ümumiyyətlə, bu ölkədə 100 min nəfərə düşən cinayət sayını hesablamağa ehtiyac yoxdur. Azrbaycan reallığında statistikanın nə önəmi var ki? 10 nəfər cinayətkarı həbs edib, 8-ni pul müqabilində buraxırlarsa, iri korrupsionerlər, yüksək məbləğdə rüşvət alanlar azadlıqda rahat gəzirlərsə, rəsmi statistikada cinayət sayı az göstəriləcək.
Amma bütün bunlarla yanaşı hər gün xəbər tutduğumuz cinayətlər var ki, bunu da danmaq mümkün olmur. Təkcə telekanallarda göstərilənlərə istinad etsək, ərin arvadını öldürməsi, qonşunun qonşunu öldürməsi, zorlanma, dələduzluq, oğurluq, narkotik alveri kimi cinayətlərin şahidi oluruq. Elə gün olmur ki, kriminal xəbərlərdə yeni cinayətlər haqqında eşitməyək.
Nəhayət, balaca bir ölkədə 24000 nəfər məhbusun oması ölkədəki real vəziyyəti aydın göstərir. Beləliklə, ən yüksək səviyyədə də, ən aşağı səviyyədə də cinayət bolluğu var. Milyonları oğurlayanlar azadlıqda gəzir, manatları oğurlayanlar da pul müqabilində azadlığa çıxa bilir. Belə olan halda statistikaya yetim-yesirin cinayətləri düşür ki, bu da cinayətin real həcmini göstərmir.
Akif